6 Mart 2024 Çarşamba

Tərcümələrimdən. Kanae Minato (Yaponiya). ETİRAFLAR (davamı)

 


Yusuke açıq-aydın Süyaya qarşı çıxdıqdan sonra Süyanın partası hər gün süd paketləri ilə dolu olurdu. Təzyiqdən paketlər partlayıb dağılırdı. Bir dəfə kimsə çürümüş qatıq gətirib qoymuşdu. Süya hər gün dinməz-söyləməz halda paketləri yığışdırıb atırdı. Onun dəftərləri, idman forması itirdi, kimsə onun dərsliklərinin hər səhifəsində “qatil!” sözünü yazmışdı. Əksər uşaqlar yenə də Süyanı iqnor edirdilər, amma bir neçə uşaq ciddi şəkildə Süyanı qısnayır, əzab verirdilər.

Bir gün hamımız eyni mesajı aldıq: Süya cəzalanmalıdır! Oyun başladı! Kim ən çox xal toplayar?

Bu mesaj əvvəlki naməlum nömrədən gəlmişdi. Sadə qaydalar vardı: Süyaya qarşı edilən işgəncələrdən xəbər verməli və xal qazanmalıydıq. Kim az xal toplasaydı, “qatilin dostu” sayılacaqdı və özü də qısnamaya məruz qalacaqdı.

Süyanın halına acımırdım, amma təklif edilən oyun xoşuma gəlmirdi və mən iştirakdan imtina etdim. Elə bilirdim, hamı belə edəcək. Bir neçə gün sonra sinifdə ən sakit uşaqları – Yukari və Sasukini gördüm, onlar ayaqqabı dolabının yanında dayanıb, Süyanın siyirməsini süd paketləri ilə doldururdular, sonra da telefonla hesabat göndərdilər.

Deməli, əgər bu sakit şagirdlər oyuna qatılıbsa, mən sıfır xallı yeganə şagirdəm?

Növbəti həftə sinfə gələndə çox həyəcanlı idim, amma hər şey adi keçdi. Görünür, xal qazanmayan başqa şagirdlər də vardı. Rahat nəfəs aldım ki, hamı dəlilik etmir.

***

İyun ayının sonunda hamı yoxlama işlərini düşünərkən, Verter qəfildən riyaziyyat dərsini təcili sinif saatı ilə əvəz etdi.

-            -       Dəftərlərin birində bu yazını tapmışam, - o, balaca bir vərəq parçasını göstərdi.

Mən yazılanları görə bilmirdim, amma birinci partada oturanlar printerdə çap edilmiş yazını oxudular: “Şagirdlərə işgəncə verirlər”.

Verter artist səsi ilə yazını oxudu. Müəllimə o kağızı verən şəxs çox cürətli imiş, amma o, ağlına gətirməzdi ki, yazını bütün sinif qarşısında oxuyacaqlar.

Verter gözünü sinfə zillədi:

-         Kağız kimin dəftərindən çıxıb, onu deməyəcəm. İstəyirəm birgə bu məsələni danışaq. Çoxdan hiss edirəm ki, sinifdə nəsə baş verir. Süya üç dəfə deyib ki, dəftəri itib. Qəribə deyilmi? Onun valideyni yeni idman forması, ayaqqabı almağa məcbur olub. Məsələni araşdırmaq istəyirdim, amma bu kağızı aldım. Bunu yazan çox qoçaqdır! Sizinlə fəxr edirəm! Amma deməliyəm, baş verənlər işgəncə deyil. Kimsə Süyaya paxıllıq edir. Baxın, kimsə ona açıq-aydın hücum etmir, sadəcə əşyalarını xarab edir! Süya sinfin ən yaxşı şagirdlərindəndir. Eşitmişəm ki, o, elmi ixtiralar müsabiqəsində qalib gəlib. Kiminsə gözü bunu götürmür. Bu paxıl kimdir – onu tapmaq sizin vəzifənizdir. Bəli, Süya yaxşı oxuyur. Amma bu, onu sizdən üstün etmir! Yaxşı oxumaq onun istedadıdır. Hər birinizdə bu istedad vardır. Bəs niyə Süyaya paxıllıq etmək əvəzinə öz yaxşı tərəflərinizi inkişaf etdirmirsiniz? Dinləyin! Biz bu yaxınlarda tanış olmuşuq, mən hər gün sizi məktəbdə görürəm, ona görə tam əminliklə deyirəm ki...

Qəfildən kiminsə telefonuna mesaj gədi, “Zəhrimara qalsın!” – Taxikiro astadan söyüb əlini partanın siyirməsinə saldı, telefonu söndürmək istəyirdi, amma Verter telefonu ondan alıb davam etdi:

-         Mən mühüm şeylərdən danışırdım. Amma adi qaydalara əməl etməyən sənə görə sözüm yarımçıq qaldı. Söndür! Uşaq baxçasıdır elə bil!

