16 Kasım 2014 Pazar

Simadan bir nağıl. Qardanənin nağılı


     


nağılın rus dilində variantı burada:

http://www.proza.ru/2014/02/02/2147


Biri vardı, biri yoxdu, bir Qardanə vardı. Əlbəttə, o bir deyildi, onun xeyli rəfiqələri vardı - özü kimi soyuq gözəl qar dənəcikləri. Onlar ilboyu göyün yeddinci qatında, buludlarda yaşayırdılar və hər gün yuxarıdan aşağı baxıb,Yerdəki həyatı müşahidə edərək köks ötürürdülər, “axı nə vaxt qış gələcək və biz aşağı, gözəl şəhərlərə və meşələrə enəcəyik, insanların həyatına yaxından baxacağıq, bəlkə də isti günəş və ya texniki duz kimi təhlükə ilə rastlaşacağıq... heç olmasa soyuq damarlarımızı bir qədər adrenalin ilə coşdurarıq... yoxsa bütün günü buludlar, buludlar... darıxdırıcı və yeknəsək həyat”...

     Qardanə adi dənəcik deyildi. Onun çox mürəkkəb naxışı vardı və o, gözəlliyi ilə  seçilirdi. Bundan əlavə, onun hamıdan gizli saxladığı bir sirri vardı, - o, insanların arzularını yerinə yetirməyi, onlara  ümid və sevgi verməyi bacarırdı.
     Hər gün Qardanə  buludlardan aşağı baxırdı və köhnə şəhərdə baş verən dəyişiklikləri görürdü.  O, məhz bu köhnə şəhərə, hər kərpici arxasında böyük tarixin gizləndiyi bir şəhərə getmək istəyirdi, lakin Baş Qarcıq buna icazə vermirdi, o, bütün qar dənəciklərindən ciddi intizam tələb edirdi və istəyirdi ki, onlar onun bir sözünü iki eləməsin.
     Baş Qarcığın belə bir əyləncəsi vardı: o, hər gün dünya xəritəsini açıb baxırdı ki, hara, hansı ölkəyə qarlı çovğun göndərmək olar. Bəzən o, buz zərləri zarafatla xəritəyə atardı, sanki  çərxi-fələklə  oyun oynayırdı, amma çox zaman çərxi-fələk  onun özüylə oyun oynayıb, zərləri isti ölkələrə yönəldirdi. Həmin ölkələrdə  isə insanlar qarı ancaq şəkillərdə və televizorda görmüşlər, ora qar necə yağa bilərdi, əgər iqlimə görə bu mümkün deyildisə? Baş Qarçıq köks ötürüb, xəritədəki ölkələri seyr edər və gələcək  qurbanlarını seçməklə vaxtını keçirirdi.
      Baş Qarcıq xəritəylə məşğul olarkən, Qardanə buludlardan yerə baxaraq, dəyişən təbiəti müşahidə edirdi. Bax, artıq sarı, quru yarpaqlar kövrək budaqlardan qoparaq, küləyə təslim olub uzaqlara uçdular... Onların arxasınca köçəri quşlar şəhəri tərk etdilər... Hava soyuq, nəmli oldu, külək isə iynəli və qıcıqlı. Köhnə şəhər qışa hazırlaşırdı. Sakinlər sandıqlardan və şkaflardan isti paltarları çıxardır, pəncərələri və qapıları kipləyirdilər. “Vaxtdır, - Qardanə düşündü, - tezliklə Baş Qarcıq bizi ezamiyyətə göndərəcək...”.
     Nəhayət, bir gün Baş Qarcıq bütün qar dənəciklərini müşavirəyə toplayıb hamısına aşağı, şəhərlərə və kəndlərə, meşələrə və tarlalara uçmağı əmr etdi. Qar dənəcikləri sevincək halda buludlardan aşağı şütüdülər – bir qismi damlara və ağacların başına endi, bir qismi – yollarda qar təpəcikləri yaratdı, bir qismi eyvanlara, pəncərələrə doldu. Bir neçə dəqiqə ərzində şəhərlər ağappaq oldu, şaxta və soyuğun hökmranlıq etdiyi səltənətə çevrildi.
