6 Mart 2024 Çarşamba

Tərcümələrimdən. Kanae Minato (Yaponiya). ETİRAFLAR (davamı)

II. Əzabkeş

İki ay əvvəl mən sizi, Moriquti-sensey, hər gün məktəbdə görürdüm, amma indi bilmirəm, sizinlə necə əlaqə saxlayım. Siz sinfimiz qarşısında etiraf etdiniz ki, qızınızın qatilləri olmuş iki şagirdin cəzasını qanuna həvalə edə bilməzsiniz, ona görə özünüz onlara cəza verəcəksiniz. Sonra da yox oldunuz. Düşünürəm, bu sizin tərəfdən çox məsuliyyətsiz hərəkətdir. Siz qalıb sonrakı hadisələri, günahkar uşaqların taleyini öyrənməliydiniz.

Siz yox olandan sonra sinifdə baş verənlərdən danışmaq istəyirəm. Sizə uzun-uzadı bir məktub yazdım, sonra anladım ki, onu oxumayacaqsınız. Sonra öyrəndim ki, bir jurnal tərəfindən həvəskar yazarlar üçün müsabiqə elan edilib, siz o jurnalı tənəffüslərdə müəllimlər otağında tez-tez oxuyardınız. Bu müsabiqələrdə adətən istedadlı yeniyetmələr qalib gəlir, mən də bəxtimi sınamaq istədim.

Bir az həyəcan keçirirəm ki, Sakuranomi-senseyin populyar olmuş aylıq köşəsini aprel ayından bəri çap etmirlər,  deməli, siz daha o jurnalı oxumursunuz. İndi məktubumu çap etsələr də, heç nə bilməyəcəksiniz. Amma yenə də cəhd edirəm.

Bunu ona görə etmirəm ki, köməyinizə ehtiyacım var. Sizə sadəcə bir sualım olacaq.

 ***

Başlamazdan əvvəl, soruşum: siz kiminsə əhvalının dəyişdiyini nə vaxtsa duymusunuzmu? İnanıram ki, insanların aurası onların yerləşdiyi yerin atmosferinə təsir göstərir – təravətli ya üfunətli, hərəkətli yaxud havasız... Mən belə şeylərə çox həssasam, ona görə insanlar arasında özümü narahat hiss edirəm. Bəzən hətta boğulurdum, havam çatmırdı.

Sinfimizdəki atmosferi bir sözlə izah etməli olsam, deyərdim ki, dərs ilinin əvvəlində atmosfer bir qədər “qəribə” idi.

***

Sizin Naoki və Süyaya etdiklərinizdən sonra Naoki daha məktəbə gəlmədi. Yeni dərs ilində onun partası boş qaldı. Süya isə dərsə gəlirdi. Hamı buna çox təəccüblənmişdi, heç kim onunla danışmırdı, hamı onu oğrun-oğrun süzərək, gizlicə pıçıldaşırdı. Süya heç nəyə fikir vermirdi, sinfə gəlib partası arxasında əyləşirdi və kitab oxuyurdu. Onun hərəkətlərində qəribə heç nə yoxdu – o, orta məktəbə keçdiyi gündən hər səhər bu cür edirdi. Bu da hamını qəzəbləndirirdi, Süya özünü elə aparırdı ki, sanki heç nə baş verməyib.

Hava gözəl idi, pəncərələr açıqdı, amma mən boğulurdum, sinfin havasında gərginlik duyulurdu. İlk dərsin zəngi çalındı, sinfə yeni sinif rəhbərimiz gəldi. Enerjili gənc kişi lövhədə adını yazdı: “Yosiki Terada”.

-         Məktəb vaxtından hamı mənə Verter (alman yazıçısı V.Götenin “Gənc Verterin iztirabları” kitabının qəhrəmanı – tərc.) deyir, siz də məni elə çağırın!

Müəllimi ləqəblə çağırmaq bizə qəribə gəldi, amma razılaşdıq.

-         Narahat olmayın, mən daha iztirab çəkmirəm, - müəllim təbəssümlə dedi, amma heç kim gülmədi.  – Ey, siz o kitabı oxumamısız? – Müəllim dodaqlarını büzdü və səhnədə oynayırmış kimi, qəribə pozda dayandı.

