Salam, bu bloq Sima Ennaginin blogudur (kecmish blogumun adresi - www.simacan.azeriblog.com), indi ise bu yeni bloqumda yazilarima davam edecem. Her gun burda gorusmek umidiyle, Sima. YASHASIN SOZ SENETI! :)
9 Nisan 2012 Pazartesi
Şahbaz Xuduoğlu: “Quranı məhbəsdə oxudum”
“Qanun“ nəşriyyatının direktoru Şahbaz Xuduoğlu “Məşhurların kitabı” layihəsində
-Şahbaz bəy, kitab oxumaq sizin üçün nədir?
-Kitab özümlə söhbətdir, hər gün kitablar vasitəsilə özümlə söhbət eləyirəm. Digər tərəfdən, özünü təsdiqə gedən yolda sönməz bir çıraqdır. İndiki dövrdə işin, nüfuzun, ətrafın, dostların, maliyyə imkanların, silahla döyüşmək, vuruşmaq, yaxud oğurluq yolu ilə deyil, məhz oxumaqla qazanılır. Təəssüf ki, bu formulun Azərbaycana az aidiyyəti var.
- Kitab biznesə çevrildiyinə görə onunla ünsiyyətiniz azalmayıb?
-Yox, əksinə. Biznes məni kitaba daha yaxın etdi. Baxın, sabit iş rejimim var: səhər 7-də başlayıb 22-yə qədər davam edir. 20 ildir bu rejimə əməl eləyirəm. Şəraitə uyğun kitabla ünsiyyətdə olmağa çalışıram, ictimai nəqliyyatda, maşında, təyyarədə. Çalışıram, hər yerdə yanımda kitab olsun. Artıq bütün vaxtım kitabla bağlıdır. O mənim həyatımı dəyişib və dəyişməkdə davam eləyir. Bütün ətrafım, ünsiyyətdə olduğum insanların hamısı üçün kitab ortaq dəyərdir.
-Onda gündə mütaliəyə nə qədər vaxt ayırdığınızı soruşmaq yersizdi.
-Bəzən elə olur ki, günə 150 səhifə oxuyuram, bəzən 50 səhifə. Amma hər gün mütləq oxuyuram. Bura işimin xüsusiyyətindən irəli gələn məcburi oxumalar da daxildir, “göz gəzdirmələr” də. Məsələn, bəzən çapdan əvvəl kitaba baxmalıyam, onu bir saat, yarım saat içində gözdən keçirməliyəm. Bir də var, özümün, necə deyərlər, dizimi yerə atıb oxuduğum kitablar.
-Bu vaxta qədər oxuduğunuz kitabların arasında həyatınızın axışına, verdiyiniz qərarlara təsir eləyən olubmu?
-Bəzən deyirlər ki, kitab, insanı dəyişmir. Amma nəzərə alaq ki, bəşəriyyət kitabın məhsuludur. İndiki münasibətlər sisteminin təməlində kitablar dayanıb. Yer üzündə 7 milyard əhali var. Bunlar hamısı bəşəri və milli dinlər arasında bölünüb və hamısının kitabı var. Müsbət əhvala kökləyən kitablar olub, yerli yazarlardan, Sabir Əhmədovun yaradıcılığı buna misaldır. Sonra Deyl Karneqi və bu səpkidə olan kitabları dönə-dönə oxumuşam, o, iş həyatımda böyük rol oynayıb. İşi necə qurmağı, dostları necə qazanmağı, insanlarla ünsiyyət yaratmağın yollarını onlardan öyrənmişəm. “Ünsiyyət qurmağın bir yolu başqasının dinləməkdir”. Bu cümləni Karneqidən oxumuşdum. 2003-cü ildə mətbəəmizin işığını kəsmişdilər, şəhərin meri Hacıbala Abutalıbovla görüşə getdim. Cavanşir körpüsündən danışdı, oradakı heykəlin slaydının Ermitaj muzeyindən çıxarılması və çoxaldılıb körpünün üzərinə düzülməsindən, eləcədə bu heykəllərin oğurlanmasına qarşı mübarizədən. Sən demə, körpünün üzərindəki Cavanşirin heykəlcikləri hər gecə oğurlanırmış. Mer düz bir saat danışdı və sonra mənə dedi ki, siz çox gözəl həmsöhbətsiniz. Əslində mən ona bir kəlmə də deməmişdim. Mer o qədər şikayətlənmişdi ki, daha mənim ona onun şəhərindən şikayət etməyim yersiz idi. Heç nə demədim, o da heç nə soruşmadı. Onda düşündüm ki, Karneqi bizdə işləmir. Bəzi məqamlarda, çıxılmaz durumlara düşəndə kitablar oxuyuram və mütləq təsir eləyir. Məsələn, Elias Kanettinin “Kütlə və hakimiyyət”, Mişel Montenin “Təcrübələr” kitabı məndə dərin iz buraxıb. Bu kitabları həbsxanada yatdığım vaxt oxumuşam. Bir də Quranı... O da mənə yaxşı təsir eləyib.
-Mən Quranı ilk dəfə oxuyanda qorxmuşdum. Sonra bu hiss yavaş-yavaş keçdi, yerinə rahatlıq gəldi.
- Mənə elə gəlir ki, din düşünmək, haqqında danışmaq üçün deyil, susmaq, onunla bərabər olmaq üçündü.
- Həbsxanada kitabları necə əldə eləyirdiniz? Yəni əlinizə nə keçdi oxuyurdunuz, yoxsa seçim imkanınız vardı?
-Sifarişlə, vəkillərimiz gətirirdi. Orada kitabxana yox idi.
- Adətən, həbsxana təcrübəsi yaşamış yaradıcı insanlar sonra xatirələrini yazırlar... Sizin belə arzunuz yoxdu?
