Salam, bu bloq Sima Ennaginin blogudur (kecmish blogumun adresi - www.simacan.azeriblog.com), indi ise bu yeni bloqumda yazilarima davam edecem. Her gun burda gorusmek umidiyle, Sima. YASHASIN SOZ SENETI! :)
9 Ekim 2011 Pazar
Cavidan. Qadınını döyən kişilər
Bu günlərdə bir ad günü məclisində iştirak etdim. Evin xanımının şərəfinə açılmış süfrə kifayət qədər zəngin, bu süfrənin ətrafına yığışmış adamlarsa kifayət qədər ziyalı görünürdülər. Xanımın adına tostlar deyildi, badələr qaldırıldı. Ən çox canfəşanlıq göstərən isə səbəbkarın həyat yoldaşıydı. Qızıl bilərziyi süfrədəcə ömür-gün yoldaşına təqdim edən kişi olduqca nəzakətli və alicənab adam təsəvvürü bağışlayırdı. Sonra ətrafda uçuşan-qaçışan balacaları çağırdılar ki, “Ad günün mübarək” mahnısını oxusunlar. Ev sahibi 6 yaşlı oğluna işarə etdi ki, anasını təbrik etsin. Uşaq da öz növbəsində bəlkə bir aydan çox məşq etdiyi hiss olunan tərzdə gedib anasını öpdü və dedi:
- Mənim anam ən yaxşı anadır.
Alqışlar, təriflər yağdı uşağın üstünə. Və qonaqlardan biri uşağın başını sığallayıb:
- Bəs atan? Atan da yaxşı atadır, düzdür?- deyən kimi uşaq gözlərini bərəldib əlini-qolunu ölçə-ölçə min-bir həvəslə aldı görək nə dedi:
- Əlbəttə düzdür. Mənim atam hamıdan güclüdür, bilirsiz, o, pəhləvandır. Mənim anamı hər gün döyə bilir, anamın isə ona gücü çatmır. Atam ona bir təpik, bir yumruq...o da ölür, sonra yenə durur ayağa...
Elə bil qurbağa gölünə daş atdılar. Kiminin təbəssümü üzündə qaldı, kiminin də tikəsi boğazında. Və bütün uğaqlar səs-səsə verdilər:
- Mənim də atam pəhləvandır!
- Mənim atam da anamı döyə bilir!
- Mənim atam da...
Evin xanımı ağlamağını saxlaya bilmədi. Kimsə uşaqların başına qışqırıb qovdu. Süfrə arxasındakı bütün kişilərin üzündən pərtlik, bütün qadınların sifətindən zəhrimar yağdı.
- Uşaqdırlar da, fikir verməyin, - yer-yerdən deyənlər də oldu.
Amma...
Məclis artıq dağılmışdı...
***
Mənim pəhləvan oxucum...
Yaxın otur...əllərini aç...Qorxma, mən sənin lənətə gəlmiş ibtidai sinif müəllimən deyiləm, xətkeşlə döyəcləmərəm barmaqlarını...Sadəcə əllərinə baxmaq istəyirəm...
Bax, bu əllər...bir zamanlar bir körpənin əlləriydi. Bir ananın sinəsinə pərçim olar, ən dəyərli nemətini heç kimsəyə vermək istəməzdi, yadındamı? O südün tamı hələ damağındamı?
Sonra bir gün bu əllər bir oğlanın əlləri oldu. Bir qızın saçlarını oxşadı, üzünü, əllərini, bədənini sevdi o qızın...Daha sonra bəy əlləri oldu onlar, yadındamı? Bir gəlinin qırx düyməlik bəxtini açdı...Kərəm olub yanmadın ki...Maraq dolu bir ehtiras bürümüşdü dünyanı sən demə...sevgi yox.
Zaman keçdi. Kişi oldun. Əllərin özündən tez ağırlaşdı. Min-bir-işdən yapışdı bu əllər, min-bir zəhmətə qatlaşdı. Oldu ki, haqqını tapdaladılar, qürurunu sındırdılar, səni bu əllərinlə seçmədiyinə səs, sevmədiyinə salam, işin düşdüyünə rüşvət verməyə vadar etdi həyat. Bu əllərlə çəpik çaldın səndən yuxarıdakılara, unutma...döyənəklərinin yeri hələ göynəməkdə...
Və hər şeyə nifrət yarandı səndə. Hər şeyə tüpürmək, hər kəsə üsyan etmək istədin bir gün. Amma hər şeyə tüpürməyin sonu ölüm, hər kəsə üsyan etməyin sonu zülümdür, bunu anlayırdın. Səndən daha güclülərə çatmadı, çatmadı əllərin, bax, elə bu əllərin, unutma!
Ürəyində dəhşətli bir ehtiyac vardı – bu dünyada heç olmasa bir nəfərdən özünü daha güclü hiss edə bilmək ehtiyacı...Və bir gün anladın ki, əlinin altında səndən zəif, səndən zərif birisi var, bütün üsyanlarını ona etsən, bütün nifrətlərini ona tüpürsən sənə heç bir ziyanı olmaz...əksinə, “əsl kişi” deyər sənə hamı...Çünki HAMI çoxdan bu cür yaşayır...
İndi bu əllər səndən zəif, səndən zərif bir qadının üzünə şapalaq çəkir hərdən, çiyinlərindən tutub çölə atır, çörəyini başına çırpır, qapısını üzünə...
Və hər axşam...o sevilmiş, o alınmış, o döyülmüş qadının açdığı süfrədə bu əllər Tanrıya açılır “Şükürlər olsun!” deyə...
Mən bilmirəm Tanrı hər axşam sənin əllərində nə görür, nə oxuyur...Mən baxdıqca bir ürəyin, bir sevginin qan izlərini gördüm...
Ayıb deyilmi, pəhləvanım?
Bu əlləri üzünə tutmaqdan başqa bir yolun qalmadı, bax...
20-07-2007
http://www.facebook.com/notes/cavidan-xalilova/
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder