16 Mart 2010 Salı

Novruz sərhədlərini genişləndirir


BMT-nin baş katibi Beynəlxalq Novruz Günü ilə bağlı dünya ictimaiyyətinə müraciət edib
BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisindən verilən məlumata görə, müraciətdə bildirilib ki, Beynəlxalq Novruz Gününün qeyd edilməsi ilə bağlı Baş Assambleyanın bu il qəbul etdiyi qərar bu bayramın yalnız onun keçirildiyi regionda deyil, həmçinin bütün dünyada artan önəminin tanınmasının ən bariz nümunəsidir: “Min illər boyu, günəşin ekvatoru keçməsi və şimal yarımkürəsinin yaz fəslinə qədəm qoyması ilə, Balkan, Qara dəniz hövzəsi, Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionların xalqları özlərinə məxsus adət-ənənələrlə Novruz Günü bayram edirlər. Evlərin yenidən rənglənməsi, dost-tanışların ziyarət edilməsi, simvolik yeməklərin hazırlanması kimi ayin və adətlərin yerinə yetirilməsi yenilənmə ruhu ilə zəngindir və bu yalnız bu bayramı qeyd edənlərə deyil, bütün insanlara ilham verərək ruhlandıra bilər. Bu il ilk dəfə olaraq Beynəlxalq Novruz Gününü qeyd edirik. Ümid edirəm ki, dünyadakı bütün dövlətlər və xalqlar bu bayramın tarixi və ənənələrinə əsaslanaraq təbiətlə insan arasında olan harmoniyanı və bəşəri sülh və xeyirxahlıq ideyalarını təbliğ edəcəklər”. Qeyd edək ki, BMT Baş Assambleyası bu il fevralın 23-də 21 mart tarixini Beynəlxalq Novruz Günü elan edib. Beynəlxalq Novruz Günü münasibətilə hazırlanan qətnamənin preambula hissəsində bildirilir ki, “yeni gün” mənası verən, martın 21-də, gecə və gündüzün bərabərləşdiyi gün qeyd olunan Novruz bütün dünyada 300 milyon nəfərdən artıq adam tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur. Bu bayram artıq 3000 min ildir ki, Balkanlarda, Qara dəniz hövzəsi regionunda Qafqazda, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda qeyd olunur. BMT, həmçinin Novruz bayramının UNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsini alqışlayıb.

(www.qaynar.info)

Hiç yorum yok:

Yorum Gönder