http://senet.az/dil-nec%C9%99-agillanir-niyazi-mehdi/
Təpərli sözlər
O gizli deyil ki, bəzi intellektuallar, özəlliklə, rusca, ingiliscə yaxşı bilənlər dilimizin elmi imkanlarına şübhə ilə yanaşırlar. Bəlkə onlarda dilimizin yoxsulluğu duyğusunu qrammatika törədir? Ancaq baxanda görürsən ki, qrammatikamız pis deyil. Bəs onda dilimizin yoxsulluq duyğusu nədən gəlir?
Bu sorunun cavablarından birinə baxaq. Həmin intellektuallar, tutalım, “бытие” sözünü eşidəndə nəsə energetik, ağıllı söz duyurlar, “varlıq”, “olum”, “olqu” (сущее) sözləri isə onlara nəsilsiz-nəcabətsiz, soysuz kəlmə təsiri bağışlayır.
Dildə materialın müqaviməti
Ancaq adamlar var ki, rusca yazmaqdan böyük həzz almaq mərhələsini keçib qəfildən azəricə elmi yazılar yazmaqdan həzz alrlar. “Niyə belə oldu?” məsələsini ünlü heykəltəraş Ernest Neizvestninin bir yazısını oxuyanda anlamaq olur. O göstərmişdi ki, heykəltəraş üçün hansı materialla işləmək elə-belə şey deyil. Material sənətçiyə müqavimət göstərməklə həm də hansı formanı, hansı estetikanı seçməyi diktə edir.
Bundan bizim üçün çıxan sonuc: düşüncə ilə asanca şütümək üçün rus elmi dili çevik və rahat formalar verir. Buna manyerizm demək olar. Rusca elmi məqalə yazmaq yaxşı yağlanmış velosiped sürmək kimi bir şeydir. Azərbaycanca çağdaş elm səviyyəsində düşüncə yazmağa isə dil öz müqavimətini göstərir, ona görə də bu müqavimətlə əlləşə-əlləşə yazmaq daha kimlərəsə çox ləzzət verər, nəinki ruscada süzə-süzə sürüşmək.
Dilimizə yenə“nədən”sualı
Ancaq qayıdaq öncəki soruya: nəyə görə düşüncəni daşımaq üçün yetərincə söz və qrammatik formalar verən Azərbaycan türkcəsi ruscaya baxanda yoxsul, soysuz dil təsiri bağışlayır?
Bax, bu sualın cavabında belə bir deyimi yada salmaq olar:
–Dil nə qədər ağıllı kitabların, ağıllı söhbətlərin dili olursa, o qədər çox ağıllanır, yəni ağıllı dil olur.
Bizə ruscanın “бытие” sözü ona görə içi dopdolu gəlir ki, bu sözə Hegelin kitablarının min yerində rast gəlmişik. Bu söz rusca Platondan, Kantdan, Şellinqdən, Şopenhauerdən oxuduğumuz mətnlərdən keçə-keçə duyğu və ağılla dolaraq bizə gəlib çatıb. Eləcə də o sözü rusların ağıllı filosoflarının TV debatlarından eşitmişik. “Varlıq” sözünü isə çox az ağıllı kitabda oxumuşuq. Daha az ağıllı söhbətlər də eşitmişik.
Onu da deyək ki, gürcülərlə, ermənilərlə söhbətdə soruşanda aydın olur ki, onların dil qavrayışlarında eyni problem var.
Dil necə“ağıllanır”?
Dünyada heç bir ulusun ağıllı adamları o qədər çox olmur ki, onların mətnləri sözlərə təpər vermək üçün yetərli olsun. Hamının dadına çatır başqa ulusların filosoflarından və gözəl yazarlarından tərcümələr. Elə onun üçündə “бытие” sözü ilə ilgili ruscada oxuduğumuz Batı filosoflarının adını çəkdik. Bu filosofları ruscaya çevirməsəydilər, rusun “бытие” sözü bizim “varlıq” sözünün günündə olardı.
Bizdə tərcümələr azdır, yaxşı tərcümələr isə lap azdır (nə yaxşı ki, Bakı Slavyan Universitetində, “Qanun” nəşriyyatında “dünya okeanından” nələrsə dilimizə gətirilir). O biri yandan, bütün uluslar kimi, öz ağıllı kitablarımız da o qədər deyil ki, milli resursla dilimizi ağıllandıraq. Bax bu nədənlə dilimiz humanitar elm üçün belə boyat, belə çəlimsiz görünür.
Nəsirəddin Tusi maddi sərvətlə mənəvi sərvəti belə ayırmışdı: maddi sərvət işləndikcə azalır, mənəvi sərvət isə işləndikcə artır (bu dedi yunanlarda da var). İndi Tusidən itələnib söyləyə bilərik ki, sözlərimiz nə qədər çox ağıllı kitablarda işlənirsə o qədər də ağıllanır.
Sözlərimiz təkcə fəlsəfi kitablarda işləndikcə ağıllanmır. Ağıllı adamların Tok-şoularında işləndikcə də ağıllanır. Şeirlər də insan psixolojisi ilə bağlı çalarları, dramatik ikitirəliyi, üçtirəliyi anlatdıqca da ağıllanır.
Hiç yorum yok:
Yorum Gönder