5 Kasım 2020 Perşembe

Şahnaz Şahin. Vətən çağırır

 


Hər gün qulağımı bir səs oxşayır,

Könlümə yüz boya çəkən çağırır.

Ruhunu Vətənin ruhuna qatan,

Canını bayrağa bükən çağırır.

 

Sevinir hər çiçək, hər yarpaq, hər kol,

Bu qaya səsləyir, o dağ çağırır.

Murovdan o üzə süzür xəyalım,

Bütün varlığıyla torpaq çağırır.

 

Qisas deyib durub gör neçə ildi,

Məzarı dağılan ruhlar çağırır.

Aparır qan izi üzü Şuşaya,

Didilmiş bədənlər, başlar çağırır.

 

Ağrı-ağrı kəsir ağrılarım da,

Gözlərdə çırtlayan yaşlar çağırır.

O daş yaddaşına qurban olduğum,

Dərələr əl edir, daşlar çağırır.

 

Səngərdən səngərə qonur quş kimi,

Müzəffər ordunun qalib əsgəri.

Başının üstündə üçrəngli bayraq,

Yıxır sərhədləri, aşır sədləri.

 

İnsantək dil açır hər cığır, hər iz,

“Cəngi” haraylayır, “Segah” çağırır.

Get, sənə, igidim, uğurlar olsun,

Səni o müqəddəs sabah çağırır!

Hiç yorum yok:

Yorum Gönder