     Qardanə özünə başqa tale seçdi. O, öz rəfiqələrindən ayrılıb təkbaşına istədiyi istiqamətdə uçdu. O uçdu, uçdu... Uça-uça ətrafa çökmüş səssizlikdən, şəhərləri bürümüş şaxtalı havadan həzz alırdı. Qardanə özünü əla hiss edirdi, sevincək idi, qayğısız şəkildə uçaraq, qış günəşi altında tərtəmiz mavi rənglə bərq vururdu. O, dilinə düşmüş hansısa mahnını zümzümə edərək uçurdu, hərdən evlərin pəncərələrindən içəri boylanır, ata-anaları ilə yolka bəzəyən uşaqları, nəvələri üçün kökələr bişirən nənələri, küknar qozalarını qızılı rəngə boyayan babaları görürdü...   
     Qardanə uçdu, uçdu, yoruldu. Birdən bir oğlan gördü. Uşaq kədərli halda qar içində dayanmışdı. O, boğazına qalın toxunma şərf dolamışdı, əynində qalın palto vardı, amma başqa uşaqlar kimi qarla oynamırdı, qaçmırdı, şən qışqırıqlarla qarın içinə yıxılmırdı. Sadəcə dayanıb baxırdı. Qardanə ona yaxınlaşıb toxunma əlcəyinə qondu. Oğlan təəccüblə Qardanəyə baxdı, gülümsədi – axı o belə gözəl qar dənəciyi görməmişdi! Bərq vuran Qardanə dilləndi:
     - Sən niyə burda tək dayanmısan? Niyə uşaqlarla oynamırsan?
     - Darıxıram... Çıxdım ki, bir az hava alam... anam xəstədir... Yolkamız yoxdu, deməli bayram  olmayacaq... Amma gəzmək istəmirəm...
     - Bəs nə istəyirsən?
     - İstəyirəm anam sağalsın... Evdə dadlı şirin kökələr bişsin. Sən bilirsən, anam necə dadlı yeməklər bişirir!
     Qardanə dedi:
     - Qoy sən deyən olsun. Mən elə edəcəm ki, hər şey yaxşı olacaq, lap sən istəyən kimi! İnanmırsan? 
     Oğlan fikirli halda Qardanəyə baxdı. Eh, uşaqlar kədərli olanda, və ya ağlayanda, Qardanə pis olurdu, kefi pozulurdu. O zaman ona elə gəlirdi ki, bu uşaqlar vaxtından əvvəl qocalıblar, halbuki uşaq elə uşaq kimi qalmalıdır, dərd çəkməməlidir.
     - Mən xəyalını gerçəkləşdirə bilərəm. Amma sən mənə kömək etməlisən.
     - Necə?
     - Diqqətlə mənə bax və istədiyini arzula. Arzun yerinə yetəcək.
     Oğlan əlini gözlərinə yaxınlaşdırıb Qardanəyə diqqətlə baxmağa başladı, qar dənəciyinin büllur parıltısından uşağın gözləri qamaşdı. Oğlan gözlərini yumub arzusunu pıçıldadı: anam sağalsın... sağlam və xoşbəxt olsun...
     - İndi evə get. – Qardanə bunu deyib uzaqlara uçdu.
     Oğlan onun arxasınca baxdı. Qardanə elə gözəl idi, elə saf idi ki... belə gözəllikdə yalan ola bilməzdi. Oğlan evə qaçdı, gördü ki, anası güzgü qarşısında dayanıb uzun ipək saçlarını darayır. Uşaq onun yanına qaçıb qucaqladı. Ana gülümsəyib oğlunun şaxtadan üşümüş yanaqlarından öpdü:
     - Özümü bir az yaxşı hiss edirəm, balası, indi sənə kökə bişirəcəm. Alma ilə istəyirsən, ya mürəbbəylə?
