31 Ekim 2011 Pazartesi

QİSMƏT. Hayku havasında



Haykuları həmişə çox sevmişəm. Bu qədər kiçik formanın içinə o qədər böyük ovqatı, duyğunu yerləşdirmək az qala möcüzədir. Təzəcə haykularla maraqlanmağa başladığım zamanları xatırlayıram. Hayku ilə ilk dəfədir tanış olan bütün oxucular kimi, mən də o zamanlar məşhur aldanışa düşmüşdüm.

Elə fikirləşmişdim ki, bu cür yazmaq asandı, bir az müşahidə lazımdır, vəssalam. Balaca bloknotumu götürüb özümü vurmuşdum şəhərin canına ki, nəsə tapıb hayku edəcəm. Sən demə dünyada haykuyla tanış olan və mənim keçirdiyim hissi keçirən milyonlarla adam varmış. Hamısının da ilk ağlına gələn bu olub ki, bir dəftər götürüb gedim hayku “yığmağa”.

Sonralar hayku haqqında müxtəlif mənbələrdən çoxlu kitablar, məqalələr oxudum və düşdüyüm vəziyyəti anladım. Rolan Bartın hayku barəsində yazdığı məşhur cümləni oxuyanda isə məsələ mənə ayrı tərəfdən aydın oldu. Bart təxminən belə yazırdı: “ Hayku içində lenti olmayan fotoaparatdı.”

İndiki zamanda rəqəmsal fotoaparatların sürətli inkişafına baxanda, düşünürsən ki, artıq bizim ən xırda anı belə ölümsüzləşdirmək istəyimizin coğrafiyası durmadan genişlənir.

Bir iş var ki, fotolar çəkildiyi gün, ay, il baxımından elə bil daha çox tarixin həndəvərində oynayan sənətdir, bəlkə bir az da uzaqdan statistikayla qohumdur. Hərçənd ki, fotonun ölümsüzləşdirdiyi möhtəşəm anlar gözlərimizin yaddaşına köçür, söz isə bütün hüceyrələrimizə. Belə də demək olar: Hayku “bu foto haqqında nə deyə bilərsən“ sualını vermiş adama üç misralıq cavabdır. Foto deyəndə mən təkcə çəkilib fiksə edilmiş anı yox, geniş zamanı nəzərdə tuturam.

Hayku suşi kimidir, dadlı və az.

Hayku doymamaqdan ləzzət alıb doymaqdı.

Nə qədər danışsam boş. Haykunu sevmək üçün onu hər gün ən azı bir qaşıq içmək lazımdır.

Yaddaşımdakı haykulardan sizinlə bir neçəsini bölüşmək istəyirəm.

Nuş olsun !


Coşkun Yerli. “Yağmurun dirənişi” kitabından.

Nə boş maraqmış,
Fərqli heç nə yoxmuş
Dağın o başında.

Hara baxsan
Hər cənnətin yanında
Bir cəhənnəm.

Melisa Gürpınar. “Kiçik şeylər” kitabından

Soruşmadan girdin
Baxçama səhər yeli
Poçtalyon kimi.


Kadir Aydemir

Ölüm:
Qapının önündə
Nə çox ayaqqabı.

Basyö. Haykular kitabından

Köhnə hovuzdur
Qurbağa hoppanar
Və suyun səsi.

Hiç yorum yok:

Yorum Gönder