#SimaEnnagi #proza #hekaye
Aygül hardasa
oxumuşdu ki, hədiyyə — hissləri sözsüz ifadə edən ürək dilidir, hər hansı bir
etirafdan daha təsirli, ən gözəl ifadələrdən daha güvənli işarətdir. O,
sosial şəbəkələrdə gəzişərkən qarşısına bir reklam çarxı çıxmışdı —
kiborq-ev köməkçiləri. Bu kiborqlar kişi
və qadın qismində idilər, hər işi görürdülər. İdarə proqramına süni zəka
inteqrasiya edilmişdi, çox sürətlə yenilənən və sahibinin xarakterinə uyğunlaşan
qurğulardı.
Reklamda
hər şey cazibəli görünürdü: budur, qadın-kiborq
yemək bişirir, kişi-kiborq mebel daşıyır, balkonu rəngləyir, daha nələr,
nələr... Aygül atasına kiborq hədiyyə etmək qərarına gəldi.
— Əla seçimdir! — Dükanın meneceri Aygüldə alıcı
potensialını duyub dil-dil ötürdü. — Bizdəki
mal heç yerdə yoxdu! Hərəsi bir
aləmdir — hər biri müştərinin emosional
vəziyyətinə uyğunlaşır, düz sözə nə deyəsən, adamın əvəzinə düşünür! Möcüzədir
e, möcüzə! Ən yaxşı dostdur, həmsöhbətdir! Alın, peşman olmazsınız! Qiyməti?
Su qiymətinədir, vallah! Amma bu cür mal tapılmaz! Özü də az sayda gətirmişik!
Aygül
qulaqucu dinləyirdi, gözü isə kiborqlarda idi. Görəsən, hansı daha yaxşı
modeldi? Təbii ki, istifadəsi rahat, idarə proqramı asan və mükəmməl olmalıydı.
O, salonda düzülmüş kiborqları bir-bir nəzərdən keçirdi, onlar canlı insanlar
kimi müxtəlif pozlarda dayanmışdılar: kimisi masa arxasında əyləşib nəsə
yazırdı, kimisi taxta yonurdu, kimisi piano çalırdı, yanındakı “dostu” zərli qotazlı təbili tappıldadırdı.
—
Hər
birinin xeyli funksiyası var. Sizə hansı model və nə üçün lazımdır? Məişət
kiborqu, təhsl kiborqu, nəqliyyat kiborqu, müalicə kiborqu varımızdır. Adından
göründüyü kimi, hər biri uyğun sahədə tətbiq olunur.
— — Məişət kiborqu... düşünürəm, o daha əlverişlidir.
—
Oooo!
Əla seçimdir! Bu kiborq həm danışır, həm mahnı oxuyur, həm ev işlərində lömək
edir, superdi, super!
Menecerin
çərənləməsi Aygülü yormuşdu. Kiborqlardan birini seçib, pulunu ödədi, tapşırdı
ki, sabah filan ünvana göndərsinlər.
Atası
illərdir ki, balaca birmərtəbəli evində
tək yaşayırdı. Nə vaxtsa bu ev səs-küylü, həyat doluydu — ana hələ sağ idi,
bütün günü ev işlərini görüb, uşaqlarla dalaşıb-barışıb, axşamçağı bağçaya düşər,
ərinin yolunu gözləyərdi. Ərinin gəldiyini də uzaqdan eşidilən motosiklet
dırıltısından bilərdi. Sonra ər-arvad həyətdə xeyli oturar, danışıb-gülərdi,
uşaqların əsəbverici səs-küyü ananı daha
qıcıqlandırmazdı, çünki yanında əri, Aygülün atası vardı.
İllər
ötdü, uşaqlar böyüyüb hərəsi bir tərəfə dağıldı — kimisi başqa şəhərə
köçdü, kimisi başqa ölkələrə. Bir müddət Aygül ata-anası ilə birgə yaşadı.
Sonra ana vəfat etdi. Aygül universiteti bitirdi, böyük holdinqdə işə başladı,
şəhərdə tək yaşadı. Nə qədər dedisə, ata öz evini tərk edib şəhərə köçmədi,
“Evim mənə hər yerdən doğmadır”, deyib Aygülün bütün rahat təkliflərini rədd
etdi. Atasıyla görüntülü danışanda Aygül hər dəfə əsəb keçirirdi: “Axı adam necə
öz rahatlığını düşünməz? Tək yaşamaqdansa, gəl qızınla qal da! Kim sənə mane
olacaq ki? Onsuz da bütün günü işdəyəm! Yenə kitabını-qəzetini oxuyacaqsan, internetdə
filmə, futbola baxacaqsan, yəni həyat tərzində bir dəyişiklik olmayacaq, evdən
başqa!”. Ata razılaşmırdı.
İndi
atanın 80 yaşı olurdu, təmtəraqlı ad günü keçirilməyəcəkdi, buna Aygülün nə
vaxtı, nə həvəsi vardı, amma atasına yaxşı bir hədiyyə almaq istəyirdi. Ata
ixtisasca mühəndis olduğundan, dəmir-dümürə böyük marağı vardı, qəsəbədə ilk
motosikleti o almışdı, ilk avtomobil ondaydı. Təqaüdə çıxandan sonra velosiped də
sürdü, skuter də. Qolunda smart-saat, evində hər cür elektron əşyalar
vardı. Kişi həyatın nəbzini tutmuşdu, məmnuniyyətlə texniki tərəqqi məhsullarından istifadə
edirdi.
Ertəsi
gün Aygül atasıgildəydi. Balaca bir tort, bir az meyvə almışdı. Atanın ad
gününü yüngülvari qeyd edəcəkdi. Onsuz da ata hər dəfə qızını danlayırdı ki, bədxərclik
eləmə, səksən yaşlı adama nə ad günü? Özün gəl, oturaq, söhbət edək, bəsdi,
valideyn üçün övladla keçirdiyi vaxt ən
dəyərli vaxtdır.
Ata-bala
masa arxasında əyləşib çay içirdilər ki, kuryer böyük bir bağlama ilə içəri gəldi.
Ata maraqla baxırdı, bu boyda hədiyyəni ilk dəfə idi ki, görürdü. Aygül küryerlə
birgə hədiyyəni qutudan çıxarib dikəltdi. Kiborqun neylon örtükləri xışıltı ilə götürüləndən
sonra, qarşılarında qadın-kiborq göründü.
İstehsalçı kiborqun sifətini qadın cizgili etsə də, dəmirli-plasmaslı bədəninə
şarnirlərlə bərkidilmiş başı daz idi. Atanın matı-qutu qurumuşdu, təəccüblə
çılpaq fiqura baxırdı. Robot olduğunu həmən anlamışdı, amma içi naqillə dolu metal
parçası nəyə yarayırdı ki?
Aygül
idarəetmə təlimatını oxuyub bir neçə düyməni basdı, kiborq qığıldadı, gözləri
yanıb-söndü:
— — Buyurun, əmrinizi eşidirəm, — metal səslə dedi.
— — Buna paltar geyindirmək lazımdır, gülməyim gəlir, — ata fikrini bildirdi.
—
Atacan,
bu çox gərəkli modeldi, sənə kömək edəcək, bütün əmrlərini yerinə yetirəcək. Elə
bil qulluqçundur, amma heç vaxt yorulmayan, küsməyən qulluqçun.
Aygül
getdikdən sonra ata diqqətlə təlimat kitabçasını oxudu, kiborqun proqram
ayarlarında bəzi dəyişiklikləri etdi.
— — Di get, mətbəxdə qal. Səhər saat səkkizdə məni oyadarsan.
— — Baş üstə. Səhər yeməyinə nə istəyirsiniz?
—
Bir
stəkan süd. Əncir mürəbbəsi. Qızardılmış yumurta-çörək. Sonra da bir çaynik mixəkli
çay.
— — Oldu.
Kiborq zəif uğultu ilə mətbəxə yollandı. Ata möcüzə
görürmüş kimi onun arxasınca baxdı, gülümsədi – maraqlı günləri başlayırdı!
Bir neçə
gün sonra Aygül atasıgilə gəldi. Ata həyətdə
masa arxasında əyləşib telefonda hansısa kanalı dinləyridi, əynində qısa ətəkli
yay şalvarı, palmalı- kokoslu havay köynəyi,
boynunda əlvan yaylıq vardı. Dümağ saçlarını da gəncsayağı yan tərəfə
daramışdı.
— — Nə yaxşı gəldin, qızım, necəsən?
