6 Mart 2024 Çarşamba

Tərcümələrimdən. Kanae Minato (Yaponiya). ETİRAFLAR (davamı)

 


Ertəsi gün sinfə gəldikdə, bir neçə oğlan fit çaldı, qızlar da lövhəyə baxıb gülürdülər. Lövhədə təbaşirlə ürək şəkli çəkilmişdi, içində mənim və Süyanın adı yazılmışdı. Gözlərimi endirib sakitcə yerimə keçdim. Partamın üstündə də markerlə ürək şəkli çəkilmişdi.

-         Sabahın xeyir, Midzuho! – Ayako əlindəki telefonu yellədərək, qışqırdı. Ona fikir vermədən əyləşib kitabı açdım, oxumağa başladım.

Süya peyda olanda, onu da gülüşlə qarşıladılar. O, lövhəyə qısa nəzər salıb çantasını partaya qoydu və hamıdan bərk fit çalan Takaxiroya yaxınlaşdı.

-               -     Nədi, qatil, deməyə nə sözün var? – Takaxiro saymazyana gülümsəyərək soruşdu.

Süya cavab vermədi. Əlini uzadıb dırnağının ucu ilə Taxakironun üzündə bir cızıq açdı, bu qırmızı xətt bütün işgəncələrə son qoydu. Cızıq Süyanın qanı ilə çəkilmişdi. Oğlanlardan bir neçəsi qışqırdı, sonra sakitlik çökdü.

-         Midzukini tutan sən idin? Onun qarşısında yaltaqlanırdın? – Süya Ayakonu göstərdi. Sonra o, Ayakoya yaxınlaşıb yaralı barmağını yuxarı qaldırdı. Qan onun biləyinə qədər axmışdı. Ayako qorxub əlləri ilə üzünü qapadı, amma Süya qanlı əlini onun parta üzərindəki telefonuna toxundurdu. Ayako qışqırdı.

-         Qorxaq! - Süya dedi. – Özün çirkli işləri görmürsən, başqalarına etdirirsən? O qədər avamsan ki, anlamırsan ki, səndən sui-istifadə edirlər?

Sonra Süya Yusukenin partasına yaxınlaşdı. Yusuke baş verənləri səssizcə izləyirdi.

-               -      Sən də bu gic qızı mənə yönəltdin, cırnatdın onu? – Süya soruşdu.

Bu sözlərdən sonra Süya əyilib Yusukenin dodaqlarından öpdü. Bütün sinif nəfəsini qısdı. Yusuke, idmançı oğlan, birdən-birə ağardı.

-         Nədi, xoşuna gəldi? – Süya təbəssümlə dedi. – Cəza vermək? Siz ədalət qurumu deyilsiniz! Bilirdiniz ki, Moriqutinin qızı hovuza tərəf gedib. Vaxtında hər şeyi danışsaydınız, qız tələf olmazdı! Hamınız günahkarsız! Elə bilirsiniz, məni cəzalandırmaqla günahlarınızı yuyursunuz? Nə oldu? Siz əsil riyakarsınız! Əgər bu şəkildə davam etsəniz, gələn dəfə hər birinizi, dilimi ağzınıza salaraq, öpəcəm!

O vaxtdan Süyadan hamı əl çəkdi.

***

Süya ilə hər gün köhnə evdə görüşürdük. Valideynlərimə deyirdim ki, rəfiqələrimlə dərs oxuyuram, mən yaxşı şagird olduğuma görə, evə gec gəlsəm də, məni danlamırdılar. Süyanın atası yenidən evlənmişdi, evdə daha bir uşaq vardı, Süya dərslərini nənəsinin evində edirdi, valideynlərinin  heç nə vecinə deyildi, onlar Süyanın həftələrlə evə gəlmədiyini duymurdular.

