19 Aralık 2025 Cuma

Jan Follen və onun şeirləri

 

Jan Follen (1903-1971) – XX əsrin ikinci yarısının görkəmli fransız şairi və yazarıdır, əsərləri digər dillərə az tərcümə edildiyindən, başqa ölkələrdə o qədər də tanınmır.  O, Normandiyanın (Fransa) Kanizi şəhərində doğulmuş, Parisdəki Kann universitetinin hüquq fakultəsində təhsil almışdır. Əvvəlcə vəkil, sonra hakim qismində çalışarkən, Parisin mədəni həyatının mərkəzində olmuş, o dövrün tanınmış yazıçıları və rəssamları ilə dostluq etmişdir.  

Avtomobil qəzasında həlak olmuşdur.

Follen fransız ədəbiyyatına keçən əsrin 20-ci illərində daxil olmuşdur. Həmin illərdə fransız avanqardı qalmaqallığında bir az səngimiş, adi  ədəbi cərəyana çevrilmişdi. Gənclik isə yeni üfüqlər axtarışındaydı. Yeni ədəbi qurumlar yaradılsa da, onlar əvvəlki nəsil şairlərinin – dadaist və sürrealistlərin çılğın aqressiyasından məhrum idilər. Follen əvvəlcə şair Fernan Markın Paris qrupuna daxil oldu, lakin bu qrup da ədəbi camiəni silkələyən çağırışlar etmədi. Fransız tənqidçiləri yazırdılar ki, Follenin yaradıcı inkişafına o dövrün estetik nəzəriyyələri az təsir edib. Onun poeziyası və mənsur şeirləri  hər hansı izaha, nəzəriyyəyə tabe olmur. Follenin poeziyası tənqidçiləri şaşırdırdı, çünki bu poeziya “qeyri-poetik” poeziya sayılırdı. Onun verlibrləri köhnə kinolentin donmuş kadrlarını xatırladır, ayrı-ayrı fraqmentləri bir yerə toplasaq, unikal məna, təsvir, səs yükü ilə baş-başa qalarıq. Şair 10-12 sətirlik şeirlərinə bütöv bir dünyanı yerləşdirə bilir.  

Jan Follenin lirik qəhrəmanı və Zaman – parlaq antoqonistdirlər. Qəhrəman gərginliklə dolu müşahidələrə meyillidir, zaman isə daimi çarpıntıları ilə onun fikrini yayındırır. Follen keçmişə, xatirələrə önəm verir. İnsan istərsə-istəməzsə, xatirələrindən qurtula bilmir. Məhz buna görə Follen üçün ən dəhşətli xatirə - müharibədir, çünki müharibə ölümdür, o dağıdır, əzab verir, ümidi qırır və həyatı alır. Follenin şeirlərində uşaq obrazları əsas yer tutur, uşaq həyatın başlanğıcındadır, və həyatın sonlu olduğunu hələ bilmir. Yetkin insan üçün qorxulu olan həyat, uşaq üçün rahatdır, uşaq sadəcə yaşayır – mühakiməsiz. 

Jan Follen dünyasının öz qanunları vardır. Və bu qanunlar, əslində gerçək həyat qanunlarından qopmamışdır. Şairin lirik qəhrəmanı yalnız zahirən qapalı, tərki-dünyalıqdır. O, istedadı ilə - həm görmək, həm danışmaq istedadı ilə insanların diqqətini əbədi həqiqətə cəmləmək istəyir: həyat yaşamaq və gözəllik üçündür, ölüm və eybəcərlik üçün deyil...  

Folleni neorealismin banisi hesab edirlər. Onun şeirləri sanki rəngkarlıqla əlaqəlidir, natürmorta oxşadılır. Uzun müddət ədəbiyyat sahəsində fəal olsa da, Follen oxucuların gözündə ikincidərəcəli şair kimi görünə bilər, amma şairlər üçün o, şairdir! Ona görə deyirlər ki, Follenin şeirləri müasir olmasa da, aktualdır.

Follen  Fransa Akademiyasının Böyük Mükafatını (1970), Mallarme mükafatını (1939), daha bir neçə ədəbi mükafatları qazanmışdır, hal-hazırda isə Fransada Jan Follen mükafatı verilir.

Hiç yorum yok:

Yorum Gönder