     - Alma ilə. Mürəbbə ilə də...
*
     Qardanə yenə uçuşda idi, zümzümə edə-edə uçurdu. Park üzərindən uçarkən, skamyada əyləşmiş bir qadın gördü. Hava soyuq idi, amma qadın soyuğu hiss etmirdi, dodaqlarını kip sıxaraq əyləşmişdi, gözləri yaşla dolmuşdu.
     - Sizə nə olub? – Qardanə qadının yaxasına endi.
     Qadın diksindi, o, danışan qar dənəciyi görməmişdi. Qardanə elə gözəl idi, onun büllur işartısı elə cəlbedici idi ki, qadın dərdini danışmağa ehtiyac duydu:
     - Tənhayam... Təkəm... Kədərliyəm... Sevgilim vardı, amma ondan ayrıldım... çox peşmanam buna...
     - Onu qaytarmaq istərdinizmi?
     - O özü gərək qayıtsın... onu məcbur etmək istəmirəm...
     - Sizə kömək etmək istəyirəm, - Qardanə dedi və qadının yaxalığından uçub ovcuna qondu. – Diqqətlə mənə baxın və nə istəyirsinizsə, onu  arzulayın...
     Qadın gözlərini qıyıb Qardanənin füsunkar naxışlarını seyr etməyə başladı, təsəvvür etdi ki, yenə də sevilir... sevdiyi insan onunladır... Və onun evində yenə sevinc, sevgi və şən qəhqəhələr bərqərardır...
     - Tamam. Hazırdır. İndi evə gedin və gözləyin, - bu sözləri deyən Qardanə yuxarı uçub gözdən itdi.
     Qadın skamyadan atılıb evinə qaçdı. Ondan soruşsaydılar ki, hara belə qaçırsan, niyə qaçırsan? – cavab verə bilməzdi, lakin hansısa izahedilməz bir qüvvə onu evinə yönəldirdi. Evinə gələn kimi, masanın üzərindəki telefona baxdı – bir mesaj gəlmişdi: “Əzizim, sənincün çox darıxmışam. Bəs sən? Tezliklə yanındayam, gözlə”.
     Qadın sevincək əl çalıb balaca qız kimi atılıb düşdü. O bilirdi ki, tezliklə dünyalar qədər sevdiyi insanı qucaqlayıb öpə biləcək...  
*
     Qardanə özündən məmnun halda uçurdu, sevinirdi ki, həm oğlana, həm də qadına kömək edə bilib. O əmin idi ki, bu insanların həyatı  yaxşılaşacaq, ürəkləri sevinclə dolacaq, kədər onları tərk edəcək. Qardanə onların gözü qabağında möcüzə yaratmışdı və bununla da küskün qəlblərə ümid vermişdi.
     Qardanə uçurdu.  O, köhnə oyuncaqlar satan bir qoca gördü. Qoca kişi balaca taxta skamyada əyləşib yoldan keçənlərə baxırdı. Heç kim oyuncaq almaq istəmirdi. Hava qaralırdı, ancaq qoca kişi evinə getmirdi, hey müştəri gözləyirdi. Qardanənin qocaya elə yazığı gəldi... Axı bu qoca nəyə görə soyuqda küçədə qalmalı idi, üşüməliydi?..
     Qardanə qocaya yaxınlaşıb soruşdu:
     - Siz niyə bu oyuncaqları satırsız? Onlar, yəqin, sizin nəvənizindir, siz isə satırsız...
     - Bəs neynim... acından ölək? Bu oyuncaqları satıb nəvəmə süd və çörək alıram. Çox satsam, bəlkə ona konfet də ala bildim.
     - İstəyirsiz, elə edim ki, sizin süfrənizdə həmişə süd, çörək, konfet olsun? Ürəyiniz nə istəsə, olsun, istəyirsiz?
     - Zarafat edirsən? Dolayırsan məni?
