28 Mart 2010 Pazar

Cavidanın dünyasından bir baxış...


Cavidan - cağdaş ədəbiyyatımızın ciddi imzalarından biridir, onun fikirlərini bilmək, iç dünyasına azacıq baş vurmaq həm maraqlıdır, həm də önəmli... Yazarlarımızı taniyaq, sevək, oxuyaq...

Sosial İnformasiya Agentliyinin suallarını istedadlı şairə Cavidan cavablandırır



- Bəlkə öncə "Cavidan" təxəlüsü barədə danışaq? Bu şərq şairlərinin təxəllüslə tanınmaq ənənəsinin davamıdır, yoxsa gizlənmək ehtiyacı?
- Mən indi deyə bilərəm ki, hələ orta məktəbdə oxuyarkən o vaxt məhşur olan və əldən-ələ keçən “Dodaqdan qəlbə” romanındakı qadın qəhrəmanlardan birinin adının belə olması çəkmişdi diqqətimi. Bizim məhz kişi adı kimi tanıdığımız bu adın Türkiyədə qadın adı kimi qəbul edilməsi xoşuma gəlmişdi yaman...və olsun ki, yeniyetməlikdən bu yana yaddaşımın xoş ovqatlar yığılmış odasında qalıbmış hansısa unutduğum bir dolabda...Daha sonra içimdəki dəli dərviş ruhuna bağlayardım bəlkə..Nəsimi ruhuna sevgimə, hürufiliyə marağıma, daxilimdəki ikinci MƏNin məhz sufi olmasına bəlkə kökləyərdim. Hələ ilk gənclik illərimdən bu günümə süzülən zəifləsə belə sönməyən, öləziməyən nur payına... Daha sonra övladım olacaqsa, adı belə olacaq deyə inanırdım. Sanki sirli bir sükutla yanımca hər addımımda müşaiyət etdi bu ad məni, hər bir vasitə lə həyatıma girmək istədi deyərdim... Və bu variantların hər birisi həqiqətdir. Ən real və ən son səbəb isə həyat yoldaşımın adının Cavid olması idi təbii ki. Mən ədəbiyyata qapılıram deyə qərarımı verirkən bir yazdıqlarıma və yazmaq istədiklərimə, bir də yaşadığım məkandakı insanların məni və yazdıqlarımı anlayacaqlarmı deyə qorxuma qısılıb da gizlicə, üzə çıxmadan, elə kişi imzasıyla dərc olunacağam deyə Cavidan adlandım. Neyləməli ki, insan özü özünə həsəd apara da bilir və məsələn içindəki yazarın kişi yox, qadın olmasını ifşa edir...
- Əyalətdə şairə olmaq...
- Mən bayaq yazdıqlarıma və yaşadığım məkana baxaraq əsl adımı-soyadımı gizlətmək məcburiyyətində qaldığımı dedim. Əyalət – insanların sadə və qəliblərə hesablanmış həyatlarını sürdükləri yerdir. Vaxtilə sovet hökumətinin zorla hər dağın ətəyində bir məktəb açması, hər meşənin kənarında bir kitabxana tikməsi, işləməyənləri, təhsil almayanları “Tüfeyli” damğasıyla cəzalandırdığı bu məkanlarda indi insanlarımız şad və xürrəmdirlər deyərdim. Indi onlar nə oxumağa, nə işləməyə məcbur deyillər.Təbii bacarıqları və tələbatlarıyla gündəlik həyatlarını yaşayır, aram bir dalğavari ritmdə doğulur, yaşayır, ailə qurur, övlad dünyaya gətirir, xəstələnir və ölürlər...Seçki günlərində dəstəylə axışıb səs verərlər, hərçənd siyasətin nə olduğundan xəbərləri belə olmaz, dəstəylə sevərlər, dəstəylə nifrət edərlər, dəstəylə inanarlar Allaha..sanki nəhəng bir canlı varlığın ayrı-ayrı hissəcikləri kimi bütöv və tam olaraq özlərinə bənzəməyən, onlardan bircə zərrə fərqli olanları yad cisim kimi bu nəhəng orqanizmdən sıxışdırıb kənara itələyərlər, mübarizələri qızdırmaqla, üşütməklə, zəhərlənməklə müşaiyət oluna bilər hətta...ta ki sənin onları sevdiyinə inanana qədər..sənsə onları tam və bütöv sevməyə vadarsan...ya da bütün parçalarıyla sənə yad olan bu nəhəngdən vaxtında qaçıb canını və ruhunu xilas etməlisən..zira sən özün, tək olaraq bütöv və tamsan ki, buna tab gətirmək mümkün deyil... Belə yerdə onlardan, onların taleyindən yazarsan, üstünə gülərlər, hər gün yaşadıqları həyatı sənin aynanda gördükcə qəzəb duyarlar varlığına...zatən bu qəzəbin əslində öz qəliblərinə qarşı olduğunu qəbul etmək iqtidarında deyillər. Mənim əyalətimdə ərinin gün dəyməyən yeri olan hər 100 qadından yalnız bircəsi anlayacaq “Mən ərimin gün dəyməyən yeriyəm” misrasını, qalan 99-u güləcək və yeddi arxadan dönənimə söyüş yollayacaq...