Verter moizəsinə davam etdi, sanki yarımçıq sözü işgəncələrdən daha vacibdi. Əgər kağızdakı yazının müəllifi müəllimin diqqətini cəlb etmək istəyirdisə, indi, yəqin, bu fikri lənətləyirdi.

Amma əsil dəhşət bizi qabaqda gözləyirdi. Səlib yürüşü başlayacaqdı.

***

Hər şey elə həmin gün dərslərdən sonra başladı. Mən dərnəklərə getmirdim, amma sinifdə növbətçilik etməliydim. Çıxıb getmək istəyəndə, ayaqqabı dolabı yanında dayanmış Maki məni səslədi. O, Ayakonun əlaltısı, xəbərçisi idi.

-            -     Ayako səninlə danışmaq istəyir, sinfə qayıda bilərsən?

Hiss edirdim ki, məni yaxşı heç nə gözləmir, amma imtina etsəydim, sonra daha pis hadisələrlə qarşılaşacaqdım. Sinfə qayıtdım. Qapıdan içəri daxil olanda, Maki arxadan bərk itələdi və mən dizlərim üstə düşdüm. Başımı qaldırıb gördüm ki, Ayako qarşımdadır, sinifdə beş-altı oğlan da var. Hamı məni dövrəyə aldı.

-             -     Verterə xəbərçilik edən sənsən, Midzuho?

Ayakonun düz gözlərinin içinə baxıb,

-             -     Yox, mən deyiləm, - dedim.

Ayako məni dinləmirdi.

-         Yalançı! Səndən başqa bu kimin ağlına gələrdi? “Şagirdlərə işgəncə verirlər”. Bu nə giclikdir? Biz qatilə cəza verirdik. Midzuho, sənin Moriqutiyə yazığın gəlmir? Sən qatilə acıyırsan?

Mübahisə etmək mənasızdı, mən ancaq başımı yelləyirdim.

-         Yox? O zaman sübut et! – Ayako süd paketini mənə uzatdı. – Qatilə paketi atsan, o zaman sənə inanaram!

İndi gördüm ki, Süya otağın güncündə, yerdə uzanıb, əl-ayağı skoçla bağlanıb. Sinifdəki uşaqlar vəhşi təbəssümlə ona baxırdılar.

Əgər mən süd paketini Süyaya atmasaydım, ertəsi gün özüm onun halına düşə bilərdim.

Süya ilə gözlərimiz baxışdı. Süya məndən rəhm diləmirdi, qəzəblə baxmırdı – onun sakit baxışları heç nə ifadə etmirdi.  Həmin an hər şey mənə aydın oldu. Süya həqiqətən heç nə hiss etmirdi. Heç nə düşünmürdü. O həqiqətən soyuqqanlı qatil idi. Bilirəm, siz demişdiniz ki, qızınızı Naoki öldürüb, amma Süya olmasaydı, bu qətl baş tutmazdı!

Qatil! Qatil! Qatil! Heç bir şübhəm qalmadı.

Ayağa qalxıb Süyaya tərəf  bir-iki addım atdım. Onun sinəsini hədəfə alıb, gözlərimi qıydım və süd paketini var-gücümlə tulladım. Zərbə səsi. Həmin an duydum  ki, qəribə məmnunluq hissi bədənimə yayılır.

MƏN QATİLƏ ƏZAB VERMƏK İSTƏYİRƏM!

İSTƏYİRƏM ETDİKLƏRİNİN HESABINI ÖDƏSİN!

Bu sözlər başımda sakitləşəndən sonra gülüş səsi eşitdim. Astaca gözlərimi açdım. Süd Süyanın üzündən axırdı, sağ yanağı qızarıb şişmişdi. Mən paketi düz onun sifətinə atmışdım.

-         Ah, əcəbdir! Midzuho! – Ayako təriflədi və hamı daha bərkdən güldü. Gülməli nə vardı? Süya sakitcə mənə baxmağa davam edirdi, sanki heç nə baş verməmişdi. Amma indi o, elə bil nəsə demək istəyirdi...

Sən kimsən ki, məni mühakimə edəsən?

O, kütlə tərəfindən ağaca bağlanmış müqəddəs əzabkeş kimi görünürdü.

-             -     Bağışla... – pıçıldadım.

Ayako məni eşitdi.

-         Nə? Qatildən üzr istəyirsən? Sən də onun kimisən, hə? Gəlin, bunun da ağzının payını verək! – Ayako Janna D,Ark kimi qışqırdı, hərçənd  bu gic qız bilməz, Janna kimdir...

