Narkomanın ariyası
Sən bilirsən
Həyatı dumanlı şüurla görmək,
Kor pişik kimi qaranlıqda
Sürünmək,
Dozaları qana vurub
Özünü aldatmaq
Nə deməkdir?
Dünyanın rəngləri itəndə,
Iynəni damara itələyəndə
Demə ki – bu sonuncudur!
İnanma özünə!
Iynənin cənnəti
Daha şirin
Maraqlı
Gözəldi
Ahhhhhhhh
Problem yox
Maskalanmış insanlar yox
Murdar sifətlərdən uzaq
Yalnız sən və
Narkotik xəyal.
Zaman keçdikcə
Künclər itir
Fikirlər kütləşir
Beyninin stop-siqnalı sönür
Welcome To Black Paradise!
Narkocənnətə xoş gəldin!
Kayf düşkünləri
Iynənin ucundan asılı.
Qırmızı işıqlar
Sərsəm fikirlərə qarışmış
Sıralar sıxlaşmış.
Kayfçılar iynənin ucuna tələsir
Bir-birini itələyir
Narkocənnəti görmək ümidiylə.
Heç vecinə deyil -
Bir azdan sümüklər çürüyəcək
20 yaşlı oğlan
70 yaşlı qocaya çevriləcək.
Cəhənnəm olsun gələcək!
Mənə indi cənnət verin!
Iynələyin!
Bəs mükafat?
Həyatın üzündə dumanlı pərdə
Kənara atılmış paslanmış iynə.
Gecə çökür şəhərə...
Narkomanın monoloqu
Gecələr
Nağılların
Xəyalların
Arzuların vaxtıdır.
Qapımı
Qırmızı atlas kisəli
Şaxra Baba əvəzinə
Qara libaslı, əli iynəli
İblis döyür.
Xoş gəlmədin.
Çıx get.
İynəni də aparrrrr
Yoxxxx
Iynə qalsın
Dozası var?
Ah-haa
İblisin əynindəki qara libas
Birdən birə
Nədən belə rəngarəng oldu
Otaq gözəlliklə doldu.
Ən xırda
Uşaqlıqdan tanış əşyalar
Böyüdü, məkana tıxandı.
Ağrı kəsdi.
İblis gülərək
Qapını göstərdi –
Heç yerə açılmayan qapını.
Göz yaşım üzümdə qurudu,
Damarlarda - zəhərlər.
İblis, yetər!
Gəlmə bura, döymə qapımı
Göstərmə mənə
Heç yerə aparmayan yolları
Pozma mənim
Uydurduğum nağılları –
Mən onlara inanmaq istərəm!
Narkomanın gecəsi
Boz nimdaş küçələr
Nimdaş binalar.
Pəncərələrdən görünən nimdaş həyatlar.
İynə həyata qarışır,
Qan göz yaşına.
Damarlar yollar kimi
Deşik-deşik.
Ürəklər – ümidsiz.
Divarlar.
Divarlar hər yerdə
Qarşına sədd çəkir.
Ölümlə hər gün oynamaq -
Kim şahdı, kim mat...
Bir söz de, nolar, bircə söz
Nimdaş həyata rəng qatan
Sabaha inandıran
bir söz.
Ağrılar.
Partlamış xəyallar.
Zülmət gecələr.
Soyuq divarlar.
Gücsüzlük.
Gözlərimə bax –
Mən yoxam artıq!
****
Güzgülər
Öz içini əks etdirsəydi
Görərdin
Güzgüyə dolmuş ağrını
Ayrılığı.
Görərdin
Sevgisiz
Sevincsiz
Qara dünyanı.
Və ölmüş dostlarını.
Güzgüdən qara əllər
Sənə uzanır
Növbə sənindir
Ölməyə
Ha-ha-ha
Qorxursan?
Gecdir dirilməyə
Zatən ölmüşsən iynədə.
Bakı, 2012
Hiç yorum yok:
Yorum Gönder