- Virtual dünyada çox populyarsan. Niyə realda oxucular üçün "yoxsan"?
- Bu düzgün yanaşma deyil, ən azından mənim variantımda. Çünki real bir insanam, qadınam, həyatımın ən maraqlı illərini yaşayıram, ailəm, uşaqlarım, gündəlik yaşam tərzim, ev qayğılarım və s. var və mən bu həyatımı yaşamaqda davam edirəm. Başqa bir variantda başqa bir insan yaşayardı və o başqa insan mən olmayacaqdı, ola da bilməzdi... Virtual dünya isə evimin bir küncündəki monitordan o yandadır, orada yaşamaq da, dincəlmək də, işləmək də, oranı tərk etmək də öz ixtyarımdadır, bəzən bu bezdirə də bilər, dağıtmaq, qapamaq istərsən bu dünyanı, amma yenə də çəkicidir, maraqlıdır və real həyatın yorduğu hər bir insan kimi məni də çəkir, saxlayır...bilmək olmaz, bəlkə bizim real dediyimiz bu dünya da elə Tanrının öz kompüterində qurduğu flaş oyundan başqa bir şey deyildir...darıxanda yaradır, bezəndə dağıdır məsələn... Ədəbiyyatın məhz virtual dünyadan keçən yolunu seçdim mən, evinin dörd divarından başqa heç yeri görməyən bir yazar qadın üçün bitmək-tükənmək bilməyən bir aləmdir bura, dostlarım var burada nəhayət, yazılarım var, sevirəm interneti və onun verdiyi imkanları bir sözlə...
- Çox zaman tanınmış şairələrin virtual həmrəyliyinə rast gəlirik. Bu nədir- özlərinə dəstək, yoxsa özgələrə hiddət?
- Deməzdim, sadəcə biz müəyyən məqamlarda eyni cür qiymət verə bilərik ayrı-ayrılıqda nəyəsə və fikirlərimizi dedikcə kənardan quraşdırılmış bir dəstək kompaniyası kimi görünə bilər bəlkə.Razı deyiləm bu fikirlə.
- Yeni kitabın haqqında indidən nə deyə bilərsən?
- “Qanun” nəşriyyatının start verdiyi “Ən yeni ədəbiyyat” layihəsində mənim də yaxınlarda kitabım çıxmalıdır, haqqında ətraflı məlumat vermək istəməyərək yalnız və yalnız bir açıqlama verə bilərəm. Kişilərin hüquqlarını müdafiə edəcəyəm romanımda...
- Bəs çıxmış kitabına hansı reaksiyalar var?
Birinci kitabımı deyirsənsə, düzü heç bilmirəm də. Kitabdan nə ailəmə, nə yaxın qohumlarıma nə qədər təkid edib istəsələr də, vermədim. Hamısı paytaxtdadır, alan alıb, almayan almayıb, təbriklər olub, oxucu məktubları.. Bu qədər.
- Qan Turaldan qorxursan?
- Xeyr.
- Günel Mövlud, Sevinc Pərvanə, Nərmin Kamal, Aysel Əlizadə- həmkarlarını dəyərləndirək bəlkə?
- Dost, mən bu imzaları niyə dəyərləndirməliyəm ki? Eyni zamanda yaşayırıq və yazırıq, zəhmət çəkirik, min yerdən min söz götürürük üstümüzə bəlkə, hələ bir-birimizi də tərəziyə qoymağa sövq edilməliyik? Tənqidçilərimiz var, zəhmət çəkib qələmlərinə sarılsınlar və göz dolusu oxusunlar yazdıqlarımızı, sonra da onlar çəkişsin imzalarımıza görə, biz yox. Bu qızlara şəxsən mənim münasibətimi öyrənmək sənə maraqlıdırsa, onda deyim ki, hər birisini oxuyuram, izləyirəm, uğurlarına sevinirəm, daha güclü və daha inadkar olmalarını diləyirəm.

- Milli kitab müsabiqəsinə münasibətin necədir?
- Münasibətim – bu müsabiqəyə əsər təqdim etməməyimdir.
-Nəsrdə hansı iddiaların var?
- Roman dövrü başladı həyatımda deyərdim...

Axar.az

Hiç yorum yok:

Yorum Gönder