26 Ekim 2011 Çarşamba

Qan Turalı.Üç kədərli əhvalat




Rusca bilməyən rus qızı

Bu gün bir uşaq düşmüşdü yadıma. Elmin onunla mənim şəklimi Facebook-a qoymuşdu. 3 il bundan qabaq Norveç səfirliyinin bir layihəsində görmüşdüm onu. Atası da rus idi, anası da. Bir gün çıxıb anası getmişdi evdən. O da bu internata gəlmişdi. Və rus dilini bilmirdi. Beş yaşı vardı cəmi. Beş… Üç il idi burdaydı. 5 yaşına iki dil sığdırmışdı.

Çeçələ barmağının iki dırnağı vardı. Qüsurlu doğulmuşdu. Mənə deyirdi ki, mən böyüyəndə onlar da birləşəcək. “O biri barmaqlarım birləşib, bir bu barmağım qalıb”.

Bu üç ildə getmədim bir gün yanına. Ancaq tənbəllik deyildi bu. Ancaq tənbəllik ola bilməzdi. Necə deyirdi o məşhur filmdə: “Mənə “məktub yazacağam” demə. Lütfən demə. Katerina da dedi, amma yazmadı. Yazma mənə məktub”.


İkinci əhvalat


Həftəyə kədərlə başlamaq üzücüdür.

Kədər yoluxucudur çünki.

Sizi kədərləndirdiyim üçün üzr istəyirəm amma…

Başqa bir kədərli hadisə haqda danışmaq istəyirəm.

Nə vaxtsa mənə bir dəli haqda danışmışdılar.

Hər dəlinin bir şakəri olur, bununku da əlində dəftər qələm kəndin küçələrində gəzib gördüyüm avtomobillərin nömrəsini yazmaq idi.

Bir zaman (onda o dəli deyildi) bir kiçik qızcığazı maşın vurub gözlərinin qarşısında.

Sürücü qaçıb gedib.

O da maşının nömrəsini yadda saxlamadığı üçün şoka girib.

Şokdan çıxar-çıxmaz bir dəftər alıb əlinə.

Gördüyü bütün maşınların nömrələrini qeyd edirmiş ora.

Bir gün lazım olar deyə.

Dəli kimdir, ağıllı kimdir, daha o bəlli deyil bu məmləkətdə…

Nə deyirdi Asif Ata?

“Kefli İsgəndəri eşitmədilər. Çünki kefli idilər. İçərilərində ayıq olan bircə adam vardı: Kefli İsgəndər”.


Üçüncü əhvalat


Onsuz da heç bir gülməli hadisə kefinizi açmayacaq.

Ona görə də kədərli bir hadisəni də yazıram.

Sevincimiz Ginnesə düşmürsə, barı kədərimiz düşsün.

Bir qəbilə tapıblar Afrikanı içərilərində.

Adam yeyən bir qəbilə.

Adam yediklərinə baxmayın, adam yeyilməsi lüks deyil, aclıqdandır.

11 yaşımdan bilirəm bunu, “Kapitan Qrantın uşaqları”nda oxumuşdum.

Alimlər qəbiləni araşdırarkən böyük bir təyyarə maketi görüblər.

Hamısı heyrətə düşüb, bu vəhşi qəbilə təyyarə maketini niyə düzəldibmiş.

Özləri izah ediblər: “Göylə nəhəng bir quş uçur. Bunu da düzəltmişik ki, gəlib qonsun yanına. Biz də onu vuraq yeyək”.

Təyyarənin yerə enməsi üçün dualar edilir, ayinlər təşkil olunurmuş.

Məlum məsələdir, təyyarə yerə enəsi deyil.

Bu həsrət isə əsrlərlə sürəcək adamyeyənlər arasında.

Adamyeyən həsrəti uzun olur...

Hamı bazar ertəsi sindromundan danışır.

Bu da yoluxucudur deyəsən.

Uşaq olanda hiss etmirdim bunu.

İlk dəfə Tom Soyyerin macəralarında oxudum.

O gün bu gündür-məktəbdə, liseydə, universitetdə və işdə bazar ertələrinə alışa bilmirəm.

Bu da günün sözü: “Yeddi gün işləyən adamın bazar ertəsi sindromu olmur”.

http://kulis.az

Hiç yorum yok:

Yorum Gönder