Mehman Qaraxanoğlu. Metamorfoza
*
Dəlisən - deyirlər.
Bəlkə də dəliyəm.
...Sobayla kəlmə kəsmədən
Oturub tüstünü gözləyir baca.
Sükuta daş atır çıqqıltılar.
Ürək var ikən nəyə gərək bu saat?
"Mərhəm" sözünün yazılışına baxdım lüğətdə.
Bu varolmalar, bu yoxolmalar
Özündən betər bir heçliyə üz tutub gedirlər.
Sol çiynindəki düyün cərrah bıçağına təşnə
Sevgilim öpdü.
Fikrimdən daşındım - deyəsən.
Uzanıb tavana baxıram...
Ötən həftə şəhadət barmağını
Gözümün önündə oynatdı sinir həkimi.
"Taledir" - dedim.
"Nə tale, insanın əlindədir hər şey".
İstədim ki, deyəm:
"Cənab həkim, öz nədi, əl nədi?"
İlahi bir "öz"dən özəkdən
Qopub gələn bu "öz"lər
Mənsubiyyət şəkilçisi qəbul edərək
Qayıdış əvəzliyi olursa,
İnsan əli neyləsin buna?
... Toya gedərsənmi - sordu sevgilim.
- Yox.
Sərbəst olacağam - dedi.
Ürəyimdə: "Mən də" - dedim
Və ağladım.
Neyləsin buna insan əli...
Göylər pıçıldadı:
Bəsdi, ay dəli...
"Sənin nəğmələrin" kitabından, 2006
Hiç yorum yok:
Yorum Gönder