— — Yaxşıyam, atacan, sən necəsən, darıxmırsan ki?
— — Yoo, niyə darıxım... Zərnişanla darıxmaq olar?
— — Zərnişan kimdi?
— — Zərnişan! Bir bura zəhmət çək! — ata üzünü mətbəxə sarı tutdu.
Kiborq Zərnişan,
əynində güllü yay paltarı, başında qonur parik, mətbəxin qapısında göründü.
Əlindəki sini ilə yaxınlaşdı, stəkanları,
qozlu şirniyyatı masaya düzdü.
— — Ye, qızım, gör bəyənirsən? Zərnişan bişirib!
Zərnişan??
Aygül kiborqu başdan-ayağa süzdü. Zərnişan sanki məmnun təbəssümlə Aygülə
baxırdı, bəlkə də Aygülə elə göründü, Zərnişana
qarşı içində bir qıcıq hiss etdi — elə bil ata ikinci dəfə evlənib, evə ögey
ana gətirmişdi.
Aygül
hikkəsindən çaya əlini vurmadı, şirniyyatdan dadmadı. Atanın rahatlığı, üzündəki sevinc təbəssümü, ümumi əhvalı göstərirdi
ki, o, olanlardan tam razıdır. Səksən yaşlı adam, deyəsən, günlərinə rəng qata bilmişdi. İndi atanın həyatı Zərnişan
macərası ilə zənginləşmişdi.
Aygül
atasının məmnun çöhrəsinə baxıb düşündü ki, əgər atam razıdırsa, qoy olsun. Qoy
atam həyatının son mərhələsini rahat, sevincli
keçirsin.
Bir neçə
gün sonra Aygül yenə atasıgilə gəlmişdi. Darvaza bağlı idi, içəridən səs-səmir eşidilmirdi.
Həyəcan dalğası Aygülü bürüməmiş, küçənin başında Zərnişanla ata göründü, ər-arvad
kimi yanaşı gedirdilər. Ata ərzaq
torbalarını özü götürmüşdü, Zərnişan da qollarını sallaya-sallaya yanında
gedirdi. Bu mənzədərən Aygül üşəndi, atam yanındakının robot olduğunu unudubmu?
Caşıb ona aşıq olar...
Zərnişan
yenə süfrə açdı, dadlı yeməklərdən düzdü. Bu dəfə Aygül yedi, həqiqəti dana
bilməzdi – yeməklər əla idi!
Hava bir
az sərinləşmişdi, Zərnişan yun şal gətirib
atanın çiyninə saldı:
—
Havanın
temperaturu 5 dərəcə aşağı düşüb. Küləyin sürəti 7 kilometr saniyədir, — dedi.
Səsi də çox məlahətli olmuşdu.
—
Gördün,
səsini dəyişmişəm, tətbiqində o qədər
ayarlar var ki! Biri birindən gözəl, maraqlı! Zərnişan, bir mahnı oxu, ruhumuz
dincəlsin!
Bir-iki
saniyədən sonra Zərnişan Şövkət Ələkbərovanın
səsiylə “Axşam” mahnısını oxumağa
başladı:
Qaş qaralır, kölgə tutur,
Yavaş-yavaş meşəni.
Könlüm səsdə, gözüm yolda,
Gözləyirəm mən səni...
Ata gözlərini
yumub xəyala dalmışdı, mahnı ritmində başını yellədirdi, hiss edilirdi ki,
musiqi onu harasa çox uzaqlara — gəncliyinə, qayğısız günlərinə aparıb.
Mahnı bitəndən
sonra ata:
— Çox sağ ol, Zərnişan, sən məni bu səsinlə, bu mahnıyla həyata qaytarırsan, — dedi. Elə bil minnətdarlıqla
kiborqun əlini öpəcəkdi.
Ziddiyyətli
hisslər Aygülün içində qaynayırdı. Bir tərəfdən, məmnun idi ki, ata bu yaşında
darıxmır, həyatı mənalı keçir, qulaqyoldaşı var. Digər tərəfdən, dəli fikir keçirdi ağlından
ki, birdən ata bu dəmir parşasına o qədər bağlanar ki, evlənmək istər, allah eləməsin?
