23 Ağustos 2018 Perşembe

Valeri Mixalisın. Ətirli ədəbiyyat (ətirlər bədii ədəbiyyatda)


Картинки по запросу ətirlər əttarlıq
Tərcüməçidən: İnternetdə gəzişərkən, təsadüfən (bilirsiniz də, ən yaxşı nələrisə təsadüfən əldə edirik J) ətirlərə və müasir əttarlara həsr edilmiş bir səhifəyə gəlib çıxdım. Ətirləri sevdiyimdəm (hansı qadın ətir sevməz ki?), səhifədə yerləşdirilmiş yazılara ötəri nəzər salarkən, rus əttarı, əttarlıq icmalçısı Valeri Mixalisını kəşf etdim. Bu gənc adam həm özünün ətir biznesini qurmuş, həm də ətirlər, əttarlıq haqqında  xeyli yazılar yazmışdır, və yazmaqdadır. Onun ətirlər və ədəbiyyatla bağlı  yazısını müəyyən ixtisarlarla təqdim edirəm.

***
Əttarlıq haqqında bədii ədəbiyyat azdır, onların sırasında keyfiyyətli ədəbiyyat isə daha azdır. Mən təqdim etdiyim əsərləri şəxsən oxuduğum və bəyəndiyim üçün sizlərə də təklif edirəm.
Coanna Kinqsley. “ Ətirlər”
“Ətirlər” romanı Coley bacıları haqqındadır, onların atası keçmişin ən məşhur əttarı olmuşdur.
Arman Joloney dikbaşlığı və üsyankarlığına görə əttar atası tərəfindən övladlıqdan rədd edilir. Gənc əttar Arman səfalət içində yaşayır,  lakin istedadı onu Parisin ən məşhur əttarlıq zirvələrinə qaldırır, şöhrət və pul gətirir. Tezliklə Fransa ilə nasist Almaniyası  arasında müharibə başlanır, Arman özünün ətir fabrikini bağlamağa məcbur olur, kiçik bir ətir dükanı açır. Lakin Armanın əttarlıq istedadı və şöhrəti ona ziyan vurur – almanlar əttarla, onun yaratdığı ətirlərlə maraqlanırlar, Arman onlarla əməkdaşlıq etməyə məcbur olur. Bu hal fransız Müqavimətinin gözündən yayınmır və Arman təqib edilir. O, sevgilisi Anna ilə Fransadan qaçır, onun Vivyen adlı qızı doğulur, Anna isə doğuş zamanı vəfat edir.
Arman bir əczaçı xanımın aptekində işləməyə başlayır, sonra həmin qadınla evlənir. Bu evlilikdən Martina, ikinci qız doğulur. Zaman keçdikdən sonra Armanın ikinci arvadı dəli olur, qızları öldürmək istəyir. Arman iki qızını və göz bəbəyi kimi qoruyub saxladığı ətir düsturlarını götürərək, Amerikaya köçür.
Roman bacıların bir-birinə nifrəti, atalarının çökmüş ətir imperiyasının dirçəldilməsi uğrunda mübarizələri ilə davam edir.
Konstantin Verigin. “Ətirsaçma. Əttarın xatirələri”
Qədim zadəgan nəslindən olan Konstantin Verigin 19-cu əsrin sonlarında Peterburqda anadan olmuşdur. 1911-ci ildə onun ailəsi Krıma köçür. Krımın təbiəti, bitkiləri, güllərin  ətri Verigində əttarlığa maraq oyadır. 1920-ci ildə o, Fransaya köçür, orda təhsil alır və tezliklə fransız əttarlarının sırasına qatılır. “Əttarın xatirələri” əsərində o, əttarlıq və ətirlər haqqında çox incə dillə elə danışır ki, ətirlər sanki maddiləşir. Məsələn, İtaliyanın paytaxtı Romanın ərtini o, belə təsvir edir: “Torpağın mülayim ətri,  Roma çiçəklərinin mərhəmli qoxusu, dəfnə və otların valehedici acılığı şəhərin bütün havasına hopmuşdu. Bu, Qədim Romanın möhtəşəm əzəmətinin unudulmaz ətri idi”.
M.C.Rouz. “Buddanın əttarı”
Bu əsərdə Qədim Misirin sirləri, inqilabi Fransanın dəhşətləri, Letual əttarlar sülaləsinin tarixi, Çinlə Tibet arasındakı qarşıdurma bir-birinə qarışmışdır. Detektiv janrında yazılmış əsərdə qədim ətrin tərkibini tapmaq uğrunda mübarizə gedir.
Patrik Züskind. “Əttar. Bir qatilin tarixçəsi”
1985-ci ildə yazılmış əsər, 2006-cı ildə film qismində ekranlara çıxandan sonra daha da məşhurlaşdı. Valideynlərim mənim əttar olmaq istədiyimi biləndə, həmən soruşdular ki, mən də mi adamları qaynatmaq, öldürmək istəyirəm...
Bu kitab birnəfəsə oxunur və heyif ki, tez bitir.
Filip Klodel. “Həyatın ətri necədir”
Əsər boyu müəllif bir suala cavab axtarır: “Heç bir ətir olmayan naməlum, kimsəsiz adaya hansı ətri aparmaq lazımdır?”. Əsərin hər fəsli müəyyən ətrə həsr edilir. Kitabda ətraf aləmin ətir və qoxularına dərkli yanaşmadan, ətirlərin həyatda əhəmiyyətindən danışılır.
Şarl Bodler. “Şər çiçəkləri” şeir toplusu
Bodlerin poeziyası möhtəşəmdir və bilavasitə ətirlərlə əlaqəlidir. Şairin özü ətirləri çox sevirdi. Bodlerin obrazlı və incə poetik dili ətirlərin əlçatmaz gözəlliyinin təsvirinə çox uyğundur.

 https://www.fragrantica.ru/news/%D0%9F%D0%B0%D1%80%D1%84%D1%8E%D0%BC%D0%B5%D1%80%D0%B8%D1%8F-%D0%B2-%D1%85%D1%83%D0%B4%D0%BE%D0%B6%D0%B5%D1%81%D1%82%D0%B2%D0%B5%D0%BD%D0%BD%D0%BE%D0%B9-%D0%BB%D0%B8%D1%82%D0%B5%D1%80%D0%B0%D1%82%D1%83%D1%80%D0%B5-5156.html


Çevirdi: Sima Ənnağı  

Hiç yorum yok:

Yorum Gönder