http://www.azadliq.org
KIŞİ
Zülmnən tapdığı çörəyi
hər axşam bölər evində
bir tikə hərəyə-
özünə, arvada, uşaqlara
və siçançün qurulmuş tələyə.
SEVGI
Zibil qutularında hər gün
çörək tullantılarını yığan bomj
bu dəfə tullanmış solğun gülləri yığırdı
qadınına bağışlamaqçün.
İNTIHAR QƏRARINA GƏLMIŞ BU QADIN
İntihar qərarına gəlib
döşlərini qucaqlamış bu qadın
qolları qoynunda
düyün düşmüş kimi görünər.
Son dəfə qışqırar:
- silləni sığaldan gözəl çəkə bilirsizsə
qadınçün fərqi yoxdu.
İntihar qərarına gəlib
eyvanda dayanmış bu qadın
özünü atmaq istəyər
göydə sürətlə axıb keçən bir ulduzun altına.
XƏTLƏR
Falçının qarşısında açılmış
bu qoca əllərin içi
hələ də eyni şeyi göstərirdi:
«17 yaşında məhəbbətini tapacaqsan…»
KƏND
Kənd göylərində
təkcə təyyarələrin səsi
özündən geridə qalır.
Heç kəsilmiş qurbanların da
itmir son xırıltısı,
soyulmuş dəridə qalır.
Kənddə eyni sürətlə gedir
inəklər, maşınlar, adamlar.
Tumanını çirmələyib
kərpic palçığı tapdayan kənd qızlarını
topuğundan sevir kənd oğlanları.
Hiç yorum yok:
Yorum Gönder