     - Siz nə danışırsız! Nə zarafat! – Qardanə incidi. – Sizə kömək etmək istərdim. Diqqətlə mənə baxın və nə istəsəniz, arzulayın... Arzunuz həmən yerinə yetəcək... – Qardanə qocanın ovcuna qondu, büllur şüaları bərq vurdu.
     - Aaa, sən demə, sehirlisən! – Qoca düşündü, - gör necə də bəxtim gətirdi! İndi mən səni əlimdən buraxmaram!
     Qoca Qardanəni ovcunda sıxdı ki, uça bilməsin. Qardanə  əsir alındı, qoca onu buraxmayacaqdı... Yaxşılığa belə cavab verdi, - Qardanə küsdü, ağladı, özünü pis hiss etdi, rəngi boğulmağa başladı. “Heyif o nəvədən ki, belə zalım babası var... – son nəfəsində Qardanə düşündü, - bu nəvənin hər şeyi ola bilərdi, xoşbəxt yaşayardı, amma babası imkan vermədi...”
     Qardanə hər saniyə ilə məhv olurdu. O, azad mühitdə böyümüşdü, həmişə sevgi və hörmət görmüşdü, amma indi zorakılıqla, yalanla qarşılaşmışdı. Qoca kişi oyuncaqları nimdaş kisəyə atıb, evinə tələsdi.  Baba bilirdi ki, Qardanəni gizlətməli olacaq. Qardanə üçün o, bir qutu düzəldəcək və onu soyuducuda saxlayacaqdı. Lazım olduqca, Qardanəni soyuducudan çıxarıb ona əmr edəcəkdi. Qoy bütün əmrləri yerinə yetirsin! Həddi nədir, sözümdən çıxa! Yoxsa ona ciddi cəza verərəm! Qaynar suya ataram! Oda ataram! – zalım qoca belə düşünürdü.
     Evə gələn kimi, qoca oyuncaqlı kisəni küncə atıb nəvəsinə dedi:
     - İndi biz padşahlar kimi yaşayacağıq! Mənim sehirli qar dənəciyim var! O bütün istəklərimizi həyata yetirəcək! – Qoca ovcunu açıb şikarını nəvəsinə göstərdi.
     - Bu nədir belə? – nəvəsi təəccüblə soruşdu. Babanın ovcunda qara rəngli nəsə vardı.
     - Aaaaa! Məni aldatdı! O mənə kələk gəldi! – Baba qışqırdı və pəncərəni açıb ovcunda can verən qar dənəciyini hirslə bayıra tulladı. Pəncərəni taqqıltı ilə bağlayıb otağa keçdi.
     Qardanə qar üzərində can verirdi. Çox məyus və peşman idi. İnsan fitnəkarlığı, xainliyi ilə rastlaşacağını heç gözləmirdi. İndi Qardanə anladı ki, niya Baş Qarcıq qar dənəciklərinin özbaşına hərəkətinə imkan vermirdi, və niyə ciddi nizam-intizam tələb edirdi, hər cür müstəqilliyi kökündəcə boğurdu. Görünür, Baş Qarcıq insanları daha yaxşı tanıyırdı və onun şaxtalı ürəyi plansız yaxşılıq və sehirdən bixəbər idi.
*
     Gecə qaranlığında Avara şəhərə gəlib çatdı. Bu adam kimdi, nəçidi – bilinmirdi. O, bir günün ümidiylə yaşayırdı və əmin idi ki, sabah da onun yeməyə çörəyi, yatmağa yatağı olacaq. Tənha Avaraya daha nə lazım idi bunlardan başqa? O tam azad idi, istədiyi yerə gedirdi, könlünün istədiyi insanlarla danışırdı, özünə xoş olan yaxşılıqları edirdi və canı-könüldən bu həyata aşıqdi. Avara çöllüklərdə ağac əkirdi ki, kölgəlik olsun, çayların ağzını təmizləyirdi ki, su gur şırıltı ilə axsın, sellərin gətirdiyi nəhəng daşları yollardan kənara çəkirdi, quru budaqlardan özü kimi səyyarlara sığınacaqlar hörürdü. Hamı  təəccüblənirdi, amma heç kim ona qoşulmurdu, kömək etmirdi. İnsanlar hesab edirdilər ki, təmənnasız yaxşılıqlar mənasızdır,  bu – qiymətləndirilməyən bir işdir. Amma Avara yaxşılıqları qiymət üçün etmirdi, onun ruhu, könlü bunu istəyirdi, başqa cür ola bilməzdi – yaxşılıq etmək Avaranın həyat tərzi, həyat fəlsəfəsi və cani-könüldən sevdiyi bir məşğuliyyətdi.