Qoymaram, vallahi dünyanı dağıdaram, Aygül düşündü, amma içindəki səs dedi ki,
atanın hökmünə sən nə cürətlə qarışa bilərsən? Qısqanclıq hissi, günəşi boğan
qara bulud kimi qızın sevincini iztiraba çevirirdi.
“Hər
halda atam o dərəcədə ağlını itirməyib ki, Zərnişanla evlənsin, bu əsrin
tragikomediyası olar! Düzdür, dünyada pişiyə-itə miras qoyanlar olur, amma
robotla evlənmək??”.
Bir dəfə
də Aygül atasıgilə gələndə gördü ki, ata ayağında idman çəkməsi və zolaqlı uzun
corablar, əynində isə zolaqlı tuman, yarıçılpaq bədənini günə verərək, həyətdə
idman edir. Özü də qəsdən günəş düşən yerdə dayanıb ki, bədəni həm yay günəşi
altında qızsın, qaralsın, həm də rahat idman edə bilsin. Zərnişan da ona
komandalar verirdi:
— — Əllər yuxarı, indi aşağı. Yerində addımla: bir-iki-üç-dörd....
Hər ikisi çox məmnun görünürdü. Ata elə bil cavanlaşmışdı, enerjili, həyat dolu, coşqulu idi, üzündən təbəssüm çəkilmirdi.
— Texnologiyanın gücünə bax e! — idmandan sonra həyətdəki söhbətgahda əyləşib pürrəngi çayını gözləyən ata dedi. — Təsəvvür edirsən, Zərnişan gecə nağıl danışa bilər, amma heyif ki, mən tam səssizlikdə yatmağı sevirəm.
“Nə
yaxşı”, — Aygül kinayə ilə düşündü, heç olmasa yataq otağında Zərnişan yoxdur.
— İstəyirəm gəzməyə
gedək, Türkiyəyə, gedərsən? Zərnişanı da
aparaq, — ata yeni plan qururdu.
“Bircə
bu çatmırdı!” — Aygül üz-gözünü
turşutdu:
—
Ata,
sərhəddən keçirməzlər, baqaj kimi gərək Zərnişan yük yerində getsin, orda da xəsarət
ala bilər, həssas aparatdır, — Aparat sözünü məxsusi vurğuladı.
—
Hə?
Heyif. Gedərdik, gəzərdik, Zərnişan da bizi əyləndirərdi, amma yox, oralarda yəqin belə texnologiya yoxdu, Zərnişanımı xarab edərlər.
Zərnişan
kənarda dayanıb dinləyirdi.
— — Nahara nə istəyirsiniz? — soruşdu.
—
Nahara
qalmayacam, atamdan muğayat ol, — Aygül ayağa qalxıb atasını qucaqladı,
vidalaşıb getdi. Darvazadan çıxanda, geri baxıb gördü ki, Zərnişan ataya çox
yaxın dayanıb nəsə danışır.
*
Bu il
payız tez gəlmişdi, aramsız yağışlar
yağır, göy guruldayırdı. Havanın pis olması ilə əlaqədar Aygül atasıgilə gedə
bilmirdi, yolları su basmışdı, maşın keçə bilmirdi. Nəhayət, bir gün hava düzələndə,
Aygül atasını görməyə getdi.
Hava
soyuduğundan, ata artıq həyətdə oturmurdu. Zərnişan yay masasını və kürsüləri
zirzəmiyə yığmışdı, boş söhbətgah adama darıxdırıcı təsir bağışlayırdı, ümumən
həyət də darıxdırıcı olmuşdu — yarpaqlar erkən töküldüyündən, gül-çiçək
solduğundan, həyətdəki qurumayan gölməçələrdən bədbinlik yağırdı.
Amma ata
şəndi. Zərnişanla nərd oynayırdı, hər ikisi daşları elə şəstlə şappıldadır, zəri
elə jestlə atırdılar ki, sanki dünya üzrə nərd çempionlarıdır. Bir az kənarda,
kiçik masa üzərində elektrik samovarı qaynayırdı.
— Suyu qırıldı ki, Zərnişan, görmürsən? — Aygül
samovarı söndürdü. Oyunçular ona fikir vermədilər, veclərinə deyildi — başlari
yaman qarışmışdı.
