20 Nisan 2025 Pazar

Sandıqça (hekayəm)

 


     Nəhayət, çoxdan gözlənilən bahar şəhəri bürüdü. Bir neçə gün əvvəl yağan qar erkən çiçəkləmiş budaqlara şəkər tozu kimi səpilmişdi, qara buludlar şişmiş lopalarla günəşi udmuş, mülayim bahar günəşindən tam zövq almağa imkan verməmişdi. Ancaq bu gün qar demək olar ki, hər yerdə əriyib, havada incə, şirin qatran və nəm torpaq qoxusu var.

     Zərnişan bu cür havanı çox sevirdi. İşdən çıxıb qızı Leylanın oxuduğu məktəbə gedirdi. Küknar və şam ağaclarının sıralandığı parkda addımlayarkən, ayazlı-qatranlı qoxunu ciyərlərinə çəkib gülümsəyirdi. Kefi kök idi. Niyə də olmasın? Ailəsi, qızı, həyat yoldaşı vardı. Qalmağa evi, yeməyə çörəyi vardı. Daha insana nə lazımdı ki? Bir kəlam yadına düşdü: əgər gözlərin görürsə, yeriyə bilirsənsə, danışırsan, sevirsən və hər səhər yatağından qalxa bilirsənsə, sən düşündüyündən daha zənginsən!

     Cib telefonu zəng çaldı. Tanımadığı nömrə idi.

—            Allo, kimdir? – Zərnişan soruşdu.

    Qızın bizdədir. Polisə zəng etmə. Bir saatdan sonra ev telefonuna zəng gələcək,  — xışıltılı metal səs dedi. Dud-dud-dud... xəttin o tərəfində telefon susdu. Zərnişan dayandı. Əvvəlcə səhv eşitdiyini düşündü. Necə? Qızı təhlükədədir? Onu oğurlayıblar? Kim? Bu təşvişli fikirlərlə Zərnişan bayaqkı nömrəyə zəng etdi, amma zəng çatmadı, görünür, telefonu ya söndürmüş, ya da qırıb tullamışdılar.

Zərnişan fikrini toplamağa çalışdı. Sonra  Leylanın sinif rəhbərinə zəng etdi:

             — Salam, Zeynəb müəllimə, Leyla haradadır?

            — Bu gün Leylanı bir qadın götürdü.

            — Niyə? Niyə icazə verdiniz? Bilmirsiniz ki, Leylanı ancaq mən götürürəm?

    Leyla o qadını görcək yanına qaçdı, soruşdum, tanıyırsan onu, dedi, bəli. Mən də düşündüm ki, kimsə qohumlardandır, ona görə Leylanı aparmağa icazə verdim.

    Nahaq yerə! Gərək mənə xəbər verərdiniz! – Zərnişan qəzəblə telefonu söndürdü. Bir an sonra ərinə zəng etdi:

—       — Kənan, Leyla yoxdu. Deyəsən, oğurlayıblar.

    Nə? Sən nə danışırsan? — Kənan dedi. Zərnişan hadisəni ona danışdı. Qərara gəldilər ki, polisə müraciət etsinlər.

2 Nisan 2025 Çarşamba

Alov İnannanın şeirlərindən

 



Yorulanda çadırlandığım,
İslananda çətirləndiyim ,
İstilənəndə kölgələndiyim,
Quşlarının nəğmələriylə
Ruhumu qanadlandırdığım,
Ağac anam,
Gəl, səni qucaqlayım.
Qollarım qollarına çatmasa da olar,
Saçlarım saçlarına dolaşmasa da olar,
Nəfəsinlə ciyərlərimi doldurum.
Ruhunu içimə çəkim.
Sənə söykənəndə,
Arxamda güvənlə durduğunu
bilməyim bəsimdi

19 Ekim 2024 Cumartesi

Türk şeiri. Turgut Uyar. "Bir gün səhər-səhər"




Bir gün səhər-səhər qapını döysəm,

Kimdir? - yuxulu səsinlə sorarsan içəridən.

Saçların dağınıq, özün narahat -

Kim bilir, necə də gözəlsən o an.

Bir səhər qapını döysəm,

Yuxudan səni oyandırsam,

ki, hələ limandan duman qalxmamış,

zavodun fit səsi eşidilməkdə...


Çevirdi: Sima Ənnağı

 

Türk poeziyasından qısa şeirlər


 *

Qəmliyə doğru

dənizi görəçəksən.

Heç mat qalma... (Orxan Veli Kanık)

*

Lopa-lopa yağan qarı düşündüm,

pəncərənin önündə bütün yazı,

baxdım ki, qan içindəyəm... (Ahmet Oktay)

*

Tap-tap-tap - qapı döyüldü,

Açdım baxdım ki,

yalnızlığımmış... (Cemal Süreya)

*

Kor öləndə, badam gözlü olurmuş,

Sevgilim badam gözlüydü

Demək, mən

Bütün ömrümcə

Bir ölünü sevmişəm! ( Orhon Murat Arıburnu)

*

Burada külək, burada yağış,

sol çiyninə günəşi asmadan gəlmə! (Oktay Rifat)

*

Dəli edər adamı bu dünya,

Bu gecə,

bu ulduzlar,

bu qoxu.