Onun “Yosiki” adında “düzgün, vergili” iyeroqlifi vardı, vergili sözü Verter sözünü xatırladırdı, hə, anladıq da. Amma heç kim gülmürdü. Doğrudanmı müəllim sinifdəki gərginliyi duymurdu?

-         Tamam unutdum! İndi dərsə gələnləri yoxlamalıyam. Naokinin anası dedi ki, oğlu xəstələnib, bu gün yoxdu. Qalanları dərsdədir?

Verter uşaqların siyahısını tez nəzərdən keçirib özü haqqında danışmağa başladı:

-         Məktəbdə pis oxuyurdum. Siqaret çəkirdim, sevmədiyim müəllimin maşınına ziyan vurmuşdum... Sonra əsil ustada rast gəldim! O elə bir müəllim idi ki, başı dərddə olan şagirdi üçün əlindən gələni edərdi, qiymətli məsləhət verərdi. Ha-ha-ha, mənə görə o, beş ingilis dərsini ötürmüşdü! – Müəllim güldü.

Heç kim onu dinləmirdi. Hamının fikri xəstələnmiş Naokidə idi. Sevinirdim ki, Naoki dərsə gəlməyə davam edəcək. Sinifdə hamı gözünü Süyaya dikmişdi, o da yaxşı şagird kimi gözünü müəllimdən çəkmirdi. Müəllim davam etdi:

-         Mən ilk dəfədir ki, sinif rəhbəri oluram. Odur ki, siz mənim ilk sinfimsiniz! Sizi unutmayacam. Sizin xasiyyətnamələrinizi oxumayacam, özüm sizi öyrənmək istəyirəm! Gəlin, ağ vərəqdən başlayaq! Məni özünüzə dost bilin, istədiyiniz vaxt məsləhət üçün müraciət edin, oldumu?

Əvvəl Verter, indi də dost...Ciddimi? Müəllim sarı təbaşirlə lövhədə iri hərflərlə yazdı:

ONE FOR ALL AND ALL FOR ONE!

Moriquti-sensey, bilmirəm, hər birimiz haqqında nə yazmısınız. Naoki və Süya haqqında yazdıqlarınızı isə ehtimal edirəm.

Verter o məlumatı oxusaydı, hər şey baş cür ola bilərdi.

***

Mayın ortalarına qədər sinifdə atmosfer sakit idi. Naoki hələ də dərsə gəlmirdi, hamı əvvəlki kimi Süyadan qaçırdı.

Biz Süyanı görməməzlikdə müəyyən uğur, əgər belə demək mümkündürsə, qazanmışdıq: ona qarşı nifrətimiz yoxdu, qəddar davranmırdıq, sadəcə o bizim üçün yoxdu! Eyni zamanda sinifdə artan gərginliyi də görmürdük.

Bir dəfə televizorda təhsil haqqında veriliş gedirdi. Orta məktəblərin birində qərara almışdılar ki, səhər bir saatı mütaliəyə həsr etsinlər, kitab oxumaq şagirdlərə kitaba sevgi aşılayır, həmçinin daha yaxşı dərs oxumasına kömək edirdi. Mən həmən an Süyanı xatırladım.

Ertəsi gün sinifdə kitabxana peyda oldu – Verter evdən xeyli kitab gətirmişdi.

-               -       Kitablar köhnədir, amma, gəlin, kitab oxumaqla həyatımızı zənginləşdirək!

Axmaqcasına səslənirdi, amma ideya pis görünmürdü. Sonra gördük Verter hansı kitabları gətirib. O zamana qədər biz müəllimə bir az alışmışdıq, qızlar onu bəyənirdi, çünki müəllim gənc və yaraşıqlı idi, amma bu hiss bir anda darmadağın oldu.

Verter sinfə Sakuronami-senseyin nəsihətamiz kitablarını gətirmişdi.

