16 Şubat 2024 Cuma

Tərcümələrimdən. Kanae Minato (Yaponiya). ETİRAFLAR (davamı)

 İlk dərs günlərindən B. mehriban bir uşaq idi. Onun iki bacısı vardı, valideynləri oğullarına böyük sevgi və diqqət verirdilər, çünki qızlardan xeyli sonra anadan olmuşdu. A. ilə söhbətdən sonra B.-ni məktəb hovuzu yanında söhbətə çağırdım. O başa düşdü, niyə onu çağırıram və məni evlərinə dəvət etdi. Axşam B.-nin evlərinə getdim. O soruşdu ki, anası söhbətdə iştirak etsə, etiraz etmərəmmi? Deyəsən, anasının heç nədən xəbəri yoxdu. Mən etiraz etmədim və B.-dən məktəb haqqında, dərsləri haqqında soruşdum.

O tennis klubuna üvz olmuşdu. B. çoxdan hansısa idmanla məşğul olmaq istəyirdi, tennisi əla idman hesab edirdi. Məşqlər başlayanda, B. anladı ki, səhv edib, yeni üzvlərə beş ay raketka verilmirdi. B. heç məyus olmadı. İyun ayının sonunda bir neçə dəfə oynadı, əlində raketka məşqə getməyi çox sevirdi, bilirdi ki, kənardan əla görünür.

Yay tətili ərəfəsində məşqçi Tokura-sensey üzvləri qruplara böldü. B. ümumi fiziki formanı yaxşılaşdırma qrupunda idi. Bu qrupda iki oğlan da vardı, məşqə gəlməyən D.E. – hamının “Kati” qadın adıyla çağırdığı solğunbənizli arıq oğlan.

Hər gün B. və Kati məktəbin ətrafında dövrə vurub qaçırdılar. B. əmin idi ki, fiziki hazırlığı yaxşıdır, ona görə məşqçiyə qəzəblənirdi. Bir dəfə bir qız soruşdu ki, tennis klubunun üzvüsənsə, niyə daim qaçırsan? B. bü cür alçaldılmağa daha dözə bilmirdi. Məşqçi Tokuranın yanına gəlib tələb etdi ki, onu birinci qrupa keçirsin. Tokura maraqlandı ki, B.-nin xoşuna gəlməyən nədir – dövrə vurub qaçmaq, yoxsa Kati ilə birgə qaçmaq? Əlbəttə, B. Kati ilə qaçmaq istəmirdi, amma həqiqəti deməyə ürək etmədi. Məşqçi ciddi şəkildə dedi:

-          -  Səni başqalarının fikri çox narahat edir. Belə heç vaxt güclü ola bilməzsən! Bir azdan ümumi məşqlər başlayacaq, bir az döz.

Amma ertəsi gün B.-nin anası zəng edib bildirdi ki, oğlu tennis klubuna daha getməyəcək, çünki imtahanlara hazırlaşmaq üçün kursa yazılıb.

Əvvəlcə B.-nin qiymətləri həqiqətən yüksəldi. Oxuduğu kursda da ikinci oldu. Onun sinif yoldaşı Q. da həmin kursa yazıldı, amma B.-nin səviyyəsinə çatmırdı.

Yeniyetməlik, keçid dövrü uşağın dərsə, idmana, incəsənətə olan qabiliyyətlərinin tam çiçəkləndiyi bir dövrdür. Bu yüksəlişlər gənclərə inam verir, daha yüksək nailiyyətlərə sövq edir. Lakin bəzi uşaqlar bacarıqlarına olduğundan daha çox dəyər verirlər. İdmançılarda plato effekti adlanan bir effekt var, nə qədər səy göstərsən də, artım, yüksəliş olmur. Bu həmişə sınaq nöqtəsidir. Bəzi uşaqlar elə bilir ki, maksimum həddə çatıblar, daha nailiyyət olmayacaq, və geriləyirlər. Digərləri çalışmağa davam edirlər ki, əldə edilmiş nailiyyəti qorusunlar, bir başqaları isə bütün gücünü sərf edib görünməmiş uğurlar qazanırlar. Valideynlər adətən deyirlər ki, uşağım bir az da çalışsa, irəliləyər. Bunu, ruhdan düşmüş uşaqların valideynləri deyir. Həqiqət budur ki, bu uşaqlar ümumən çalışmırlar.

