22 Eylül 2012 Cumartesi

Avtomobil minməyiriz...


Sima Ənnağı
Şənbə köşəsi

Sentyabr ayının 22-si Ümumdünya avtomobilsiz gündür.
Bu, bir gün şəxsi avtomobildən istifadə etməmək deməkdir.
Avtomobilsiz gün ilk dəfə 1998-ci ildə Fransada keçirilmişdi. O zaman cəmi 20 şəhər  tədbirdə iştirak etdi,  2001-ci ildə isə bu təşəbbüsə artıq  35 ölkənin mindən artıq şəhəri qatılmışdı.
Avtomobilsiz günün özəlliyi nədədir?  Ümumdünya avtomobilsiz gündə hamının diqqəti alternativ nəqliyyata yönəlir. Velosipedin, diyircəkli konkilərin, ictimai nəqliyyatın rolu artır, avtomobillərin istifadəsi məhdudlaşır. Sağlam həyat tərzi tərəfdarları hamını ümumiyyətlə nəqliyyatdan istifadə etməməyə, piyada gəzməyə çağırır. 
Məlumdur ki, avtomobil insanın vaxtina qənaət etməklə yanaşı müəyyən çətinliklər da yaratmaqdadır. Buna şəhərlərdə ətraf mühitin çirklənməsi, səs-küyün artması, yollarda tıxascların yaranması, sürücülərlə piyadaların qarşılıqlı nifrəti aiddir. Ən dəhşətlisi isə avtomobilin insanlar  üçün yaratdığı təhlükədir. Hər il yol qəzalarının sayı artmaqda, insanlar yollarda tələf olmaqdadır. 1908-ci ildə avtomobilini istehsal etməyə başlayan Henri Ford un ağlına gələrdimi ki, təxminən yüz il sonra avtomobil insanın həyatını bu qədər cətinləşdirəcək?
Planetimizin elə guşələri var ki, orda avtomobillərdən  istifadə edilmir. Elə bilirsiz söhbət Afrika cəngəlliklərindən, yaxud ərəb səhralarından gedir?
İngiltərənin 600 nəfər yaşayan Sark adasında yalnız atdan, velosipeddən və nadir halda traktordan istifadə etməyə icazə var. Unikal sahilboyu təbiəti qorumaq üçün avtonəqliyyat adada qadağan edilmişdir. Mərakeşin Mədinə Fəs-əl-Bali şəhərində 156 min sakin yaşasa da, avtomobllərə burda yer yoxdur, çünki bu qədim şəhərin küçələri çox dardır.
3 min nəfər yaşayan Hidra adasında (Yunanıstan) yalnız zibildaşıyan maşınların hərəkətinə icazə var. İnsanlar isə uzaq məsafəyə getmək üçün at, eşşək və su taksilərindən istifadə edirlər. Əksəriyyət isə piyada gəzir.
Avtomobilsiz ən böyük şəhər isə, təbii ki, su üzərində yerləşən Venesiyadır. Bu şəhərdə 70 min adam yaşayır  və avtomobilə heç bir ehtiyac duymur.  Venesiyada əsas nəqliyyat vasitəsi qayıqlardır.
Avtomobil kisilərin ən sevimli oyuncağıdır. Və bu oyuncaq onların vaxtını, bəzi hallarda həqiqi və məcazi mənada həyatını əlindən alır. Avtomobilçi öz avtomobilinin ərköyünlüyündən, inadından, gözlənilməz hadisələrədən asılı olur. Bu asılılıqdan bir günlük qurtulmaq mümkündür, bunun üçün avtomobilsiz bir gün keçirmək lazım. Adətən avtomobil pəncərəsindən gördüyünüz dünya ilə birbaşa təmas yaratmaqdan gözəl nə ola bilər...


Hiç yorum yok:

Yorum Gönder