6 Mart 2024 Çarşamba

Tərcümələrimdən. Kanae Minato (Yaponiya). ETİRAFLAR (davamı)

 


Konspektləri Naokiyə may ayının sonlarından verməyə başladıq. Keçmişdə mən Naokigildə çox olmuşdum, mən balaca olanda, Naokinin bacısı mənə dayəlik edərdi.

Məni və Verteri qapıda Naokinin anası qarşıladı. Mən çoxdan onu görmürdüm, amma o əla görünürdü – şıq geyimi, makiyajı.

“Naoki kökələri çox sevir. Bir dəfə anası soğan doğramaqdan ağlayırdı, Naoki ona burun dəsmalı gətirmişdi! Xəttatlıq müsabiqəsində Naoki üçünçü yeri qazanıb!”

Uşaqlıqdan Naokiyə tərifləri eşidirdim: Naoki bunu etdi, onu etdi!

Elə bilirdim, konspektləri verib qayıdacağıq, amma Naokinin anası bizi içəri dəvət etdi, qonaq otağındakı divanda əyləşdik. Verter razı görünürdü, amma Naokinin anasında narazılıq hiss edilirdi.

Qonaq otağı mənə tanış idi. Uşaqlıqda biz burada loto və kart oynayardıq. Naokinin otağı ikinci mərtəbədə, qonaq otağının düz üstündə yerləşirdi. Gözümü tavana zilləyərək, düşünürdüm ki, görəsən, Naoki otağındadır?

Ana bizə çay verdi və Verterə dedi:

-         Naoki hələ əvvəlki müəlliməyə görə əzab çəkir. Hamı sizin kimi enerjili olsaydı, heç nə baş verməzdi...

Anladım ki, Naoki anasına sonuncu dərs günü haqqında heç nə deməyib, yoxsa anası sizin haqqınızda bu qədər sakit və yekəxana danışmazdı.

Deməli, Naoki anasına heç nə deməyib və təklikdə iztirab çəkir. Olanlardan xəbərsiz ana sizin dalınızca yaman danışırdı, qızınızın ölümü haqqında bir kəlmə də demədi! Yəqin, ana ağlına gətirmirdi ki, oğlunun bu işdə əli var.

Naoki aşağı enmədi. Deyəsən, anası bizi içəri dəvət etmişdi ki, ancaq şikayər etsin. Verter üzündəki axmaq ifadə ilə başını yellədirdi, sanki hər sözüylə razılaşırdı. Məncə, Verter ananı dinləmirdi.

-               -      Xahiş edirəm, Naokini mənə həvalə edin! – qadın, nəhayət, susanda,Verter dedi.

Yuxarıdan səs-küy eşidildi, deyəsən, Naoki deyiləni duymuşdu.

Lakin Naoki nə ertəsi gün, nə də sonralar məktəbə gəlmədi. Biz özümüzü elə aparırdıq ki, sanki heç nə baş verməyib, Süyanı da sanki görmürdük.

***

İyun ayının əvvəlində sinfə süd paketləri payladılar. Səhiyyə Nazirliyi “Orta məktəb şagirdlərinin orqanizmi üçün süd məhsullarının faydası” eksperimental proqramının nəticələrini dərc etmişdi. Bizim bələdiyyə də qərara gəldi ki, öz proqramını həyata keçirsin, dövlət məktəblərinə hər gün süd paylansın. Deyirdilər ki, süd içən şagirdlərin boyu daha uzun, sümükləri daha möhkəm olmuşdu. Məmurlar südün xeyrini reklam etsələr də, valideynlər deyirdilər ki, uşaqların südə allergiyası var, kiminsə orqanizmi laktozaya dözümsüzdü. Ona görə süd paketlərində daha ad yazılmırdı, istəməyən, südü içmirdi.

Həmin gün mən və Yusuke növbətçi idik. Biz sinfə süd paketlərini payladıqca, keçən ilin hadisələrini xatırlayırdıq, sinifdə gərginlik artırdı. Təsəvvür edirsiniz? Südü həvəslə içən yeganə adam müəllim Verter idi.

-         Hə, uşaqlar, süd faydalıdır! – Verter paketi son damlasına qədər içdi və əlində əzdi. Onunla təsadüfən göz-gözə gələn Yumi sakitcə mızıldandı: “Südü evə aparacam...”.

-         Əla fikirdir! Gücünü toplayarsan! – Verter güldü. Uşaqların hamısı süd paketlərini çantalarına qoydular.

