30 Ağustos 2018 Perşembe

Mənzərə Sadıqova. Hisslərimiz... Bizdən kənardamı??



İnsanı idarə edən iki mühüm komponent – ağıl və hiss... Əgər AĞLIN MƏKANI BEYİN – BİLİKLƏRİMİZ VƏ YADDAŞDIRSA (gen yaddaşımız və həyat təcrübəsində qazandıqlarımız), bəs HİSSİN MƏKANI HARDADIR: BİZİM İÇİMİZDƏMİ, BİZDƏN KƏNARDAMI? İnsan vücudunun daxilindəmi, əhatəsindəmi? HİSSLƏRİMİZ ŞÜURUN İRADƏSİNƏ TABEDİRMİ? Emosiyaların yaranmasında, yaşamasında və yox olmasında şüurun rolu nə qədərdir?

Hərçənd ŞÜUR özü də LAMƏKANDIR və bioloji terminlərlə izah olunmayan bir şeydir. Bu abstrakt məfhumun konkret olaraq harada yerləşdiyi, hansı formada olduğu, necə çalışdığı hələ də elmin tədqiqat obyektidir. Minlərlə insanın beynində əməliyyat aparmış neyrocərrahlar, həmçinin bir sıra neyrofizioloqlar, filosof, sosioloq və psixiatrlar təsdiqləyirlər ki, ŞÜUR beyinlə əlaqəsi olmayan, kənardan idarə edən, müstəqil mövcud olan, dərk edilmiş “MƏN”dir.

Şüuru fövqəl qüvvə kimi qəbul edənlər, dini motivlərlə bağlayanlar da var. Bu halda insan şüurlu surətdə, yəni istəməklə özündə sevinc, ya kədər hissi, həyəcan... yarada bilərmi? Məsələn, sevmək istədiyi üçün sevə bilərmi? Hər hansı fərdə və ya hadisəyə münasibəti idarə etmək zahirən mümkündür, bəs daxilən necə? Bu da mümkündürmü? İnsan özünə əmr verərək kimə və nəyəsə qarşı duyduqlarını bir anda yox edə və ya dəyişdirə bilərmi? Məntiqinə uyğun gələn, amma ürəyinə yatmayan münasibəti zorla özündə yarada bilərmi?

Məlumdur ki, həzz və ləzzət kimi duyğular insan beyninin məhsulu olaraq, onu şərtləndirən amillər mövcud olduqda meydana gəlir (məsələn, sevdiyin musiqini dinləyəndə, ürəyincə olan işi görəndə həzz alırsan; dadlı bir yemək sənə ləzzət verir və s.). Özünü tanıyan hər insan həzzin mənbəyini bilir. Bildiyi üçün də o hissi özündə yaratmaq, yaşatmaq və o hissin ömrünü uzatmaq imkanına malikdir.

Amma SEVİNC VƏ KƏDƏR, HƏYƏCAN SANKİ KƏNARDAN TRANSFER OLUNUR. El arasında çox işlənən bəzi deyimlərə diqqət edək: “Hər bayram bizə bir dünya sevinc gətirir”, “qəm qəm gətirər, dəm dəm”, “içimə kədər doldu”, “dərd-qəm qəddini əydi”, “qəm-kədər gətirdi yenə də payız”və s. İnsan təfəkküründən dilə süzülən bu tip misallardan belə qənaət hasil olur ki, sevinc və kədər hissləri kənardan gəlir, ətraf mühitin (maddi və qeyri-maddi mühitin) vasitəçiliyi ilə bizə aşılanır. 


Obrazlı desək, EMOSİYALAR AĞLIMIZIN MƏHSULUNA BƏZƏK VURMAQLA MƏŞĞULDUR. Bu prosesdə emosiyalar qalib gəldikdə baş vermiş hadisənin və ya alınmış məlumatın mahiyyətini pərdələyir (kosmetik vasitələr qadının, qrim aktyorun əsl çöhrəsini örtdüyü, dəyişdirdiyi kimi)  və biz hisslərimizə yenilərək əsl mahiyyəti unudur, nəzərdən qaçırırıq. Beləliklə, birinci dərəcəli məsələ kölgədə qalır və biz ikinci, üçüncü dərəcəli məsələlərin dalına düşürük. İnsan soyuqqanlılıq nümayiş etdirəndə isə emosiyalar kölgədə qalır, AĞLIN QƏNAƏTLƏRİ VƏ HÖKMÜ önə çıxır.

XXI əsrin qaçhaqovunda həyatını nizamlamaq istəyən insan həm ağlını, həm duyğularını idarə etməyi bacarmalıdır. Əks halda zamanın tapdağı altında qala bilər. Belə isə, kənardan bizə aşılanan duyğuları necə idarə edək? Əlimizdə olmayan hissləri necə tənzimləyək? Əlbəttə, qərar anında SEÇİM etmək İMKANI hər zaman İNSANIN ÖZ ƏLİNDƏDİR: həyatı boyunca hər kəs öz ağlına güvənərək iradəsini bildirir. Lakin... məyus olsaq da etiraf etməliyik: HEÇ KƏS HİSSLƏRİNİ SEÇMƏYƏ QADİR DEYİL.

Elmi tədqiqatlar göstərir ki, yaranmışların ən mükəmməli sayılan  insan nə qədər güclü olsa da, özündə hər hansı hissi yarada bilməz, həmin duyğuya uyğun vəziyyəti yalnız təqlid edə bilər (aktyorluqda olduğu kimi). Çünki bəşər övladı özündə sevinc hissi yaratmaq istəyəndə yalnız o duyğunun xatirəsini canlandıra bilir yaddaşında, sevincin özünü yox...

http://modern.az/az/news/172437#gsc.tab=0

Hiç yorum yok:

Yorum Gönder