Həmin an qollarımı arxaya burdular, bilmədim, kim etdi bunu. Qolum ağrıdı. Qorxurdum. İstəyirdim ki, kimsə məni xilas etsin! Kömək edin!

-         İndi sən qatilin tərəfdaşısan! - Ayako davam etdi. Sinif yoldaşım kürəyimdən basıb məni yerə yıxdı, üzüm Süyanın üzü ilə yaxın düşdü.

-               -        Öpüşün! Öpüşün! Öp onu!

Hamı qışqırıb əl vurmağa başladı. Mən onlara yalvarmaq istəyirdim, amma qorxudan donub qalmışdım. Sinif yoldaşım kobudcasına saçımdan yapışıb üzümü Süyanın üzünə sıxdı, telefon kamerasını bizə tətəf tutdu.

-               -     Ayako, bax! Əcəb fotodur! – Maki dedi.

Məni buraxdılar. Gözlərimi qaldırıb baxdım, hamı telefondakı fotoya baxıb hırıldayırdı.

-         Nədi, Midzuho, ilk öpüşün idi? – Ayako telefonu üzümə dürtdü. Fotoda dodaqlarım Süyanın dodaqlarına yapışmışdı, sanki öpüşürdük. – Fotonun aqibəti səndən asılıdır, - Ayako əlavə etdi.

Moriquti-sensey, Süya və Naoki qatildirsə, bəs məni alçaldan uşaqlara nə ad verək?

***

Evə necə qayıtdığımı xatırlamıram. Süd  iyi verən məktəbli formamı çıxarıb duş qəbul etdim. Yemək yemədən, otağıma keçib qapını kilidlədim. Qollarım hələ də ağrıyırdı, qulaqlarımda uşaqların iyrənc gülüşü eşidilirdi. Əsim-əsim əsirdim. Xəyal edirdim ki, gecə bitməsin, və ya hamımız nüvə partlayışından həlak olaq, bir də məktəbə getməyim.

Yuxum gəlmirdi. Gözlərimi qapayan kimi, hadisələr canlanaraq, mənə əzab verirdi.

Gecəyarısı telefona mesaj gəldi. Elə bildim Ayako o iyrənc fotonu göndərib. Titrək əllərimlə telefonu götürüb baxdım, mesaj Süyadan idi. O məni yaxınlıqdakı dükanın parkinginə çağırırdı. Az qədər düşünüb, ora getdim.

Süya dükanın qarşısında məni gözləyirdi, velosipedi yanında idi. Bilmirdim nə deyim, necə davranım. Elə dayandım ki, velosiped arada qalsın. Süya cibindən bir vərəq çıxarıb mənə göstərdi. Zəif işıqlanmaya görə gözlərimi vərəqə xeyli dikdim və rəqəmlər gördüm. Bu qan analizinin nəticəsi idi. Vərəqin yuxarısında Süyanın adı və analizin tarixi yazılmışdı – düz bir həftə əvvəl.

-         Poçtla göndəriblər. Bax belə! – Süya dedi və vərəqi cibinə qoydu. Onun üzündə göz yaşlarını gördüm. Bəlkə bu, rahatlıq göz yaşları idi?

-         Bilirdim, - dedim. Süya təəccüblə mənə baxdı. Onun üzü daha qatil üzü deyildi, üzündə yenə də hisslər özünü büruzə verirdi.

-          Süya, çoxdan demək istəyirdim ki...

Süya satış avtomatına yaxınlaşıb iki meyvə suyu aldı, mənə dedi ki, velosipedə əyləşim. Hətta parkingin alaqaranlığında biz rahat danışa bilməzdik.

***

Təsəvvür etməyə çalışırdım ki, kənardan necə görünürük – iki tənha yeniyetmə qaranlıqda velosipedlə yuxulu şəhərdə gedir. Küçələrdə adam və ya maşın yoxdu, bizim aramızda sevgi münasibəti olmasa da, bir az həyəcanlıydım.

Süyanın kürəyi daha enli idi, görünür, boyu artmış, çəkisi azalmışdı. Mən dünyanın bir an içində sonunu arzulayarkən, Süya məni xilas etmək üçün qaranlıqdan peyda olmuşdu.

Məni xilas edən Süyaya mütləq deməliyidm...

Biz xeyli getdik, binalar artıq görünmürdü. Nəhayət, Süya köhnə birmərtəbəli evin qarşısında dayandı. Bu onların evi deyildi, çünki ev köhnə, atılmış tikili idi, amma Süya cibindən açarı çıxarıb qapını açdı. Həyəcanımı sezib dedi ki, ev ölmüş nənəsinin evidir, amma indi burda dükanın malları saxlanır.

İçəri daxil olduq, Süya işığı yandırdı. Otaqda xeyli karton qutular gördüm. Otağın boğuq və ağır havası vardı, biz dəhlizin pilləkənində əyləşdik. Süya portağal şirəsini mənə uzatdı. Şirə bankasını əllərimdə sıxıb həmin gün nə etdiyimdən danışmağa başladım.

***

Moriquti-sensey, sizin etirafınızda bir detal vardı, mən ona inana bilmirdim. Etirafın sonu. Bu, etirafın ən qorxulu hissəsi idi, mən sizdən qorxurdum, sensey.

Siz gedəndən sonra, Naoki sinifdən qaçıb getdi, arxasınca da o biri uşaqlar. Mən sinifdən axırıncı çıxan idim. Sinifdən çıxarkən, boş süd paketləri düzülmüş qutuya bir də baxdım.

Bu gün kim növbətçilik edir? Kimsə bu paketlərə toxunmaq istəməz! Mən Naoki və Süyanın adları yazılmış süd paketlərini gözümlə axtardım.

Siz daim məntiqdən danışırdınız. Bəs sizin etdiklərinizdə hansı məntiq vardı? Sizin ağrınızı anlaya bilərdim, amma nə hiss etdiyinizi anlaya bilmərəm. Mənim də yaxınlarım var, onlar sağdır, əmin idim ki, nifrət hissinə baxmayaraq, sız hansısa məntiqə uyğun hərəkət etmisiniz.

Süd paketlərini götürdüm və plastik torbaya yığıb evə apardım. Digər paketləri qara zibil torbasına toplayıb zibil qutusuna atdım. Əlimdə zibil torbasını görən müəllimlər yaxşı işimə görə mənə təşəkkür edirdilər.

Evə gəlib, süd paketlərini kəsdim, süd qalıqlarını analiz etdim. Bəli, bunu bacarırdım.

Nəticə gözlədiyim kimi oldu.

***

-              -     Çox sağ ol ki, bunu heç kimə deməmisən, - Süya təşəkkür etdi.

Təəccüb etdim. Mən öyrəndiyim faktı ona görə heç kimə deməmişdim ki, güvənə biləcəyim dostum yox idi. Bunu Süyaya görə etməmişdim. Əgər sinif yoldaşlarım həqiqəti bilsəydilər, işgəncələri daha əzablı olardı.

-              -     Moriquti-senseyin dediyi hər şeyə inandınmı?

Başımla təsdiqlədim.

-              -    Mənimlə burda olmaqdan qorxmadın?

-              -    Yox.

-             -     Qatillə? Həmin A. ilə?

Süyaya baxdım. Əgər o qatildirsə, bəs ona işgəncə verən uşaqlar  kimdir? Mən kiməm? Axı mən də Süyaya süd paketi atmışdım. Yanağı hələ də şişkin qalıb. “Bağışla”, - pıçıldayıb barmaqlarımı onun üzünə toxundurdum, sanki əmin olmaq istəyirdim ki, olanlar gerçəkdir. Süyanın dərisi isti idi.

Bəlkə, əlimdəki soyuq meyvə suyuna görə belə hiss etdim, yaxud zədə aldığı yer isti idi, amma soyuqqanlı monstr hesab etdiyim Süya adi bir oğlanmış.

-              -    Analizin nəticələrini mənə niyə göstərdin? – soruşdum.

-              -    Çünki səninlə oxşarıq, - Süya cavab verdi.

Bilmədim nə deyim. Meyvə suyunu açdım. Demək, o qaranlıqdan məni xilas etmək üçün peyda olmayıb.

-              -    Dayan, şirəni içib qurtarmısan? – Süya soruşdu.

Onu içdiyim suyun miqdarı narahat etmirdi.

-         Deyəsən, içə bilməyəcəm, - deyib şirəni Süyaya verdim. Onun yarımçıq şirə şüşəsi əllərimdə idi. Bir neçə qurtum alıb, şüşəni ona qaytardım. Şüşələr boşalandan sonra bir müddət öpüşdük. Mən başqasını sevirdim, amma həmin an Süyadan əziz kimsəm yoxdu.

Evə qayıtdıq.

     -     Sabah məktəbə gəl, - Süya dedi.

Məktəb sözü ürəyimi bulandırdı, amma dərsləri buraxsaydım, gərək ömrümün sonuna qədər otağımda qalıb heç yerə çıxmayam. İndi Süya mənimdi, istənilən əzaba dözə bilərdim.

-              -    Mütləq gələcəm! – vəd etdim.

Hiç yorum yok:

Yorum Gönder