6 Mart 2024 Çarşamba

Tərcümələrimdən. Kanae Minato (Yaponiya). ETİRAFLAR (davamı)

 

Son dərs günündə yenə də Verterlə mən Naokigilə getdik. Axşam saat altı radələri idi, amma günəş üfüqdən yüksəklikdə dayanmışdı. Naokinin evləri qarşısında tamam tər içində idim.

Həmin gün Naokiyə qan analizinin nəticələrinə aid məktub gətirmişdim. Fikirləşdim ki, Süya həqiqəti bilirsə, Naoki də bilməlidir. İnanmırdım ki, məktubumdan sonra Naoki məktəbə qayıdacaq, qayıtsa ya qayıtmasa, vecimə deyildi. Mən sadəcə istəyirdim ki, Naoki daha həyəcan keçirməsin. Naokinin anası qapını azacıq araladı, Verter konspektləri və sinif yoldaşlarımın çəkdiyi açıqcanı hədiyyə kimi ona uzatdı. Təəccübləndim ki, açıqcanı indi verir. Onu tamam unutsaydı!

Gördüm ki, isti havaya baxmayaraq, Naokinin anası uzunqol yun köynəkdədir, bəlkə evdə kondisioner işləyirdi. Ananın üzünə fikir vermədim. Ona Naokiyə yazdığım məktubu ötürmək istəyirdim ki, Verter çəkməsini qapı arasına soxub qışqırdı:

-         Naoki, oradasansa, məni eşit! Əzab çəkən təkcə sən deyildin. Süya da əzab çəkirdi. Sinif yoldaşları ona işgəncə verirdilər. Çox qəddarcasına! Amma mən onları inandırdım ki, belə etmək olmaz. Və onlar islah oldular. Naoki, bilirəm, ağır günlər keçirirsən, amma dinlə! Sənə kömək edəcəm. İnan mənə! Sabah mütləq məktəbə gəl! Gözləyəcəyik!

Onu dinləyərkən, əsəb keçirirdim. Məgər Verter demirdi ki, guya kimsə Süyaya paxıllıq edir? İndisə deyir ki, uşaqlar Süyaya işgəncə veriblər. Başımı qaldırıb yuxarı baxdıqda, ikinci mərtəbənin pəncərə pərdəsi, Naokinin otağının pərdəsi xəfifcə tərpəndi.

Verter çox coşqulu, həyəcanlı idi, gözləri dəli gözü kimi parlayırdı. O, Naokinin anasına yüngül təzim etdi. Qonşular səs-küyə çıxıb nə baş verdiyni bilmək istədilər. Verter geniş təbəssümlə mənə dedi:

-               -     Çox sag ol ki, Midzuho, mənimlə gəlirdin!

O mənə müraciət edirdi, amma səsi gərəksiz dərəcədə zil çıxırdı, qonşular onu eşitmişdilər. Bu bir aktyorun oyunu idi. Mən də tamaşaçı rolunda idim. Mən əvvəldən axıra kimi şahid idim ki, nümunəvi müəllim problemli şagirdin evinə necə gəlib-gedir.

Naokiyə ünvanlanmış məktub cibimdə qaldı. Onu var gücümlə əzdim.

Həmin gecə Naoki anasını öldürdü.

***

Qısa sinif saatından sonra məktəb müdiriyyəti valideyn iclası keçirəcəkdi.

-         Dünən gecə sizin bir sinif yoldaşınız ciddi bir hadisənin iştirakçısı olub. Təfsilatı hələ bilmirik, amma siz narahat olmayın.

Səhər direktor bizə yalnız bunu dedi. Amma biz bildik ki, söhbət Naokidən gedir. Hamı maraqla gözləyirdi ki, Naokinin nə etdiyini bilsin. Sinifdə ab-hava həyəcandan sanki qığılcım saçırdı. Sinif saatında Verter Naoki haqqında bir kəlmə də demədi. Düşünürəm, müdiriyyət həqiqəti deməyi Verterə qadağan etmişdi. Məndən başqa  hamını Verter evə buraxdı. Təəccüblü deyil, axı faciədən bir neçə saat əvvəl biz ikimiz Naokigildə idik.

Sinifdən çıxan Süya ixtira etdiyi saatı mənə verdi. Az keçməmiş Verter sinfə gəlib qarşımda əyləşdi.

-         Qorxma, Midzuho! Nə soruşsalar, həqiqəti söylə! – Verter əlini çiynimə qoyub gözlərini gözümə zillədi. Mən də ona baxdım.

-         Sensey, bir söz soruşa bilərəm? Amma əvvəlcə bunu taxın, xahiş edirəm! İndi bütün gənclər bu saatdan taxır, - saatı Verterə uzatdım, o da onu biləyinə taxdı. – Sensey, siz hər cümə günü Naokigilə ona görə gedirdiniz ki, onun fikrini çəkirdiniz? Ya sadəcə yaxşı insan kimi görünmək istəyirdiniz?