Bu təpədən-dırnağa çiçək açmış ağac... (Orhan Veli Kanık)

*

Gözləyirəm...

Elə havada gəl ki,

imtina etmək mümkün olmasın... (Orhan Veli Kanık)


Çevirdi: Sima Ənnağı





3 Ekim 2024 Perşembe

Avqust (şeir dəftərçəmdən)


 

Avqust dodaqlarda

Qaymaqlı dondurma kimi

Xəfifcə əriyir,

Havanın istisini

Çiyimlərimdə daşıyıram

Yapıncı kimi.

Nə qədər görülməmiş yuxular,

Nə qədər oyanmamış ürəklər  var

Avqustda.

Nə qədər

Deyilməmiş sözlər

Qapanıb dodaqlarda.

Bir toxunuş,

Bir baxış,

Bir ətir

Xoşbəxt olmağa kifayət edir...

Sima

Eşqin sonu (şeir dəftərçəmdən)


 

Nə vaxtsa bu gözlərdə bir dəniz vardı,

Çəkirdi məni özünə,

Boğurdu ehtirasda.

İndi

əlində siqaret,

zilləmisən gözünü

közərən uca,

tüstü dolur içimə

dəniz əvəzinə...


Sima

Eşq

Gəl,

Söz

De.

Su

Ol

Ax.

Od

Ol

Yan.

Ot

Ol

Bit.

Gül

Ol

Sol.

Yad

Ol

Öl.

Eşq!

Quş

Ol

Uç!

Mən

Sən

   Son...

03.10.2024 

Sima


6 Mart 2024 Çarşamba

Tərcümələrimdən. Kanae Minato (Yaponiya). ETİRAFLAR (davamı)

 

Son dərs günündə yenə də Verterlə mən Naokigilə getdik. Axşam saat altı radələri idi, amma günəş üfüqdən yüksəklikdə dayanmışdı. Naokinin evləri qarşısında tamam tər içində idim.

Həmin gün Naokiyə qan analizinin nəticələrinə aid məktub gətirmişdim. Fikirləşdim ki, Süya həqiqəti bilirsə, Naoki də bilməlidir. İnanmırdım ki, məktubumdan sonra Naoki məktəbə qayıdacaq, qayıtsa ya qayıtmasa, vecimə deyildi. Mən sadəcə istəyirdim ki, Naoki daha həyəcan keçirməsin. Naokinin anası qapını azacıq araladı, Verter konspektləri və sinif yoldaşlarımın çəkdiyi açıqcanı hədiyyə kimi ona uzatdı. Təəccübləndim ki, açıqcanı indi verir. Onu tamam unutsaydı!

Gördüm ki, isti havaya baxmayaraq, Naokinin anası uzunqol yun köynəkdədir, bəlkə evdə kondisioner işləyirdi. Ananın üzünə fikir vermədim. Ona Naokiyə yazdığım məktubu ötürmək istəyirdim ki, Verter çəkməsini qapı arasına soxub qışqırdı:

-         Naoki, oradasansa, məni eşit! Əzab çəkən təkcə sən deyildin. Süya da əzab çəkirdi. Sinif yoldaşları ona işgəncə verirdilər. Çox qəddarcasına! Amma mən onları inandırdım ki, belə etmək olmaz. Və onlar islah oldular. Naoki, bilirəm, ağır günlər keçirirsən, amma dinlə! Sənə kömək edəcəm. İnan mənə! Sabah mütləq məktəbə gəl! Gözləyəcəyik!

Onu dinləyərkən, əsəb keçirirdim. Məgər Verter demirdi ki, guya kimsə Süyaya paxıllıq edir? İndisə deyir ki, uşaqlar Süyaya işgəncə veriblər. Başımı qaldırıb yuxarı baxdıqda, ikinci mərtəbənin pəncərə pərdəsi, Naokinin otağının pərdəsi xəfifcə tərpəndi.

Verter çox coşqulu, həyəcanlı idi, gözləri dəli gözü kimi parlayırdı. O, Naokinin anasına yüngül təzim etdi. Qonşular səs-küyə çıxıb nə baş verdiyni bilmək istədilər. Verter geniş təbəssümlə mənə dedi:

-               -     Çox sag ol ki, Midzuho, mənimlə gəlirdin!

O mənə müraciət edirdi, amma səsi gərəksiz dərəcədə zil çıxırdı, qonşular onu eşitmişdilər. Bu bir aktyorun oyunu idi. Mən də tamaşaçı rolunda idim. Mən əvvəldən axıra kimi şahid idim ki, nümunəvi müəllim problemli şagirdin evinə necə gəlib-gedir.

Naokiyə ünvanlanmış məktub cibimdə qaldı. Onu var gücümlə əzdim.

Həmin gecə Naoki anasını öldürdü.