B. də inkişafında bu həddə çatmışdı. Qış tətili ərəfəsində onun balları artmadı, sonra lap aşağı düşdü. Kurs müəllimi hamının gözü qarşısında B.-ni danladı ki, bir neçə yaxşı qiymətdən sonra daha çalışmır. B. özünü çox alçaldılmış hiss etdi! Qiymətə görə onu niyə başqalarının yanında danladılar? Amma ən acısı bu deyildi. Aralıq testləşmə ilə B. öz sinfində qalırdı, amma Q. güclü sinfə keçirdi. Bu haldan qəzəblənmiş B. məşğələdən sonra oyun mərkəzinə yollandı. Başı oyuna elə qarışmışdı ki, yuxarı sinif şagirdlərinin onu dövrəyə almasını duymamışdı. Onlar B.-nin pulqabısını əlindən almaq istəyirdilər, amma B. müqavimət göstərirdi. Səs-küyə gələn polis B.-ni özüylə bölməyə apardı. Axşam saat on bir radələrində polisdən mənə zəng gəldi. Protokola görə mən ora Tokura-senseyi, kişi müəllimi göndərdim. B. sinif rəhbəri əvəzinə tennis üzrə keçmiş məşqçini görəndə, şok oldu. Soruşdu ki, niyə mən gəlmədim, Tokura-sensey də cavab verdi ki, sinif rəhbərin qadındı, ona görə gəlmədi. B. hesab etdi ki, evdəki şəraitə görə gəlməmişəm – tək anayam, uşağımı evdə qoya bilmirəm ki, şagirdlərimə kömək edim...

Evə dönərkən, Tokura-sensey B.-ni danlamağa davam edirdi:

-          -  Deməli, müəllim səni bütün sinif qarşısında danlayıb, sən də gedib oyun mərkəzində dalaşmışan? Sən başqalarının fikrinə böyük önəm verirsən! Böyüyüb məktəbi bitirəndən sonra daha ciddi hadisələrlə rastlaşacaqsan.

B. uşaqsayağı özünü müdafiə edərək, deyib ki, mənə sataşmışdılar, amma məni Tokura-senseyin düzgün sözləri təəccübləndirmişdi.

Bu hadisəni B.-nin anasına danışarkən, o daim təkrar edirdi: “yazıq uşaq...”.  Mən bu qadına həsəd aparırdım, o oğlunu dərindən sevirdi. B. bəlkə də bu hadisədə qurban idi, amma məktəbin qaydalarına görə məktəblilərin oyun mərkəzlərinə getməsi qadağandı. Qaydanı pozduğuna görə B. bir həftə ərzində məktəb hovuzunun ərazisini və geyinmə otaqlarını təmizləməli idi.

***

Fevral ayının əvvəlində A. ixtirasındakı cərəyanın gücünü üç dəfə artıra bildi. O, səbirsizliklə  pulqabını sınamaq istəyirdi. Bir dəfə gördü ki, B. dəftərdə “ÖL!” sözünü yazır. Dərsdən sonra A. soruşdu ki, maraqlı porno-videoya baxmaq istəyirsən? B. imtina edə bilmədi, o da bu videoya baxmaq isttəyirdi. Bir müddət sonra, B. ilə arası düzələndə, A. qəfildən soruşdu ki, kimisə cəzalandırmaq istəyirsənmi? A. izah etdi ki, pis adamları cəzalandırmaq üçün elektrik cərəyanlı bir ixtirası var. Hələlik ixtirasını sınamayıb, çünki pis adam lazımdır.

