İnsanı idarə edən iki mühüm komponent – ağıl və hiss... Əgər AĞLIN MƏKANI BEYİN – BİLİKLƏRİMİZ VƏ YADDAŞDIRSA (gen yaddaşımız və həyat təcrübəsində qazandıqlarımız), bəs HİSSİN MƏKANI HARDADIR: BİZİM İÇİMİZDƏMİ, BİZDƏN KƏNARDAMI? İnsan vücudunun daxilindəmi, əhatəsindəmi? HİSSLƏRİMİZ ŞÜURUN İRADƏSİNƏ TABEDİRMİ? Emosiyaların yaranmasında, yaşamasında və yox olmasında şüurun rolu nə qədərdir?
Hərçənd ŞÜUR özü də LAMƏKANDIR və bioloji terminlərlə izah olunmayan bir şeydir. Bu abstrakt məfhumun konkret olaraq harada yerləşdiyi, hansı formada olduğu, necə çalışdığı hələ də elmin tədqiqat obyektidir. Minlərlə insanın beynində əməliyyat aparmış neyrocərrahlar, həmçinin bir sıra neyrofizioloqlar, filosof, sosioloq və psixiatrlar təsdiqləyirlər ki, ŞÜUR beyinlə əlaqəsi olmayan, kənardan idarə edən, müstəqil mövcud olan, dərk edilmiş “MƏN”dir.
Şüuru fövqəl qüvvə kimi qəbul edənlər, dini motivlərlə bağlayanlar da var. Bu halda insan şüurlu surətdə, yəni istəməklə özündə sevinc, ya kədər hissi, həyəcan... yarada bilərmi? Məsələn, sevmək istədiyi üçün sevə bilərmi? Hər hansı fərdə və ya hadisəyə münasibəti idarə etmək zahirən mümkündür, bəs daxilən necə? Bu da mümkündürmü? İnsan özünə əmr verərək kimə və nəyəsə qarşı duyduqlarını bir anda yox edə və ya dəyişdirə bilərmi? Məntiqinə uyğun gələn, amma ürəyinə yatmayan münasibəti zorla özündə yarada bilərmi?
Məlumdur ki, həzz və ləzzət kimi duyğular insan beyninin məhsulu olaraq, onu şərtləndirən amillər mövcud olduqda meydana gəlir (məsələn, sevdiyin musiqini dinləyəndə, ürəyincə olan işi görəndə həzz alırsan; dadlı bir yemək sənə ləzzət verir və s.). Özünü tanıyan hər insan həzzin mənbəyini bilir. Bildiyi üçün də o hissi özündə yaratmaq, yaşatmaq və o hissin ömrünü uzatmaq imkanına malikdir.
Amma SEVİNC VƏ KƏDƏR, HƏYƏCAN SANKİ KƏNARDAN TRANSFER OLUNUR. El arasında çox işlənən bəzi deyimlərə diqqət edək: “Hər bayram bizə bir dünya sevinc gətirir”, “qəm qəm gətirər, dəm dəm”, “içimə kədər doldu”, “dərd-qəm qəddini əydi”, “qəm-kədər gətirdi yenə də payız”və s. İnsan təfəkküründən dilə süzülən bu tip misallardan belə qənaət hasil olur ki, sevinc və kədər hissləri kənardan gəlir, ətraf mühitin (maddi və qeyri-maddi mühitin) vasitəçiliyi ilə bizə aşılanır.