Evin dərinliyində laboratoriya yerləşirdi. Süya dərsləri ilə maraqlanmırdı, əvəzində qol saatını xatırladan yeni ixtirası ilə məşğul idi. Nə qədər desəm də, ixtirası haqqında mənə heç nə söyləmirdi. Mən uzaqdan Süyanı iş başında müşahidə etməyi sevirdim. İyul ayının ortalarında  Süya işini bitirdi və sirrini açdı. Süya  “yalan detektorunu” ixtira etmişdi. O izah etdi ki, qurğunun kəmərinə bərkidilmiş cihaz insanın nəbzindəki dəyişikləri duyur. Bu zaman lampa yanır və səs eşidilir.

-               -     Gəl baxaq.

Saatı qoluma taxdım, bir an düşündüm ki, məni cərəyan vurarmı?

-               -     Cərəyan vurmasından qorxursan? – Süya soruşdu.

-               -     Yox, qorxmuram.

Bipp... bipp... detektorun siferblatı işıqlandı, zəngli saata oxşayırdı.

-               -     Əla! İşləyir!

-         Əla! – təkrar etdim. Həqiqətən, bu ixtira məni valeh etmişdi. Süya bir az çəkingən kimi oldu. Gülümsəyib, qolumdan tutdu və özünə sıxdı.

-               -     Həmişə istəmişəm ki, məni görsünlər, dəyər versinlər... O vaxt da bunu istəyirdim...

Deyəsən, Süya Manamidən danışırdı. İlk dəfə idi ki, o hadisəni dilə gətirirdi. Mən əlimi onun əlinin üzərinə qoydum.

-         Bilirsən, balaca uşaqlar həmişə ala-yarımçıq danışırlar. Böyüklər nə istədiklərini soruşana qədər.  Bir dəfə ölü pişik tapmışdım. Ooo..., əslində, onu mən öldürmüşdüm. Ooo, ola bilməz... Zarafat etmirəm, it-pişiyi öldürürdüm. Doğrudan? Sadəcə öldürmürəm. Bəs necə? “Ölüm maşını” ilə öldürürəm. Əcəb işdir! Müəllim, içində sürpriz var, açın. Midzuki, günahım nədir? Qatiləm? Mənə nə edəcəklər?

Süya ağlayırdı. Bilmirdim, nə deyim. Onu bərk-bərk qucaqladım. Qolumdakı detektor səs etməyə başladı, başqa səbəbə görə...

Evə ancaq səhərçağı qayıtdım.

***

Süyanı rahat  buraxdıqlarına görə ən çox sevinən Verter oldu. Süyanın üzündə yenidən təbəssüm vardı, onun yekun testi sinifdə ən yüksək bal toplamışdı. O zamana qədər hamı elə bilirdi ki, sinif nümayəndəsi Yusuke olacaq, amma artıq bəzi uşaqlar səslərini Süyaya vermək haqqında düşünürdülər. Sinifdəki ab-havanı duymayan Verter çox coşqulu idi. Hətta bir dəfə Verter Süyaya göz vurdu, Süya ingilis dili müəllimi ilə söhbət edirdi. Bunu görcək, ürəyim bulandı.

Verterin həll edə bilmədiyi  bir problem qalmışdı – Naoki. Əgər Naoki məktəbə gəlməsə, sinifdə qalacaqdı.

Moriquti-sensey, nəyisə bacarmadığını etiraf etmək, sizcə, çox mühümdürmü? Bilirəm, siz bizi təslim olmamağa öyrədirdiniz, amma düşünürəm ki, bəzən özündə bir cəsarət duyub zəifliyini etiraf etməlisən. Verter Naokini məktəbə gətizdirmək fikrindən gərək vaz keçəydi. Bu halı daha təcrübəli müəllimlərlə müzakirə etməliydi. Bəlkə də, təklif etməliydi ki, Naokini başqa sinfə keçirsinlər, ya nəsə başqa bir çıxış yolu olmalıydı...

Naokinin məktəbə gəlməməyinin səbəbi köhnə sinfində qalacaqdı.

Çevirdi: Sima Ənnağı


Hiç yorum yok:

Yorum Gönder