23 Temmuz 2026 Perşembe

Çağdaş Azərbaycan poeziyası. Sevinc Elsevər

 


Uşaqlar ilk qara sevinən kimi

İlk qar dənələri torpağa qonur,

əriyirlər,

hələ bilmirsən

qalacaq yerdə qar,

ya əriyəcək zərrəciklər,

yox olacaqlar?!

 

Zamanla

Bəzən bütöv gecədən sonra

Durub pəncərədən baxanda

əmin olursan hər yerin ağappaqlığına.

Sevinirsən qar yağmağına.

Gözlədiyin mənzərəylə rastlaşmayanda

Təəssüflənir,

Kədərlənirsən.

 

Bütün yaxşı əməlləri görən

Cəsur adamlar da

Ilk qar dənəcikləri kimi

Atılırlar irəli,

Hələ əmin olmadan

Nəyin, necə olacağına,

Xeyirxahlıqlarının yadda qalıb –

Qalmayacağına,

Fədakarlığa dəyib-dəyməyəcəyinə.

Bütün hallarda hər şey ötəridir,

Amma həm də unudulmaz,

Xatırlanmağa dəyər işlər görməli.

Uşaqlar hər sabah pəncərədən

Qar görüb sevinən kimi,

Sevinməli sənin əməllərinə adamlar.

*

Buzxanadan  çıxardığım

Iki xırda balıq

Bir-birinə elə sarılıb ki!

Bir-birindən ayrılmaları üçün

Suya salıram

Və düşünürəm kədərlə,

Sanki həyatın amansızlığına,

Mənim qəddarlığıma qarşı birləşiblər əbədi.

*

Dünən dibçəyə əkdiyim budaq

Dirçəlib,

Ona mən də həyat vermişəm

Su,

Hava,

Torpaq,

Günəş kimi

Sığmır sevincim yerə-göyə,

Ana olacağam mən də bu çiçəyə...


Hiç yorum yok:

Yorum Gönder