18 Şubat 2012 Cumartesi

Rəbiqə Nazimqızı. "Sənə qədər" kitabından seçmə şeirlər



*
Sevgi birdən gəlir,
Yavaşca gedir bulud kimi.
Sənin eşqin də eləcə hopdu havaya, suya, torpağa,
Sonunda heç nə,heç nə qalmadı xatırlamağa...
*
Bütün sevgilər alınıb-satılır.
Ən ucuzlarını pula alırlar.
Məni neçə fikrə, neçə sözə, neçə baxışa aldın?
*
Pulumuzu vermədilər...
Dostum zəng vurmadı...
Sən sevindirmədin...
O qəzəbləndirmədi -
Bilmirəm niyə...
Amma sinoptiklər söz veriblər -
Havalar mütləq dəyişəcək...
*
Sənə məktub yazıram
Yadıma düşdüyünə sevinəsən deyə.
Hə, sevirəm səni.
Amma elə də sevinmə.
Gecəyarısı yuxum gəlmirsə,
darıxıramsa,
üstəlik,
yanımda qəşəng bir şəklin varsa,
səni sevməkdən,
sənə yazmaqdan asan nə var?
*
Nə qədər ki, yastığının altında
Telefon gizlədən kişilər var,
Qadınlar xoşbəxt olmayacaqlar...
*
Sinəmdə söz qalmayıb -
Adamlar gedəndə
sözləri də özləriylə apardılar...
*
Səni güclü bilirdim -
sevgidən, nifrətdən, qisasdan.
Nə yazıq,
bu gün anladım -
Sən də mənim qədər insansan...

2008

Hiç yorum yok:

Yorum Gönder