Həmin gün müəllim iclası gec bitdi. Tibb bacısı da
iclasda iştirak edirdi. Siz, qızlar, yaxşı ki, Manami ilə qalmağa razı olmuşdunuz.
Amma Manami tibb otağında deyildi. Əvvəl elə bildim ki, başqa qızlarla hardasa
oynayır, məktəbin geyim otağına, ayaqyoluna baxdım. Manami heç yerdə yoxdu.
Qızlarla rastlaşdım, onlar dedilər ki, Manami tibb otağında olmayıb, qızlar da
elə bilib ki, o, məktəbə gəlməyib. Birlikdə qızımı axtarmağa başladıq. Dərslər
qurtarmışdı, amma məktəbdə xeyli adam vardı, hamı uşağı axtarırdı.
Manamini Hosino tapdı. O, beysbol klubunda məşqini
bitirib gəlirdi, xatırladı ki, Manami bəzən məktəbin hovuzu yanında olurdı.
Qapı zəncirli qıfılla bağlı idi, ona görə biz hasardan aşdıq, amma uşaq qapı
arasından keçə bilərdi. Üzgüçülük komandası məşqini çoxdan bitirmişdi,
hovuzdakı su qara və çirkli idi, hovuzu ilboyu boşaltmırdılar ki, yanğın vaxtı
sudan istifadə edilsin.
Manaminin bədəni qara suda üzürdü. Onu dərhal
hovuzdan çıxardıq, amma bədəni tamam soyumuşdu, balaca ürəyi çoxdan susmuşdu.
Amma mən dayanmadan ürək masajını edərək, qızımı
çağırırdım. Uşağın cəsədini tapdığına görə şok yaşayan Hosino kömək dalınca
qaçdı. Manamini xəstəxanaya apardılar və məlum oldu ki, o boğulub. Heç bir zədəni
aşkar etməyən polis bu qənaətə gəldi ki, bədbəxt hadisə baş verib, qızım hovuza
düşərək boğulub.
Manamini tapanda hava qaralmışdı, amma aydın
xatırlayram ki, Takenaka xanımın iti Muka hovuzun hasarı yanında sakitcə
dayanmışdı. Hasarın dibində polis çörək qırıntıları tapdı, Manami iti yemləmişdi.
Siz qızımı dəfələrlə hovuzun yanında görmüsünüz. Düşünürəm, qızım hər həftə
Mukanı yemləyirdi. Takenaka xanım xəstəxanada olduğu müddətdə qonşular itə
qulluq edirdilər, amma Manami bunu bilmirdi. Qızım əmin idi ki, o olmasa, Muka
acından ölər! Ona görə gizlicə tibb otağından çıxıb hovuzun yanına gələrdi. Mən
bunu bilmirdim. Manami, bəlkə də, qorxurdu ki, onu danlayaram, ona görə mənə yalan
deyirdi, deyirdi ki, guya qızlarla oynayır. Əgər mən bunu bilsəydim! Əgər
qızıma düzgün suallar versəydim! Manami hovuzun yanında olmazdı!
Qızım ona görə tələf oldu ki, mən ona pis baxırdım.
Çox təəssüflənirəm ki, hadisə məktəbin ərazisində baş verib və sizin hər
birinizə təsir göstərib. Bir ay keçib ki, qızım yoxdur, amma mən hər səhər ümid
edirəm ki, Manamini yanımda mışıl-mışıl yatan görəcəm. Bir yataqda elə yatırdıq
ki, bir-birimizi bədənimizlə duyaq. Bəzən özümü zarafatyana uzaq tuturdum,
qızım da yaxınlaşıb bərk-bərk mənə qısılardı. Yalnız o zaman rahat yuxuya gedərdi. Hər səhər ağlayıram ki, bir daha əlim qızımın
yumşaq saçlarına, isti yanaqlarına toxunmayacaq...
Direktora bildirəndə ki, işdən çıxıram, səbəbini
soruşdu. Kitahara-san, siz düz deyirsiniz, məhz Manami ilə baş verənlərdən
sonra işdən çıxmaq istəyirəm. Başqa səbəb olsaydı, hansısa məktəbdə müəllimliyə
davam edərdim. Bəs niyə müəllimliyi tamam atıram?
Məsələ budur ki, Manaminin ölümü bədbəxt hadisə
deyildi.
Manami bu sinfin şagirdləri tərəfindən öldürülüb.