Həmin gün Süya sinfi təmizləməli idi. O, döşəmə əsgisi ilə anbardan çıxanda, qəribə bir səs eşidildi. Şappp! Yusuke süd paketini Süyanın düz kürəyinə çırpdı, amma paket şappıltı ilə döşəməyə düşdü. Süd dağılıb Süyanın şalvarının ətəyini batırdı. Mən sinifdə əyləşib jurnal doldururdum, ona görə nə baş verdiyini əvvəl anlamadım. Sinifdə daha bir neçə uşaq vardı, hamı təəccüblə Yusukeyə baxırdı.

Bilmirəm, sinif yoldaşlarım Süya haqqında nə düşünürlər, amma kimsə Yusukenin hərəkəti kimi bir hərrəkətə cürət etməzdi. Cürət uyğun sözdürmü? İdmançı, sinfin lideri Yusuke, yəqin özünü bir qəhrəman sayırdı. O, hələ də yerində donub qalmış Süyaya dedi:

-               -      Ey! Heç vicdan əzabı çəkirsən?

Süya özünü elə göstərdi ki, sanki Yusukeni eşitmir, süddən islanmış şalvarını nəzərdən keçirdi, çantasını götürüb sakitcə çıxdı. Biz onun arxasınca baxdıq.

Süyanın cəzası beləcə başlandı.

***

Düşünürəm, Yusuke sizi çox bəyənirdi.

İndi anlayıram ki, siz həmişə hər şagirdi nəzərə alırdınız. Bizim hər uğurumuza sevinirdiniz: testlərdən yüksək bal, dərnəklərdə fəal iştirak... Hamı diqqət mərkəzində idi, alqışlanırdı.

Məni də bir neçə dəfə alqışlamışdılar. Sinif nümayəndəsini adətən heç kim sevmir, amma məni yaxşı işimə görə tərifləyirdiniz və sinif bunu görürdü.

Verter heç vaxt belə etmirdi. O, liderlik dəlisiydi, sevdiyi mahnının sözlərini daim deyirdi: “Only one! Number one!”

-         Mən yalnız yaxşı şagirləri mükafatlandırmıram. Mən çalışan hər kəsə rəğbət bəsləyirəm! Mən hamıya eyni cür yanaşan müəllimlərdənəm!

May ayının əvvəlində beysbol komandamız özəl məktəbin komandasına qalib gəldi. Bu haqda yerli qəzetdə fotolarımızla bir məqalə çıxdı. Fotonun mərkəzində matçın qəhrəmanı Yusuke dayanmışdı. Oyundan sonra onu ən dəyərli oyunçu adlandırdılar, müsahibəsini aldılar. Sinifdə hamı sevinirdi. İlk dəfə idi ki, sinifdə atmosfer sevinclə doluydu. Amma Verter hər şeyi pozdu.

“Deməli, Yusuke əla oynadı! Amma məgər o, meydançada tək idi? Beysbol komanda oyunudur. Ən istedadlı idmançı təkbaşına qələbə qazanmaz! Gəlin, bütün komandanı təbrik edək!".

Verter Yusukeni tərifləyəndən sonra bunları deyə bilərdi. Amma demədi.

Siz, Moriquti-sensey, yəqin belə edərdiniz, Yusukeni tərifləyib, komandaya minnətdar olardınız. Hamı komandanı alqışlayardı.

Şagirdlər gördülər ki, Verter düzgün davranmır. Artan narazılıq  gec-tez özünü büruzə verəcəkdi. Amma heç kim hirsini Süyadan çıxmağa cürət etmirdi. Hələlik.

***

Hər cümə günü Verterlə birgə Naokigilə gedirdim. Hər dəfə görüşümüz daha qısa olurdu, tezliklə ana bizi dəhlizdən uzağa buraxmadı. Bir dəfə o, zəncirli giriş qapısını azacıq aralayıb zərfi götürdü və qapını bağladı. Naokinin anası yenə də baxımlı görünsə də, gözləri və dodaqları şişmişdi.

Naokinin böyük bacısı ərdə idi, ortancıl bacısı isə Tokioda yaşayırdı. Naokinin atası işdən evə gec gəlirdi, odur ki, Naoki bütün günü anası ilə olurdu. Hətta anasına o, dəhşətli sirrini aça bilməmişdi!

Nəhayət, Verterə dedim ki, bizim vizitlər adi təqibə oxşayır, biz Naoki ilə görüşə bilmirik. Müəllimin üzündə bir anlıq narazılıq hissi göründü, sonra gülümsəyib dedi:

-             -     Yox, bu kritik nöqtədir. Bir az da davam etsək, Naoki bizimlə görüşəcək.