- O vaxt gündəlik yazırdım, niyyətim kitab hazırlamaq idi, həbsə düşən insanlara məsləhətlər olacaqdı. Məhbəs cəmiyyətinin xüsusi qaydaları var, onları əvvəlcədən biləndə yaşamaq çətin olmaz. Bütün qeydləri elədim, amma sonra kitab hazırlamaq həvəsim öldü.
Dediniz ki, 20 ildir kitabların arasındasınız. Deməli siz daha yaxşı bilərsiniz: onların mistikası var ya yoxdu?
-Mənim çox sevdiyim bir yazıçı var- Borxes. Əlli yaşında gözləri tutulub və yeganə təsəllisi kitablara toxunmaq olub. Qalan 36 illik həyatını əllərini kitablar üzərində gəzdirməklə oxuyub. Barmaqları kitabı sanki ona diktə eləyib. Demək istəyirəm ki, əlbəttə, kitabın mistikası var. Mən nəşriyyatda çıxacaq kitabları seçərkən əvvəlcə bir neçə məlumat oxuyuram və kitabın enerjisinə baxıram. Əgər müsbət təsir eləyirsə, özüm üçün o kitabın Azərbaycan cəmiyyətində çevrəsini cızıram - tutumu nədi, yayımı necə olacaq və sair – ondan sonra tərcüməyə göndərirəm.
-Bir növ kitabın monitorinqini aparırsınız.
-Bəli. Nəticə də yaxşı olur. Yaxınlarda Peter Stampın “Aqnes” kitabını oxumuşam. Mənə qəribə təsir elədi. Ondan bir yazı yazdım. Martin Suter “Kiçik dünya: mən hər şeyi xatırlayıram” kitabını oxumuşam. Altsheymer xəstəliyinə tutulmuş bir kişinin hekayətidi. Qəhrəman yaddaşını itirir, amma unutmadığı bir şey var - uşaqlıq illəri. Yəni yaddaş yuxarıdan aşağıya doğru silinməyə başlayır. Bu kitab tərcümə olunacaq, orada mainstreem ve intellektual ədəbiyyat vəhdət təşkil eləyir. Bu yaxınlarda İsgəndər Palanın Xətai haqqında yazdığı “Şah və Sultan” kitabını oxuyub bitirdim. Hələ də təsirindən çıxa bilmədiyim kitablardan biridir.
-Oxuduğunuz kitablarda sevdiyiniz, bənzəmək istədiyiniz, real həyatda axtardığınız qəhrəmanlar var?
- Adam yeniyetmə vaxtı bənzəmək üçün qəhrəman axtarır, onlar da real həyatda və ədəbiyyatda tez-tez bir-birini əvəz eləyir. Sonradan özündə hiss etmədən içində qəhrəmanlara qarşı bir istehza yaranır. Artıq epizodik qəhrəmanlara daha çox rəğbət bəsləyirsən. Yəni ansambl cəlbedici olur. Tolstoyun “Hərb və sülh” romanında 200-dən çox obraz var. Sən də artıq belə böyük bir komandanın oyununa baxırsan və heyrətlənirsən. Həyatları ikiləşmiş qəhrəmanlar məni daha çox cəlb eləyib. Herman Hessenin “Yalquzaq” əsərində, Somerset Moemin “Ay və qara qəpik”, Selincerin “Çovdarlıqa uçurumdan qoruyan” və digər əsərlərdə olan kimi, qəhrəmanların ikiləşməsi mənə daha maraqlı gəlib. Yəni qəhrəman olan kəsdə şübhəsiz, əclaflıq da var. Sənin düzəltdiyin qəhrəman çox zaman səni yeyən əjdahaya çevrilir.
-Bəs vurulduğunuz, sizin idealınıza çevrilən qadın qəhrəmanlar olubmu?
-Vurulduğum qəhrəman qadın azdır, amma qadınların vurulduğu qəhrəmana çevrilmək istəmişəm. Ədəbiyyatda qəhrəmanlıq ölümlə qazanılır, həyatda da çox zaman belədir, diri həyatın üstünlüklərini yaşamaq istəyən gərək ölümə də getsin. Məncə, ədəbiyyat qadınları kifayət qədər ifadə eləyə bilməyib. Onlar hələ də ədəbiyyatdan daha maraqlıdılar. Aqata Kristi mənə daha maraqlıdı, nəinki onun əsərləri. Ədəbiyyatda bir qadın yoxdur, çoxlu qadınlar var, amma ədəbiyyatda kişi birdi. Yəni ədəbiyyat kişiləri yazdıqları qədər qadınları yazmayıb. Görünür, qadınların dilini ədəbiyyat tam halda tuta bilməyib.
-Sevgi romanları da oxuyurdunuz? Sadaladığınız kitabların əksəriyyəti – Karneqi, Kanetti- bunların hamısı daha çox praktik həyata yönəlik kitablardı.
-Konkret olaraq sevgiyə görə oxuduğum bir əsər yoxdu. Məncə, hər əsərin içində sevgi olmalıdı. Eva Braun haqqında bir kitab oxumuşdum. Hitlerin kargüzarlığı ilə məşğul olmuş bir qadının xatirələri idi, Eva Braunun hər yerdə Hitlerin yanında olmağından yazırdı. Hitler ölümündən bir-iki gün əvvəl kiçik bir məclis qurur və deyir ki, həyatda sevdiyi iki məxluq var – Eva Braun və Blondi. Həmin məclisdə Eva Braunu öz arvadı elan eləyir. Blondi Hitlerin köpəyinin adı idi. Yəni ən axmaq adamın da qəlbində sevgi var və onun adı axmaq yox, məhz, sevgidi.
http://kulis.az
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder