8 Eylül 2012 Cumartesi

Gözəllik ondu...


Sima Ənnağı
Şənbə köşəsi
9 sentyabr – Ümumdünya gözəllik günüdür

Sentyabr ayının 9-da bütün dünya Gözəllik gününü qeyd edir. Gözəllikpərvərlərin 1995-ci ildən qüvvəyə minən bu bayramı estetika və kosmetologiya üzrə Beynəlxalq komitənin təşəbbüsü ilə ərsəyə gəlmişdir.

Ümumdünya gözəllik günü sırf qadın gözəlliyi ilə məşğul olanların – kosmetoloqların, stilist və vizajçıların, son zamanlar cərrahlar sırasında reytinqləri qırmış plastik əməliyyat cərrahlarının bayramıdır. Neyləməli... Hər qadın gözəl doğulmur, odur ki, təbiətin insan gözəlliyi sahəsindəki səhvlərini süni üsul və vasitələrlə aradan qaldırırlar.
Görəsən, Gözəlik gününün təsis edilməsinə təkan verən nə olub? Bəlkə güzgüdə özünün “nataraz” simasına baxan bir qız estetika komitəsinə müraciət edib? Bəlkə gözəllik yarışında uduzan, lakin məğlubiyyəti ilə barışmayan bir qadın son ümid yeri olan gözəllik fabrikinin qapısını döyüb? Bəlkə zamanın axarı və təsiri ilə barışmayan, daimi gözəl olmağa çalışan və öz gözəlliyinə heyran olan bir “narsis” gözəllik günü haqqında xəyallarını gerçəkləşdirib?
Bilmirəm, gözəllik gününün keçirilməsinə nə qədər ehtiyac var. Təbii ki, qadın gözəlliyinə xidmət edən kosmetika korporasiyaları belə bir günün dəstəklənməsində az rol oynamır. Axı onların gəlirləri məhz gözəllik məhsullarından, qadınların bu vasitələrə etibarından çox asılıdı.
İnsanlar həmişə gözəlliyə can atmışlar;  birini zahiri gözəllik, digərini əməllərin, fikirlərin gözəlliyi cəlb etmişdir. Gözəllik anlayışı zövq məsələsidir. Biri hündür, yun çubugu kimi arıq qızları, bir başqası bəstəboy toppuşları sevir; biri uzun qara saç və sürməli qara gözlərin dəlisidir, digəri – qısa sarı saç və mavi gözlərin.
Əslində qadın gözəlliyinin dəqiq meyarları yoxdu. Hər dövrün öz gözəllik anlayışı olub. Bunu rəssamların əsərlərindən də görmək olar: vaxt vardi, üzgün, solğunbənizli kübar qadınlar gözəl sayılırdı, vaxt vardı – alyanaq, baldodaq əndamlılar.
Düzdür, Ümumdünya gözəllik günü məhz qadin gözəlliyinə həsr edimiş bayramdı, lakin düşünürəm ki, həmin gün yalnız zahiri deyi, daxili gözəlliyə  - insanın fikrinə, sözünə, davranışına, əməlinə dəyər verən bir günə çevrilməlidir.  Təbii ki, bir insanda həm zahiri gözəlliyin, həm də ağlın, ədalətin,  səmimiliyin cəmlənməsi nadir haldı. Lakin bizim hər birimiz şəxsiyyət kimi inkişaf etməyə cəhd ediriksə, demək ki, tam harmonik və mənəvi cəhətdən gözəl bir insanın formalasması mümkün olur.
Leonardo da Vinçi deyirdi ki, təbiətdə çirkin heç nə yoxdu, o, ən böyük çirkinliklərdə gözəlliyi görməyə qadir idi. Bəlkə biz də zahiri gözəllikdən gözümüzü çəkərək, bir az da daxili gözəlliyə - nəzərimizdən gizlənən, öz səmimiliyi və saflığı ilə bizi yaşatmağa qadir olan  gözəlliyə diqqət edək? Bəlkə qarşımızdakı insanın hansı brendi və trendi istifadə etdiyinə deyil, onun sözünə, mədəniliyinə, fikirlərinə dəyər verək?
Bizim folklorda belə məsəl var: gözəllik ondu, doqquzu dondu. Sanki əynindəki libas sənin gözəlliyinin təminatıdı. Deyəsən, biz Molla Nəsrəddin kimi plovu gərək əynimizdəki geyimə yedirək J. O lətifə yadınızdadı? Molla Nəsrəddin nimdaş geyimdə bir məclisə gəlir, mollanı süfrənin aşağı başında əyləşdirib bir tikə quru çörək verirlər.  Növbəti dəfə molla təptəzə gözəl bir libasda gəlir, onu bəh-bəhlə yuxarı başa aparırlar. Molla da qarsısındakı boşqabdan plovu  götürüb xələtinin ətəynə “yedizdirərək” deyir ki, ye ye, sənə görə mən hörmət sahibiyəm.
Kimsə əynindəki libasa bə ya sürdüyü avtomobilə (vəzifəyə, malına-puluna və s.) görə hörmət sahibi ola bilir, lakin unutmayaq: hörmət ediləcək və öyrəniləcək xeyli saf, dürüst, mənəvi  keyfiyyətlər var ki, bizi bir insan bəndəsi kimi mənən zənginləşdirir və gözəlləşdirir. Sufilərin bir ifadəsi var: içində nədirsə, çölündə də odur. İçimiz gözəldirsə, çölümüz də cənnət ola bilir, düşünürəm.


Hiç yorum yok:

Yorum Gönder