Tərcümələrimdən. Kanae Minato (Yaponiya). ETİRAFLAR (davamı)

 


Ertəsi gün sinfə gəldikdə, bir neçə oğlan fit çaldı, qızlar da lövhəyə baxıb gülürdülər. Lövhədə təbaşirlə ürək şəkli çəkilmişdi, içində mənim və Süyanın adı yazılmışdı. Gözlərimi endirib sakitcə yerimə keçdim. Partamın üstündə də markerlə ürək şəkli çəkilmişdi.

-         Sabahın xeyir, Midzuho! – Ayako əlindəki telefonu yellədərək, qışqırdı. Ona fikir vermədən əyləşib kitabı açdım, oxumağa başladım.

Süya peyda olanda, onu da gülüşlə qarşıladılar. O, lövhəyə qısa nəzər salıb çantasını partaya qoydu və hamıdan bərk fit çalan Takaxiroya yaxınlaşdı.

-               -     Nədi, qatil, deməyə nə sözün var? – Takaxiro saymazyana gülümsəyərək soruşdu.

Süya cavab vermədi. Əlini uzadıb dırnağının ucu ilə Taxakironun üzündə bir cızıq açdı, bu qırmızı xətt bütün işgəncələrə son qoydu. Cızıq Süyanın qanı ilə çəkilmişdi. Oğlanlardan bir neçəsi qışqırdı, sonra sakitlik çökdü.

-         Midzukini tutan sən idin? Onun qarşısında yaltaqlanırdın? – Süya Ayakonu göstərdi. Sonra o, Ayakoya yaxınlaşıb yaralı barmağını yuxarı qaldırdı. Qan onun biləyinə qədər axmışdı. Ayako qorxub əlləri ilə üzünü qapadı, amma Süya qanlı əlini onun parta üzərindəki telefonuna toxundurdu. Ayako qışqırdı.

-         Qorxaq! - Süya dedi. – Özün çirkli işləri görmürsən, başqalarına etdirirsən? O qədər avamsan ki, anlamırsan ki, səndən sui-istifadə edirlər?

Sonra Süya Yusukenin partasına yaxınlaşdı. Yusuke baş verənləri səssizcə izləyirdi.

-               -      Sən də bu gic qızı mənə yönəltdin, cırnatdın onu? – Süya soruşdu.

Bu sözlərdən sonra Süya əyilib Yusukenin dodaqlarından öpdü. Bütün sinif nəfəsini qısdı. Yusuke, idmançı oğlan, birdən-birə ağardı.

-         Nədi, xoşuna gəldi? – Süya təbəssümlə dedi. – Cəza vermək? Siz ədalət qurumu deyilsiniz! Bilirdiniz ki, Moriqutinin qızı hovuza tərəf gedib. Vaxtında hər şeyi danışsaydınız, qız tələf olmazdı! Hamınız günahkarsız! Elə bilirsiniz, məni cəzalandırmaqla günahlarınızı yuyursunuz? Nə oldu? Siz əsil riyakarsınız! Əgər bu şəkildə davam etsəniz, gələn dəfə hər birinizi, dilimi ağzınıza salaraq, öpəcəm!

O vaxtdan Süyadan hamı əl çəkdi.

Tərcümələrimdən. Kanae Minato (Yaponiya). ETİRAFLAR (davamı)

 


Yusuke açıq-aydın Süyaya qarşı çıxdıqdan sonra Süyanın partası hər gün süd paketləri ilə dolu olurdu. Təzyiqdən paketlər partlayıb dağılırdı. Bir dəfə kimsə çürümüş qatıq gətirib qoymuşdu. Süya hər gün dinməz-söyləməz halda paketləri yığışdırıb atırdı. Onun dəftərləri, idman forması itirdi, kimsə onun dərsliklərinin hər səhifəsində “qatil!” sözünü yazmışdı. Əksər uşaqlar yenə də Süyanı iqnor edirdilər, amma bir neçə uşaq ciddi şəkildə Süyanı qısnayır, əzab verirdilər.

Bir gün hamımız eyni mesajı aldıq: Süya cəzalanmalıdır! Oyun başladı! Kim ən çox xal toplayar?

Bu mesaj əvvəlki naməlum nömrədən gəlmişdi. Sadə qaydalar vardı: Süyaya qarşı edilən işgəncələrdən xəbər verməli və xal qazanmalıydıq. Kim az xal toplasaydı, “qatilin dostu” sayılacaqdı və özü də qısnamaya məruz qalacaqdı.

Süyanın halına acımırdım, amma təklif edilən oyun xoşuma gəlmirdi və mən iştirakdan imtina etdim. Elə bilirdim, hamı belə edəcək. Bir neçə gün sonra sinifdə ən sakit uşaqları – Yukari və Sasukini gördüm, onlar ayaqqabı dolabının yanında dayanıb, Süyanın siyirməsini süd paketləri ilə doldururdular, sonra da telefonla hesabat göndərdilər.

Deməli, əgər bu sakit şagirdlər oyuna qatılıbsa, mən sıfır xallı yeganə şagirdəm?

Növbəti həftə sinfə gələndə çox həyəcanlı idim, amma hər şey adi keçdi. Görünür, xal qazanmayan başqa şagirdlər də vardı. Rahat nəfəs aldım ki, hamı dəlilik etmir.