5 Temmuz 2014 Cumartesi

Mikayıl Müşfiq. Sevgi Türküləri (1931)



 Çiçəklər məftunu bir bülbüləm ki,
Gözlərim bağçanın gülünə düşmüş.
Qəhrini çəkdiyim gülün surəti
Xəyalımın sakit gölünə düşmüş.

Onunçün çırpınır qolum-qanadım,
Onu yerdə deyil, göydə aradım.
Gör nə bədbəxtəm ki, axırda adım
Xırda uşaqların dilinə düşmüş.

Orda-burda keçdi gənclik həyatım,
Hər yandan bağlandı rahi-nicatım,
Mənliyim, şərəfim, müqəddəratım
Bir dəli ceyranın əlinə düşmüş.
___________
Sən onun eşqilə, məhəbbətilə,
Vurmadın ömrünü başa, ürəyim.
Sevgi hədəfinə nişan alanda
Dəydimi oxların daşa, ürəyim?!

Hicran dəryasında qəlbim bir ada,
Fırtınam ziyada,dalğam ziyada,
O qızlar gözəli düşəndə yada
Az qalır xəyalım şaşa, ürəyim!

Sən canı canandan ayrı tutmadın,
Odur ki, vəfasız deyildir adın.
O, səni unutdu, sən unutmadın,
Yaşa, məhəbbətim, yaşa, ürəyim.


“Kitabçı” dərgisi, N 3, 2014

Hiç yorum yok:

Yorum Gönder