20 Haziran 2012 Çarşamba

Bakı qadın yazarların görüşü

İyun ayının 19-da Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun dəstəyi ilə “Qadınlar, ədəbiyyat və cəmiyyət” layihəsinin genişləndirilmiş çərçivəsində Azərbaycan Dillər Universitetinin Amerika Mərkəzində Amerikalı şair Alison Mendevilin iştirakı ilə Bakı qadın yazarlarının görüşü keçirildi. 




 Görüşü açan Şəhla Nağıyeva – ADU-nun professoru, Sönməz Məşəl Mədəni Əlaqələr İctimai Birliyinin sədri  qonaqları salamlayandan sonra  görülmüş işlər haqqında məlumat verdi.
 









O dedi ki,  birinci layihə 2010-cu ildə başa çatmışdı. Həmin layihənin nəticəsində qadın yazarların son əsərlərindən ibarət nəfis tərtibatlı “Buta” toplusu çap edilib. Topluda əsərlər iki dildə - azərbaycan və ingilis dilindədir. Bu bədii kitab tərcüməçilər üçün çox gözəl bir vəsait, həm də bədii nümunədir. Kitabın ingilisdilli hissəsini dil daşıyıcısı kimi Alison Mendevil redaktə etmişdir. Hal-hazırda, “Buta” toplusunun elektron variantı translit.az saytında  (Buta. The Baku workshop-2010) yerləşdirilmişdir.

Sonra Alison Mendevil söz aldı. Bildirdi ki, Azərbaycan qadın yazarları ilə tanışlıqdan və əməkdaşlıqdan çox məmnundur. O, çağdaş Azərbaycan qadın yazarlarının əsərlərini Amerikada tanıtmağa çalışır:  “Biz mədəniyyətlərmizi bölüşməliyik, çünki insanları birləşdirən nə siyasətdir, nə iqtisadiyyat. İnsanları birləşdirən sənətdir, ədəbiyyatdır”.
 Sonra qadın yazarlar öz yaradıcı fəaliyyətlərindən, çap olunmuş və ya olunacaq kitablarından danışdılar. Yazı texnologiyasına aid bir neçə tapşırıq yerinə yetirdilər.
Görüşdə qadın yazarlardan Rəbiqə, Samirə Əşrəf, Sima Ənnağı, Həyat Şəmi, Nuranə Nur, Sevil Güntən, Xəyalə Sevil, Sevinc Mürvətqızı, Svetlana Turan (Quliyeva), Günel Xəzəl və başqaları iştirak etmişlər.

19/06/2012

Hiç yorum yok:

Yorum Gönder