B.-nın ixtiradan xəbəri vardı, axı A. yarmarkada qalib gəlmişdi. İxtira onu çox maraqlandırmışdı, və B. ağlına gələn ilk adı söylədi: Tokura-sensey. A. bu namizəddən imtina edəndə, əslində, özündən fiziki güclü adama baş qoşmaq istəmirdi. Sonra B. mənim adımı çəkdi. Yəqin, polis bölməsinə gəlmədiyim üçün. A. yenə də imtina etdi, dedi ki, mənim ixtiradan xəbərim var və ikinci dəfə tələyə düşmərəm. A. bilirdi ki, mən hay-küy qaldırmayacam, o isə özü ilə bağlı hay-küyü çox arzulayırdı.

Onda B. Manamini xatırladı, qızı hovuzu təmizləyərkən görmüşdü. Hə, necədir? A. razılaşdı. O bilirdi ki, mən qızımı hər çərşənbə məktəbə gətirirəm və o məni gözləyir. B. xeyli faydalı detallar söylədi: qız gizlicə gəlir ki, itə yemək versin, üstəlik anasına yalvarmışdı ki, ona məxmər çanta alsın. Çanta A.-nın ağlında bir fikir yaratdı...

Növbəti çərşənbə günü dərslərdən sonra A.B. Manamini hovuzun yanındakı soyunma otağında gözləyirdilər. Manami birbaşa itin yanına gedib hasardan onu çörəklə yemləyirdi. Oğlanlar arxadan qıza yaxınlaşdılar. Əvvəlcə B. sözə başladı:

-          -  Sən Manamisən, düzdür? Biz sənin ananın şagirdləriyik. Xatırlayırsan, univermaqda görüşmüşdük?

B.uşaqla, üzündə geniş təbəssüm, yumşaq-yumşaq danışırdı. Amma Manami həyəcanlanmışdı, qorxurdu ki, gizlicə hovuza getdiyini oğlanlar mənə deyərlər.

-         -   İtləri sevirsən? Biz də! Hərdən gəlirik, yem veririk, - qəfildən A. dedi.

Oğlanların da itə yem verdiklərini öyrənən Manami bir az rahat oldu. A. məxmər uşaq çantasını çıxarıb ona göstərdi.

-         -   Anan bunu keçən dəfə sənə almamışdı. Sonra aldı?

Manami başını inkarla yellədi.

-          -  Ona görə anan dedi ki, çantanı biz alaq! Bu Valentin günü üçün hədiyyədir! Bağışla ki, bayramdan əvvəl almışıq, - A. çantanı Manaminin boynundan asdı.

-          -  Anamdandır? – Manami sevinclə soruşdu.

-          -  Bəli. İçində şokolad da var. Aç bax.

Manaminin barmaqları çantanın zəncirinə toxunan kimi, uşaq dartınıb, səssizcə yerə yıxıldı. A. hər şeyin planla getdiyini görüb gülümsədi. B. gözlərinə inanmırdı. O nə baş verdiyini anlamadı. Manami hərəkətsizdi. B. titrək əliylə A.-nın çiynindən yapışdı.

-          -  Olanları hamıya danış, - A. kobudcasına B.-nin əlini çiynindən atıb uzaqlaşdı.

-          -  O... öldü... – qızın hərəkətsiz bədəni ilə təkbətək qalan B. düşündü. B. qızın üzünə baxa bilmirdi, gözlərini məxmər çantadakı dovşana zilləmişdi. Ölüm alətini bilsələr, mən də qatil sayılacam! B. çantanı Manaminin boynundan çıxartdı, hasardan uzağa tulladı. Plan lazımdı. İşi elə qurmalıydı ki, sanki qız hovuzda boğulub. B. Manamini qollarına götürdü, soyuq qara suya atdı. Sonra bacardığı qədər sürətlə qaçıb getdi.

B. izah etdi ki, heç nə yadında qalmayıb, çünki şok keçirmişdi, amma o mənimlə sona qədər dürüst olmağa çalışdı.

Bax, qızım Manami belə tələf oldu.

(ardı var)

Çevirdi: Sima Ənnağı


Hiç yorum yok:

Yorum Gönder