
http://senet.az/dil-nec%C9%99-agillanir-niyazi-mehdi/
Təpərli sözlər
O gizli deyil ki, bəzi intellektuallar, özəlliklə, rusca, ingiliscə yaxşı bilənlər dilimizin elmi imkanlarına şübhə ilə yanaşırlar. Bəlkə onlarda dilimizin yoxsulluğu duyğusunu qrammatika törədir? Ancaq baxanda görürsən ki, qrammatikamız pis deyil. Bəs onda dilimizin yoxsulluq duyğusu nədən gəlir?
Bu sorunun cavablarından birinə baxaq. Həmin intellektuallar, tutalım, “бытие” sözünü eşidəndə nəsə energetik, ağıllı söz duyurlar, “varlıq”, “olum”, “olqu” (сущее) sözləri isə onlara nəsilsiz-nəcabətsiz, soysuz kəlmə təsiri bağışlayır.
Dildə materialın müqaviməti
Ancaq adamlar var ki, rusca yazmaqdan böyük həzz almaq mərhələsini keçib qəfildən azəricə elmi yazılar yazmaqdan həzz alrlar. “Niyə belə oldu?” məsələsini ünlü heykəltəraş Ernest Neizvestninin bir yazısını oxuyanda anlamaq olur. O göstərmişdi ki, heykəltəraş üçün hansı materialla işləmək elə-belə şey deyil. Material sənətçiyə müqavimət göstərməklə həm də hansı formanı, hansı estetikanı seçməyi diktə edir.
Bundan bizim üçün çıxan sonuc: düşüncə ilə asanca şütümək üçün rus elmi dili çevik və rahat formalar verir. Buna manyerizm demək olar. Rusca elmi məqalə yazmaq yaxşı yağlanmış velosiped sürmək kimi bir şeydir. Azərbaycanca çağdaş elm səviyyəsində düşüncə yazmağa isə dil öz müqavimətini göstərir, ona görə də bu müqavimətlə əlləşə-əlləşə yazmaq daha kimlərəsə çox ləzzət verər, nəinki ruscada süzə-süzə sürüşmək.