Aygül pəncərə
önünə keçib gözünü buludlara, yarpaqsız ağaclara dikdi. Bu evdə özünü yad adam
kimi hiss edirdi. İçindəki boşluq dərinləşmişdi. Aygül özünü zəif, məğlub olmuş kimi hiss
edirdi. Hər şey – bu ev, bu əşyalar, hətta atası özgələşmişdi. İndi ona inanılmaz gəlirdi ki, nə vaxtsa
atasıyla burada birgə şən günlər keçirmiş, gülüş dolu anları yaşamışdı – həyatın bu məqamları acı xatirə kimi
beyninin bir küncünə qısılıb qalmışdı. O, içindəki kədəri, atılmışlıq,
lazımsızlıq hissini boğmağa çalışırdı.
Gözü Zərnişana
sataşdı. Alışıb-yanan gözlərini ataya dikmiş Zərnişan diqqətlə dinləyir, ata da ona böyük şövqlə həyatından
xatirələr danışırdı. Masa üzərindəki armudu stəkanlardan buğlana-buğlana qalxan
berqamotlu çayın ətri otağa dolmuşdu.
Aygül bu
cütlük üçün yox idi, mövcud deyildi, veclərinə də almırdılar ki, otaqda kimsə
var və onları müşahidə edir.
—
Hə...
gecdir, gedim yatım, gecən xeyrə qalsın, Zərnişan. Gecən xeyrə qalsın, qızım. —
Ata yataq otağına keçdi.
— — Sabah səhər yeməyinə nə hazırlayım? — Zərnişan soruşdu.
— — Nə istəyirsən, hazırla. Hazırladığın hər şey gözəldi, dadlıdı, — ata Zərnişana gülümsədi.
Aygül Zərnişanla otaqda qaldı. Zərnişan yanan-sönən gözləriylə
əmr verilməsini gözləyirdi.
— — Düş həyətə, mən səni çağıranadək orada qal. — Aygül əmr etdi.
— — Oldu, — Zərnişan həyətə düşdü. Açıq hava altında dayandı. Aygül onu pəncərədən izləyirdi.
Göy
üzünü buludlar örtmüşdü. Ətraf tədricən qaralırdı, deyəsən, yağış yağacaqdı,
hava proqnozunda demişdilər.
Göy
guruldadı və həmən gur yağış yağmağa başladı. İri damlalar tappıltı ilə ağacları, damı, Zərnişanı
döyəclədi. Zərnişan suyun altında sakitcə dayanmışdı, islanmış paltarı metal bədəninə yapışmışdı. Uzaqdan görən elə bilərdi
ki, canlı adamdı, yağışın altında dayanıb. Bir anlıq Aygülün içində peşmanlıq
hissi oyandı, həmən o hissi boğdu, axı bu sadəcə və sadəcə bir dəmir
parçasıdır! Robotdur! Tozsoran, soyuducu, kompüter kimi elektrik cihazıdır!
Səhər
Aygül yuxudan oyananda, atasını həyətdə gördü. Ata köhnə bir kətildə belini əyərək
oturmuşdu. Qarşısında Zərnişanın parçaları vardı.
— Zərnişan... daha yoxdu...— Atanın boğuq səsi Aygülü
qorxutdu. Ata məyus halda gözlərini yaş torpağın üstündəki dəmir parçalarına dikmişdi.
— Bilmirəm, niyə Zərnişan həyətdə qalıb. Bəlkə mən onun xətrinə dəydim, hə,
Aygül? Gördüm, yağış içinə dolub, detalların hamısı nəm çəkib. Sökdüm. Elə
bildim qurudub yıgaram, amma yox... məhv olub...
Ata
sanki daha da qocalmış, üzünün qırışları artmışdı. Gözlərinin parıltısı da
sönmüşdü.
— — Darıxma, ata, təzəsini sifariş edərəm, — Aygül telefonu götürdü ki, menecerə zəng etsin.
—
Lazım
deyil. İstəmirəm. Heç biri Zərnişan kimi olmayacaq. Ehhh....
Ata elə
danışırdı, elə bil doğma birisi ölüb. Bir dəmir parçasına görə bu qədər üzülmək?
Zəng edib lap beşini sifariş edərəm! — Aygül düşündü. Amma dinmədi.
Atanın gözləri yaşarmışdı. Onu anlayan, dərdinə şərik olan, daim yanında qalıb dəstək verən dostu daha heç vaxt, heç vaxt olmayacaqdı...
Hiç yorum yok:
Yorum Gönder