8 Kasım 2011 Salı

Müasir rus hərbi poeziyası

(Əfqanistan veteranlarının yaradıcılığından)


Mixail Koşkoş (1964 təvəllüdlü)
*
Əgər qayıtsam
Əgər qayıtsam...
Heç inanmıram ki, qayıda biləm,
Əgər qayıtsam...
Sevincdən ölərəm,
Əgər qayıtsam...
Allaha şükür edərəm
Əgər qayıtsam
Yad eldən doğma qapıma.
Fərəhlə
Qapını açıb
Inanaram qayıtdığıma...
Göy səmalı pəncərəyə söykənərəm,
Göz yaşlarımı kobud ovuclarımda gizlədərəm
Əgər qayıtsam...
*
Hekayət
Evə qayıdarkən, dəstəmiz tələyə düşdü.
Maşın partladı. Məni zirehdən kənara atdı
Böyük üzüm kolluğuna.
Məni görmədi düşmənlər...
Yadımdadı – üç nəfərdi –
Belibükük üç nəfər.
Boğuq səslərini eşidirdim mən.
Və gördüm ki,
Öldürdülər dostlarımı,
Düz gözlərinə baxaraq...

Tozlu günəşli tikili,
Xəstə sarı çöhrələr.
Pəncərədə pərdələr – hərbi rahatlığın rəmzi.
Yalnız bunu arzulardım: yatib hər şeyi unudum.
Bir şeyi xatırlayım – məni hələ sevən var,
Məni gözləyənlər var...
Bahram altındakı sanbat əsgər üçün bir cənnətdir.
Mənsə yuxularımda da döyüşürəm hər gecə,
Quru yemək payım hər gün boğazımda tıxanır,
Öz dəstəmi axtarıram
Hər gün yuxularımda.

İndi deyirlər ki, guya o müharibə səhv imiş.
Bizə o müharibə xədimə sik kimi lazımmış.
Belə deyən zamanlar mən
Protez ayağımı taxan tək
Boş təbəssümü üzümə yapışdırıram.

Yuri Beridze (1956 təvəllüdlü)
*
Piyada alayı
Kirli gölməçələrdən,
Bataqlıqdan,
Yaz çaylarından su içmişəm.
Dözməyərək, dözmüşəm
Ki, alt paltarım batmasın -
Dağlardan güllələr açılanda,
Avtomatlar düz üzümə tuşlananda,
Dekabr şaxtasında ayaqlarımda yaralar donanda.
Hə, çovğun, başla,
Yağış, islat məni,
Günəş – sən də yandır...
Onsuz da piyadanın günü qaradır –
Onun bəxti qandır, tərdir, yaralardır.
Nədir, xoşun gəlmir?
Pah, neçə də zərifsiz...
Əlbət, biz kimə lazım...
Ancaq sizə borcluyuq,
Borcluyuq
Və borcluyuq...
Soyuqda və istidə
Marş,
Marş,
Marş!
Alnımızda güllə izi,
Bədənimizdə deşiklər.
Torpağa yatııb,
Səngərlər qazıb,
Sizin götünüzü qorumaq üçün
Həlak olmaqdır borcumuz!
Siz nə bilirsiz
Piyadanın nələr çəkdiyini...
*
Müharibə aldadar
Müharibə
Bütün gözləntiləri
Aldadacaq.
Kimsə əclaf olacaq,
Kimsə burda heç olmayacaq,
Kimsə döyüş meydanında qalacaq,
Sülhə çatmayacaq...
Müharibə bir seçimdir:
Ya sən onu,
Ya o səni.
Sağ qalanlar da burda
Ruhunu qoyub gedər
Uduzduğunu görmədən.
Dualar səslənər
Döyüşdən əvvəl
Və sonra:
Allahım, qoy ürəyim ağrısın,
Ağrıyırsa, demək, sağam...
*
Hər şey qaydasındadır
Hər şey qaydasındadır,
Qaydasındadır,
Qaydasındadır...
Əlimin altında qara avtomat,
Arxamda – dağların keçilməz layı.
Hər şey qaydasındadır,
Qaydasındadır,
Qaydasındadır...
Bərk döyünən ürəyim də
Yəqin, gecə sakitləşər.
Düzdür, nəfəs almaq çətin,
Hava şüşə kimidir,
Düşmənlərdən xətər yoxdur -
Hamısını öldürmüşəm –
Əcəb eləmişəm.
Nəsə ürəyim dayanır
Yavaş-yavaş.
Bəlkə sanitarlar məni taparlar.
Cibimə məktubu qoydum –
Hər şey qaydasındadır,
Qaydasındadır,
Qaydasındadır...
*
Yuxular
Yaxşı yuxularım olur –
Müharibə yoxdur daha.
Tər içində oyanıram –
Patronum avtomatda ilişib qalıb...
Ay işığında
Gecə nəmliyi pambıq tək şişir.
Lənət şeytana,
Yenə müharibə
Yuxuma girir.

İqor Nekrasov (1966 təvəllüdlü)
*
Şəfqət bacısına
Geyimli insanlar sağ olanlardır.
Lütlər – soyumuş meyidlərdir.
Ağ geyimli bacılar
Cərrahiyyə əsgəridir
Sağ qalmışlarla ölənlər arasında.
Ağrilarla doludur məkan.
Lütlər o dünyaya inanmır artıq – onlar heç yerdə yoxdu...
Ruhları da sürətlə buludlara uçubdur.
Geyimi olanları
Kəsir, mişarlayırlar –
Cəhənnəmə vasil olur talelər.
Yenidəndoğulma? Yox, cərrahiyyə -
Xilas üçün cəhənnəm əzabları.
Çılpaqlar sağ qalanlara həsəd aparmır.
Sağ qalanlar ölənlərə həsəd aparır.
Xalatlı insanlar allaha həsəd aparır –
Istərlər palçıqdan yaradalar kimisə...
Bu həsəddə şəfqət bacısının günahı yoxdur.
İnsanlar vuruşur, yaralanırlar,
Ağrıdan, qəzəbdən bağırırlar...
Bağırtılar zərif çiyinlərə çökür...
Allah var olsaydı, insanları dərddən qurtarardı -
Lütlərə əbədilik lazım deyil,
Əgər insanlıq soyumuşsa...
İnsan həyatına zaman çatmayır.
Dünyanı fillər deyil,
Zərif çiyinlər saxlayır...

Çevirdi: Sima Ənnağı, 2011

Hiç yorum yok:

Yorum Gönder