     Avara qaranlıq küçələrlə gedirdi, birdən ağappaq qarın üzərinda qaralmış Qardanəni gördü, onu qaldırıb:
     - Can, can... qorxma, mən səni ölməyə qoymaram, - sözləriylə qar dənəciyini köynəyinin altına, sinəsinə basdı.
     Avara bu şəhərdə yaşayan dostunun evinə getdi. Hər şəhərdə Avaranın dostu vardı. Bu dostlar onu qəribə, əhli-kef adam saysalar da, xətrini çox istəyirdilər və həmişə sevinclə qarşılayırdılar, çünki bilirdilər ki, Avara yaxşı dostdur.
     Dostu Avaranı qarşılayıb ona evində yer verdi. Avara Qardanəni ehtiyatla soyuq pəncərəyə qoydu. Qış ayının solğun işığı Qardanənin  üstünə düşürdü. Avara yatağa uzanıb yuxuya getdi. Qardanə isə sehirli ay işığını özünə hopduraraq bütün pislikləri unutmağa çalışırdı...
     Səhər Qardanə yenidən əvvəlki kimi gözəldi, şəndi, büllur şüaları bərq vururdu. Pəncərədən düşən günəş işığı altında Qardanə daha da yaraşıqlıydı. Avara yuxudan oyanan kimi pəncərəyə qaçdı, gördü ki, Qardanə salamatdır, sağalıb. Avara gülümsədi və dedi:
     - Nə yaxşı ki, sağaldın! Sən gözəlsən!
     - Sən mənim xilaskarımsan! Məni ölümdən qurtardın! De – sənincün nə edə bilərəm? Hansı arzun var?
     - Mənə heç nə lazım deyil. Nə istəyirəmsə, varımdır. Amma bir arzum var -  istərdim ki, insanların ürəkləri daşlaşmasın, onlar sevə bilsinlər, yaxşılıq etsinlər. Təəssüf ki, bu mümkün deyil...
     - Mümkün olmayan heç nə yoxdur, - Qardanə dedi, - Kimin sevgiyə ehtiyacı varsa, sevən ürək tapır, kimə sevinc və yaxşılıq lazımdırsa – onları əldə edir. Amma həmişə insanlar arasında pislik edənlər də olacaq – onlar da əvəzində pislik alacaqlar. Bu – həyatın həqiqətidir.
     - Sən necə də ağıllısan, - Avara dedi.
     - Ağıllı mən deyiləm, bizim Baş Qarcıq ağıllıdır, biz də ondan çox şey öyrənirik. Yaxşı, vaxtdır, mən getməliyəm... Öz  yerimə, buludlara  qayıtmalıyam. Sag ol. Əlvida!
     - Əlvida, Qardanə! – Avara pəncərəni açıb Qardanəni buraxdı. Qardanə eşiyə uçub havada fırlandı və yuxarı, buludlara qalxdı.
     Bir neçə dəqiqədən sonra şəhərin üzərində gözəl bir göy qurşağı parladı. Avara anladı ki, Qardanə artıq buludlardadır. Avara bir də onu anladı ki, bu andan etibarən həyat gözəl olacaq – tək bu şəhərdə deyil, digər şəhərlərdə də, kim bilir...
S o n

Hiç yorum yok:

Yorum Gönder