Verter təslim olmağa hazır deyildi. Mən anlamırdım, “biz” nə deməkdir, niyə bu kritikdir. Verter Naokini heç görməmişdi, tanımırdı, çünki o, bu il məktəbə gəlməmişdi. Amma mən Verterdən heç nə soruşmadım.

Növbəti həftə riyaziyyat dərsində Verter böyük ağ karton vərəqlə sinfə gəldi.

-            -     Gəlin, Naokiyə yaxşı sözlər yazaq! Onu ruhlandıraq!

Həmin an hiss etdim ki, sinifdə vəziyyət necə dəyişdi. Amma sonra nələrin baş verəcəyini ağlıma da gətirmirdim...

Vərəqi rəngli qələmlərlə yazan qızlar xısın-xısın gülüşür, oğlanlar isə açıq-aydın hırıldayırdılar. Başa düşmürdüm, onlar nəyə sevinir, növbə mənə çatanda, anladım.

Vərəq, demək olar ki, dolmuşdu.

UĞURLAR! GÜVƏNLİ OL! MƏQSƏDİNƏ ÇAT! FƏAL OL! XOŞ GÜNLƏR!

YAXŞI DİNCƏL! YOX OLMA!

İndi, bunları yazarkən, anlayıram, söhbət nədən gedir. Mən necə bu qədər axmaq ola bilərdim? Sinif yoldaşlarım bu qəribə yazılardan həzz alırdılar.

***

Sizin yuvenal hüquq haqqında dediklərinizi xatırlayıram. Bilirdim ki, bu qanunlar uşaqların müdafiəsinə xidmət edir, amma yuvenal hüququn effektivliyinə inanmırdım.

Məsələn, N. şəhərində bir oğlan (indi yetkin insandır) bir qadını südəmər körpəsi ilə birgə öldürmüşdü. Televizorda hər gün oğlanın valideynləri ilə müsahibələr göstərilirdi, onlar oğlanın amansızlığından və ağır itkidən göz yaşlarını axıdaraq, danışırdılar.

Elə bilirdim ki, bu cür hadisələrdə heç məhkəməyə ehtiyac yoxdur – cinayətkarı zərərçəkənin ailəsinə təslim etsinlər, və onlar istədiyi cəzanı versinlər. Yalnız qurbanın ailəsinin qanuni haqqı var ki, cinayətkarı necə cəzalandırsın – belə bir haqq sizdə də vardı, sensey. Məhkəmə yalnız o zaman lazımdı ki, qurbanın qohumu olmasın.

Məni yalnız oğlanın qəddarlığı qorxutmadı, mən ona bəraət qazandıran həyasız vəkillərin sözlərindən qorxdum. Əlbəttə, vəkilin işi budur. Amma düşünürəm ki, hamı bu vəkili daş-qalaq etmək, üzünə tüpürmək istər...

Hərçənd mən öldürülmüş ananı və körpəsini tanımırdım! Hadisə çox uzaqlarda baş vermişdi, mən onu televizorda izləyirdim, düşünürəm, Yaponiya əhalisinin yarısı mənim hiss etdiklərimi duyurdu.

Amma indi fikrim dəyişib. Dəhşətli cinayətlərdə məhkəmə zəruridir. Cinayətkar üçün yox. Məhkəmə onun üçün lazımdır ki, qurbanın ailəsi, yaxınları cinayətkarı özü cəzalandırmasın, qəddarlığa qəddarlıqla cavab verməsin.

Hamı diqqət mərkəzində olmaq istəyir, deyilmi? Görünməmiş nəsə yaratmaq mürəkkəb məsələdir. Daha asan yol isə  pis nəsə etmiş adamı cəzalandırmaqdır. Başqa adamı ittiham etməyə cəsarət lazımdır. Bəlkə, kimsə səni dəstəkləmədi? İntiqam hissi ilə alışıb yanan kütləyə dəstək olmaq daha asan deyilmi? O zaman heç nə izah etmək lazım gəlmir, sadəcə bağırırsan: Razıyam! Qatılıram! Və cəzaya layiq birisinin dərsini verəndə, içində bir məmnunluq yaranır. Yığılmış stresdən bu cür qurtulmaq olar. Cani cəza aldıqdan sonra içindəki məmnunluq zəifləyir, azalır və sən yeni hədəf axtarırsan ki, o məmnunluq hissini qaytarasan. Əvvəlcə əsil canilərin payını verirsən, amma sonra günahsız insanlar sənin qurbanın olur. İnsanlar bir vacib qanunu unudurlar: heç kimin kimisə mühakimə etməyə haqqı yoxdur!

(ardı var)

Çevirdi: Sima Ənnağı


Hiç yorum yok:

Yorum Gönder