Verter gördü ki, kitabları bizdə maraq oyatmadı. Riyaziyyat dərsində, biz misal həll edərkən, Verter kitablardan birini götürüb ucadan oxumağa başladı:

-         “Mən heç vaxt dinlə maraqlanmamışam, amma dünyanı səyahət edərkən, özüm də bilmədən, İncili hər yerə aparırdım. Bir epizod: “Yüz qoyunu olan çoban var, qoyunlardan biri yolunu azsa, çoban doxsan doqquz qoyunu dağlarda qoyub, bir qoyunu axtarmağa gedərmi? Gedər. Və azmış qoyunu tapanda çox sevinər, bu qoyun azmayan doxsan doqquz qoyundan daha dəyərlidir”. Mənim üçün bu - əsil müəllimin təyini, meyarıdır”.

Verter kitabı bağladı və kilsədəki keşiş səsi ilə bizə müraciət etdi:

-               -         Gəlin, misallarla qurtaraq və Naoki haqqında ciddi danışaq.

Deyəsən, Verter Naokini yolunu azmış qoyun bilirdi. Biz riyaziyyat kitabını kənara qoyduq. Verter Naokinin xəstəliyindən danışdı:

-         Naokinin dərsə gəlmədiyinin səbəbi haqqında sizə yalan dedim. O boş-boşuna avaralanmır, sinfə gəlməyə cürəti çatmır, çünki nəsə ruhi pozuntusu var.

Verter Naokinin anasının sözlərini deyirdi.

-                  -        Yalanıma görə üzr istəyirəm.

Bu sözlərdən sonra Verterə acıdım. Naokinin həqiqətən hansısa ruhi xəstəliyi ola bilərdi, amma Verter bunun əsil səbəbini bilmirdi.  Moriquti-sensey, siz həqiqəti açandan sonra bizlərdən heç kim valideyninə və ya başqalarına heç nə etiraf etmədi. Siz gedəndən sonra bizim hamımızın telefonuna naməlum şəxsdən mesaj gəldi: Əgər sən A. və B.-nin nə etdiyini kiməsə desən, deməli, sən C.-sən.

Verter planı ilə bizi tanış etdi:

-                -       Gəlin, birgə elə edək ki, Naoki məktəbə qayıtsın!

Hamımız susduq. Hətta müəllimin hər zarafatına gülən Kenta susub oturmuşdu. Verter elə bildi ki, onun planıyla razıyıq, variantlar təklif etməyə başladı. Onu şagirdlərin fikri qətiyyən maraqlandırmırdı.

-               -       Bəlkə konspektlərin kopiyasını çıxaraq və hər həftə Naokiyə verək? Nə deyirsiniz?

Sinifdə narazılıq dalğası duyuldu.

-                 -       Niyə də olmasın, Rödzi? – Verter ən çox narazılığını bildirən şagirdə müraciət etdi.

-         Eeee... – gözünü qaldırmayan Rödzi cavab verdi, - bizim evimiz tamam başqa tərəfdədir...

Rödzi canını yaxşı qurtardı.

-         Onda belə edək. Siz növbə ilə kopiyaları hazırlayın, mən və Midzuki hər həftə onları Naokiyə aparaq.

Niyə mən? Çünki məni sinif nümayəndəsi seçmişdilər, üstəlik, Naokigil tərəfdə qalırdım. Narazılığımı bildirəndə, Verter soruşdu:

-                  -         Midzuki, niyə məni istəmirsən?

Bilmirəm, bu sual müəllimin ağlına haradan gəlmişdi.

-                   -       Midzuki, sənin ləqəbin varmı?

Nə dəxli var? Mən sinifdə yeganə şagird idim ki, müəllimə Verter demirdim. Cavab verdim ki, ləqəbim yoxdu və hamı məni adımla çağırır, amma Ayako qəfildən “Midzu-ho!” qışqırdı, bu ləqəbi mənə birinci sinifdə  vermişdilər.

-         Necə də gözəldir! Xoşum gəldi! Mən də səni Midzuho çağıracam. Qoy başqaları da bu ləqəbi işlətsin. Biz burda bir ailə kimiyik! Gəlin, dost olaq!

Bax beləcə, Verterin odlu-alovlu nitqindən sonra mən yenidən Midzuho oldum.

(ardı var)


Çevirdi: Sima Ənnağı

Hiç yorum yok:

Yorum Gönder