http://kultaz.com
BİR OVUC KÜL
Məni qocaldan,
susduran,
saçlarımı ağardan
bütün vaxtı ötmüş
xatirələrimi,
əhvalatlarımı
atdım
kimsəsizlərin yeməkxanasına.
Gecə
kimsə yandırdı
acların ümid yerini.
Zülmətin sayrışdığı gecədə
aydın gördüm usandığım dostlarımı
qulağımı qaşındıran sözləri
fikirlərimi qarışdıran
həyatıma düyün salan
bütün hadisələri….
Yandı, hamısı yandı.
Bir ovuc kül oldu…
Yüngülləşdi yer kürəsi
qəlbim kimi…
*
BƏHANƏ
Bir bəhanə ilə
sənə vermək istəyirəm
sevgimi.
Sən də həkk edərsən
otağının divarlarına…
Baxıb şeir uydurarsan.
Gizlənib
misralarda
qonaq gedərəm
insan ürəklərinə.
Sənin
mənim
qəlbimdə olduğu kimi
hər dəfə
bürünüb sevgilərə
ölərəm qəlblərdə.
Yaşamaq bəhanəm olmaqçün….
Hiç yorum yok:
Yorum Gönder