-         Gic-gic danışma! Midzuho, cavabı məndən yaxşı bilirsən, biz ikimiz ora gedirdik. Mən bunu yalnız  Naokinin xətrinə edirdim!

Bipp... bipp...  Verter çaşqın halda səs gələn biləyinə baxırdı.

-               -     Bu nədir?

-               -     Heç... narahat olmayın, sensey. Sadəcə sizin qiyamət gününüz gəlib çatıb.

***

Mən Verterin arxasınca direktorun kabinetinə daxil oldum, bizi direktor, yönləndirici və rəsmi formalı iki şəxs qarşıladı. Əyləşdikdən sonra, bizə təklif etdilər ki, Naoki haqqında nə biliriksə, danışaq. Mən də dedim:

-         Mən hər bazar günü sinif rəhbərimlə Naokiyə konspektləri aparırdım. Bizi həmişə onun anası qarşılayırdı, Naokini bir dəfə də görmədik. Əvvəlcə ana bizim gəlişimizə sevinirdi, amma sonra deyəsən, biz mane olmağa başladıq. Hətta isti havada o qadın uzunqollu geyimdə olurdu, üzündə kosmetika ilə gizlədilmiş göy ləkələr görmüşdüm. Hətta ağlıma gəldi ki, bəlkə Naoki anasını döyüb. Bəlkə, anası tələb edib ki, məktəbə qayıtsın, Naoki də çox qəzəblənib...

Naokinin anası bizə heç nə demirdi, bəlkə də bizim gəlişimiz Naokini əsəbləşdirirdi. O, qəzəb  içində olarsa da, kiməsə əl qaldıran birisi deyildi, amma çətin vəziyyətdə özündən çıxardı. Anası daim onun tərəfini saxlayırdı, buna görə Naokinin başqa çıxış yolu yoxdu. Naoki zəif xarakterli idi. Müəllimlərdən soruşun!

Bunu anlamayan, sezməyən yeganə adam bizim sinif rəhbərimizdi. Biz onlara gəldikcə, Naoki daha da pis olurdu və, görünür, əsəbini anasından çıxırdı. Hətta bir dəfə sinif rəhbərimə dedim ki, bəlkə Naokigilə daha getməyək? Amma o məni dinləmədi. Gələn dəfə elə bərkdən danışmağa başladı ki, qonşular eşiyə çıxdılar. Müəllim istəyirdi ki, hamı onu eşitsin! Məktəbə gəlməyən Naoki üçün evləri yeganə təhlükəsiz yer idi, sinif rəhbərim isə onu o evdən zorla çıxarmaq istəyirdi.

Naoki məhz Verterə görə evdə qapanmışdı. Müəllim şagirdinə nəsə yaxşı bir şey etməyi düşünmürdü. Onun üçün biz hamımız sadəcə  güzgüdəki əksiyik və o, özü-özündən xoşlanır. Bütün bunlar baş verməzdi, əgər o, öz aləminə bu qədər qapılmasaydı.

***

Beləliklə, Moriquti-sensey, bu hadisələr dörd ay ərzində baş vermişdi.

İndi yay tətilidir. Maraqlıdır, Verter gələn il də bizim sinif rəhbərimiz olacaqmı? Əgər o, sinfimizdə peyda olsa, bir planım var.

Mən keçən yaydan etibarən müxtəlif  kimyəvi maddələri toplayıram. Əgər həyatım dözülməz olsa, o maddələr karıma gələcək. Amma əvvəlcə onların təsirini kiminsə üzərində sınamaq lazımdı...

Kolleksiyamda kalium-sianidin olmasını çox arzulayırdım. Mən nümunəvi şagirdəm, o zəhəri tapmaq çətin olmaz. Kimyaçı Tadao-sensey mənə, sinif nümayəndəsinə, məktəb laboratoriyasının açarını verəcək, buna əminəm.

Zəhəri Verterin yeməyinə qatmaq asan olacaq.

O, süd içən yeganə adamdır, amma başqa birisi də zərər görsə, vecimə olmaz. Yəqin, Verterə nə üçün bu qədər nifrət etdiyimin səbəbini anlamırsız?

Mən birinci sinifdən Naokiyə aşiqdim. O mənim ilk məhəbbətimdir. Sinifdə hamı, Ayakonun sözü ilə, məni Midzuho adlandıranda, Naoki məni öz adımla çağırmağa davam edirdi. Ayako isə paxıllığımı çəkirdi, axı mən ondan qat-qat yaxşı oxuyurdum! Naoki həyatımın mənası idi.

Naokidən soruşanda ki, anasını niyə öldürüb, deyib – “İstəyirdim ki, məni tezliklə həbs etsinlər”.

Sensey, sizə sualımı verə bilərəm? Necə bilirsiniz, siz iki oğlandan intiqam ala bildinizmi?

(ardı var)

Çevirdi: Sima Ənnağı


Hiç yorum yok:

Yorum Gönder