16 Ekim 2026 Cuma

Balıq olub üzərəm ağ gəminin izincə... (esse)

 (Çingiz Aytmatov. “Ağ gəmi”)



Qırğızıstanın görkəmli yazıçısı Çingiz Aytmatovun (1928–2008) “Ağ gəmi” povestini bu yaxınlarda yenidən oxudum.  Xatırlamıram, bəlkə də yeniyetməlikdə bu əsəri oxumuşdum, amma həyat təcrübəm az olduğu üçün tam dərk etməmişdim. İndi — yetkin yaşda oxuduqda isə əsər məni dərindən sarsıtdı.  Tərəddüdsüz demək olar ki, “Ağ gəmi” XX əsr dünya ədəbiyyatının ən təsirli və faciəvi nümunələrindən biridir. Aytmatov bu povesti 1970-ci ildə, cəmi 40-42 yaşlarında qələmə alıb. O yaş dövrü üçün belə dərin fəlsəfi ümumiləşdirmələr, psixoloji müşahidələr və incə metaforlar yaratmaq həqiqətən də böyük dühanın göstəricisidir. 

Əsərin baş qəhrəmanı yeddi yaşlı adsız bir uşaq saf iç dünyası ilə "yetkin" sayılan böyüklərin amansızlığı, xəyanəti və vəhşiliyi ilə üz-üzə qalır. Yazıçının qəhrəmana ad verməməsi təsadüfi deyil; o, ləkəsiz uşaq vicdanının, nağıllara olan səmimi inamın və xəyallara sadiqliyin ümumiləşdirilmiş rəmzidir. Uşaq o qədər tənhadır ki, İssık-göldə üzən ağ gəmini durbinlə daim müşahidə edir və bir gün atasına qovuşacağına inanır. Onun ruhunu  babasının söylədiyi "Buynuzlu Ana Maral" əfsanəsi qidalandırır. Rəvayətə görə, Ana Maral qırğına məruz qalmış insan icmasından iki körpəni xilas edərək böyütmüş və tayfanın xilaskarı olmuşdur.

Xəyallar və nağıllarla dolu dünyasında yaşayan balaca qəhrəman bir gün həqiqətən də Ana Maralı dağda görür, lakin böyüklərin — təbiətin və mənəviyyatın  düşmənlərinin Ana Maralı qəddarcasına öldürüb ətini bəh-bəhlə yeməsi uşağın dünyasını darmadağın edir. Əfsanədə sakral (müqəddəs) və toxunulmaz sayılan bir varlıq böyüklərin acgözlüyü, mənəvi korluğu nəticəsində adi bir "ət" obyektinə çevrilir. Uşağın ən əziz varlığı olan Ana Maral və ən ali hissi — xəyallara olan inamı kirlənir, məhv edilir. Zalım və qəddar dünyada yaşamaqdan imtina edən uşaq buzlu gölə atılaraq balıq kimi Ağ gəmiyə qədər üzməyə qərar verir – o Ağ gəmi xoşbəxtlik deməkdir. 

Povestdə Buynuzlu Ana Maral — əcdadların mənəvi yaddaşını, xalqın tarixini, təbiətin və ilahi mühafizənin rəmzidir. Ağ gəmi isə nurun, harmoniyanın, ədalətin və həsrəti çəkilən ailə ocağının simvoludur.

 Əsərin tragik finalı (uşağın intiharı) zamanında Sovet tənqidçiləri tərəfindən kəskin qarşılanmışdı. Onlar yazıçını oxucuya bədbinlik aşılamaqda və uşağa qarşı amansız olmaqda günahlandırırdılar. Lakin Aytmatov finalı dəyişmədi. Çünki o, uşağın bu son addımını amansız dünyaya qarşı ən ali mənəvi etiraz kimi görürdü — balaca bir uşağın gücü buna çatırdı. Bu uşaq intihar etməsəydi, zalım dünya ilə barışmalı, ümidsiz həyata boyun əyməli idi. 

Burada necə bir tragik paradoks var: zamanında Ana Maral iki insan körpəsini ölümdən xilas etmişdi, lakin böyüyən insanlar nankorcaına Ana Maralı vurub öldürürlər. Ana Maral sadəcə bir heyvan deyil,  xalqın tarixi yaddaşı və varlıq səbəbidir. İnsanlar Ana Maralı vurmaqla, əslində, öz mənşələrini, milli köklərini və mənəvi dəyərlərini  vururlar.

Mətndə diqqətimi çəkən fikirlər:

·         Insanların çoxu xəstəlikdən deyil, onları içdən yeyən əbədi həvəsdən – daha böyük görünmək həvəsindən ölürlər;

·         Insanda uşaq vicdanı toxum rüşeymi kimidir, rüşeymsiz toxum cücərməz;

·         Sən şimşək kimi yaşadın – bir gün çaxdın, söndün. Şimşəyi səma çaxdırır, səma isə əbədidir;

·         Baba nəsihət edirdi: “İnsanlar əcdadlarını unutsalar, korlanacaqlar... Heç kim pis əməllərdən utanmayacaq, çünki  nə uşaqlar, nə də uşaqların uşaqları onları xatırlayacaqlar. Və heç kim yaxşılıq da etməyəcək, çünki onsuz da uşaqların bundan xəbəri olmayacaqdır...”;

·         Xoşbəxt olmaq, başqasını xoşbəxt etmək necə də asanmış. Həmişə belə olsaydı, nə vardıy ki. Bax, elə indi kimi, bu an kimi. Amma həyat belə deyil – xoşbəxtliyin yanında bədbəxtlik daim dayanır, ruhumuza, həyatımıza sirayət edir, qarabaqara bizi izləyir;

·         Elə düşünürsən ki, hə, indi sakit yaşaya bilərəm, amma yox, həyat səni vurur;

·         Oğlum, harada pul varsa, mərhəmətə yer yoxdur, gözəlliyə yer yoxdur;

·         İnsanı doğub böyütmək çətindir, öldürmək asan;

·         Evində hüzuru qorumaq üçün şərə güzəştə gedəndə, insanın özü məhv olur.


Sima

Hiç yorum yok:

Yorum Gönder