20 Kasım 2020 Cuma

Murad Köhnəqala. Neoqəzəl

 


Yaxamdan tutub soruşurlar, hardasan indi, harda?

Bilsinlər,  elə bu sualın çöküntüsündə gizlənmişəm.

*

Şübhələrdən diksinib qulağımı şəkləmişəm, çünki mən

Şübhələr içindəki ol yəqində gizlənmişəm.

*

Fikir arılarım qanad çalır zərrələr arasında kimyagərlərtək,

Düşüncənin bala çevrilən məqamında gizlənmişəm.

*

Qəlbimdə ötən quşun nəğməsi yeddi rəngdədi

O rənglərin bahar cücərtəsində, yaşılında gizlənmişəm.

*

Vaqon-vaqon ötüb keçən qatar təkərlərinin

Əbədi simfoniyasındakı xoşbəxtliklərdə gizlənmişəm.

*

Mənim halımdan narahat deyil daşdan baxan əziz anam,

Çün, vaqifdir halıma, kədər içindəki ipəkdə gizlənmişəm.

*

Sevginin itməməsi qanunum da var, biləsən,

Təbiət arxamda durur atamtək, vəhşiliyində gizlənmişəm.

*

Qorxmaram qaranlıqdan, diz çöküb təslim olmaram,

Mən beynimdəki şamların mumunda gizlənmişəm.


Hiç yorum yok:

Yorum Gönder