21 Ekim 2025 Salı

Sonuncu hədiyyə (hekayəm)

 #SimaEnnagi #proza #hekaye


Aygül hardasa oxumuşdu ki, hədiyyə — hissləri sözsüz ifadə edən ürək dilidir, hər hansı bir etirafdan daha təsirli, ən gözəl ifadələrdən daha güvənli işarətdir.  O,  sosial şəbəkələrdə gəzişərkən qarşısına bir reklam çarxı çıxmışdı — kiborq-ev köməkçiləri. Bu kiborqlar  kişi və qadın qismində idilər, hər işi görürdülər. İdarə proqramına süni zəka inteqrasiya edilmişdi, çox sürətlə yenilənən və sahibinin xarakterinə uyğunlaşan qurğulardı.

Reklamda hər şey cazibəli görünürdü: budur, qadın-kiborq  yemək bişirir, kişi-kiborq mebel daşıyır, balkonu rəngləyir, daha nələr, nələr... Aygül atasına kiborq hədiyyə etmək qərarına gəldi.

    Əla seçimdir! — Dükanın meneceri Aygüldə alıcı potensialını duyub dil-dil ötürdü. — Bizdəki   mal heç yerdə yoxdu!  Hərəsi bir aləmdir  — hər biri müştərinin emosional vəziyyətinə uyğunlaşır, düz sözə nə deyəsən, adamın əvəzinə düşünür! Möcüzədir e, möcüzə! Ən yaxşı dostdur,   həmsöhbətdir! Alın, peşman olmazsınız! Qiyməti? Su qiymətinədir, vallah! Amma bu cür mal tapılmaz! Özü də az sayda gətirmişik!

Aygül qulaqucu dinləyirdi, gözü isə kiborqlarda idi. Görəsən, hansı daha yaxşı modeldi? Təbii ki, istifadəsi rahat, idarə proqramı asan və mükəmməl olmalıydı. O, salonda düzülmüş kiborqları bir-bir nəzərdən keçirdi, onlar canlı insanlar kimi müxtəlif pozlarda dayanmışdılar: kimisi masa arxasında əyləşib nəsə yazırdı, kimisi taxta yonurdu, kimisi piano çalırdı, yanındakı “dostu”  zərli qotazlı təbili tappıldadırdı.