Salam, bu bloq Sima Ennaginin blogudur (kecmish blogumun adresi - www.simacan.azeriblog.com), indi ise bu yeni bloqumda yazilarima davam edecem. Her gun burda gorusmek umidiyle, Sima. YASHASIN SOZ SENETI! :)
7 Kasım 2011 Pazartesi
Bu mövsümün ilk qarı
Bu gün, noyabrın 7-də yuxudan oyanan kimi gözlərimi pəncərəyə dikdim – eyvanın şüşələri ağ dumana bürünmüşdü; mətbəxdə çay dəmləyən bacım, “xəbərin var, qar yağır...” – dedi. Pəncərədən xeyli baxdım... Əcəb işdir. Deyəsən, qışla payızın mübarizəsində qış müvəqqəti qələbə çalıb. Dünən gecə nağıllarda deyilən kimi, ucundan tutub, göyə çıxılmalı leysan yağışı yağdı, nə yağdı... Səhər isə ağır sulu gölməçələr əvəzinə, yerdə ağ qar və seyrək insan ləpirləri göründü.
Deyirlər, ilk qarı görəndə, gərək bir arzu tutasan və o, hökmən yerinə yetəcək. Amma bu payız qarı məni tamam bədbinləşdirdiyindən, nə arzu tutdum, nə də ilk qara sevindim. Qəribədir... Qış qarı daha xoş gəlir – ürəyim sevinclə dolur soyuq qar dənəciklərindən... Hətta nifrət etdiyim qış küləklərinin soyuqluğuna da asanlıqla dözürəm. Amma noyabr qarı tamam kefimi pozdu. Bilmirəm niyə... Bəlkə kefimi pozan qurğuşun kimi ağır səma, havanın yadlığı, küçənin özgəliyi idi?
Hardasa oxudum ki, bu yaxınlarda, səhv etmirəmsə, Türkmənistanda, yanlış hava proqnozuna görə ölkənin hidrometeorologiya xidmətinin rəhbəri işdən çıxarılıb. Bəs noyabr ayının əvvəllərində, günəşi öz qanadları altında gizlədərək, bizə vaxtsız qar yağdıran hansı mələyi “işdən çıxaraq”? :))))
Sima Ənnağı, 2011
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder