#mistika #horror
Şəhərin
kənarında çoxdan tərk edilmiş bir ev vardı — ot basmış həyət, boyası qopub
tökülmüş divarlar, qurumuş ağaclar. Yaz aylarında həyətdə pişiklər əylənirdi,
sonra uzun müddətə yox olurdu. Bu evdə əvvəllər varlı bir ailə yaşayırdı, lakin
onların kiçik qızı Leyla itkin düşəndən sonra ailə başqa şəhərə köçmüşdü. Ailənin
köçməsi ilə ruhunu itirmiş ev zamanın basqısı altında dağılırdı.
Bir gün
Murad təsadüfən şəhərin bu hissəsinə gəldi, burada tərk edilmiş bir evin
olduğunu heç bilmirdi, sevindi, sanki gizli bir xəzinə tapmışdı. Murad tənha
birisi idi, az sosiallaşdığına görə
xanımlarla uzunmüddətli tanışlıq qura bilmirdi, içindəki boşluğu doldurmaq üçün
köhnə binaları, tikililəri öyrənirdi, bu hobbisi ilə toz qatı altında yatan məişət
tarixinə, insanların həyat tərzinə bələd olurdu, hesab edirdi ki, hər qədim əşya
unudulmuş günlərin tarixçəsini qoruyub saxlayan lal şahiddir. Muradın beynində
bir ideya vardı – keçmişin insanları haqqında bir kitab yazmaq. Hər kitab hər
hansı fikirlə başlayır, və yalnız çalışqanlıq, cəsarət nəticəsində beynindəki düşüncədən
kağızdakı son sətrin nöqtəsinə qədər davam edən yolu qət edə bilərsən.
Boş evi görən Murad içəri gedib baxmaq qərarına
gəldi, adətən belə yerlərdə maraqlı tapıntılar olurdu, və artıq köhnə kitablar,
məişət əşyaları və fotoşəkillərdən ibarət kiçik bir kolleksiya toplaya
bilmişdi.
Yarımqaranlıq
otağa daxil olan Murad kəskin toz və kif iyini duydu. O sanki xatirələrin izini
gizlədən dünyaya addım atmışdı. Otağın qaranlıq künclərində xışıltı ilə eşələnən
siçovullar onu bir qədər qorxutdu, elə
bil canlı kimsə qaranlıqda Muradla təmas qurmaq istəyirdi.
Aşağı mərtəbədə
ətrafa nəzər salandan sonra Murad macəra
ruhunun təsiri ilə çardağa çıxmaq qərarına gəldi, təcrübəsindən bilirdi ki, ən
maraqlı şeylər adətən orada, sandıqlarda və rəflərdə saxlanır. Və yanılmadı.
Çardaqda xeyli köhnə əşya yığılmışdı — paslı mexanizmlər, kitablar, işlənmiş
mebellər, güzgülər. Hər əşyanın bilinməyən tarixçəsi vardı. Küncdə, tozlu pəncərədən
düşən gün işığı altında qaralan döymə naxışlı sandıq Muradın diqqətini çəkdi. Murad
sandığa yaxınlaşıb qapağı açdı, cır-cındırın altında gözəl bir kukla tapdı. Kukla
sanki canlı idi, uzun qıvrım saçları, cəhrayı dodaqları, toppuş əl-ayağı onu
balaca qıza oxşadırdı, elə özü də balaca uşaq boydaydı. Muradın övladı yox idi,
balaca bir qız tanımırdı ki, kuklanı ona versin. Murad kuklanı elə oradaca,
sandıqda qoymaq istədi, qəfildən ona elə gəldi ki, kukla gözlərini açıb-yumdu.
Murad kuklaya xeyli diqqətlə baxdı, qeyri-adi heç nə tapmadı və onu özü ilə
aparmaq qərarına gəldi.
Evdə Murad
kuklanı komodun üstünə qoydu, özü isə dincəlmək üçün divana uzandı. Nəsə özünü
yorğun hiss edirdi, hərçənd elə də uzun məsafə qət etməmişdi. Gözlərini yumub,
aramla nəfəs alırdı. Bu cür dincəlmək onun vərdişi idi – özünü yorğun hiss edəndə,
yatmasa da, divana gözüyumulu şəkildə uzanıb mürgüləyər, beynini və bədənini
dincəldərdi.
Mürgülü
vəziyyətdə yavaş-yavaş sayan bir uşağın səsini aydın eşitdi: "Bir... iki...
üç... dörd... beş ...". Murad qəfildən gözlərini açdı və yenə, deyəsən,
kukla gözünü qırpdı. Murad buna o qədər də əhəmiyyət vermədi, düşündü ki,
yuxuludur, gözünə nəsə görünüb.
Sonra o,
kompüter arxasına keçib işləməyə başladı, bir müddət sonra otaqda səs eşitdi. Arxaya dönüb kuklanın üzündə təbəssüm
gördü. Murad əmin idi ki, kuklanı tapanda o gülmürdü. Kukla gülə bilməzdi! Kukla
başını bir qədər əyib təbəssümlə Murada baxırdı. Muradın içinə vahimə doldu,
axı niyə oyuncaqdan qorxur? Qorxulu nə var ki? Bax, kukla komodun üzərindədir,
hara qoymuşam, orada da qalıb. Nə tərpənir, nə də...
Kukla
bir-iki dəfə gözlərini qırpdi. Murad özünü elə göstərdi ki, guya başı işinə
qarışıb, özü isə oğrun-oğrun kuklanı müşahidə edirdi.
Kukla əvvəlcə
sakitcə oturmuşdu. Sonra qollarını və ayaqlarını tərpətməyə başladı, paltarının
ətəyini düzəltdi. Ağzını açıb aydın şəkildə dedi: "Ana. Anacan. Mən sənin
yanına gəlmək istəyirəm".
Murad
sıçrayıb ayağa qalxdı, kuklaya tərəf qaçdı, onu silkələməyə, çevirməyə, gizli
mexanizmi axtarmağa başladı. Heç nə tapmadı. Kukla gözləri bağlı halda onun əlində
uzanmışdı. Murad əlindəki kukla ilə otaqda
ora-bura qaçıb, beynində qaynayan suallara cavab axtarırdı, amma
tapmırdı, tapmadıqca da içindəki vahimə hissi qara ilan kimi boğazına tıxanıb onu
boğurdu. Murad kuklanı komodun üstünə atıb kompüterin kamerasını işə saldı, özü
başqa otağa keçdi, telefonun ekranından kamera görüntüsünü izləməyə başladı.
Otaqda tək
qalan kukla əl-ayağını tərpətdi, komoddan aşağı düşüb pəncərəyə yaxınlaşdı, şüşəni
yumruğu ilə döyüb qışqırdı: "Ana. Mən buradayam. Anacan. Mənə kömək
et!" Kuklanın səsini eşitcək, Murad onun yanına qaçdı, lakin kuklaya çata bilmədi,
hansısa naməlum qüvvə Muradı havaya qaldırıb fırlatdı və divanın üzərinə atdı.
Görünməz əllər Muradı boğmağa başladı. Murad divanda çırpınır, xilas olmaq istəyirdi.
Kukla Muradın vurnuxmasına baxıb gülürdü. Murad var gücüylə onu boğan qüvvəni
itələdi, kuklaya tərəf qaçdı və onu pəncərəyə çırparaq şüşəni sındırdı. Kukla həyətdəki
quru otların üstünə düşdü, kimsə Muradın başına möhkəm bir yumruq ilişdirdi.
Murad
özünə gələndə hava qaralmağa başlamışdı. Ətrafdakı hər şey kölgələnmişdi. Murad
hiss etdi ki, çox qorxur, hərçənd kukladan, cansız oyuncaqdan qorxmaq absurd idi,
Murad bunu anlayırdı, amma içinə dolan narahatlıq hissini ram edə
bilmirdi.
Onun gözləri
otaqdakı qaranlığa öyrəşdikdə o, qarşısında parlayan iki dairə gördü və
bunların kuklanın gözləri olduğunu başa düşdü. Kuklanın plastik gözləri tez-tez açılıb-yumulurdu, tik-tik,
tak-tak, əynindəki donu xışıldayırdı — şuh-şuh, şah-şah. Kukla ona yaxınlaşdı və
Murad, gerçəkdəmi, başındamı, eşitdi: "Ana. Anacan. Mən buradayam". Muradın ağlına gəldi ki, bəlkə bu kukla itkin Leylanın
ruhudur?
Murad fikrini bitirə bilmədi, kukla atılıb Muradın baldırını dişlədi. Kuklanın gözlənilməz həmləsindən
Murad döşəməyə yıxıldı, kukla onun sinəsinə hoppandı, Muradın ürəyini əzmək istəyirmiş
kimi qırmızı çəkmələri ilə onu tapdalamağa başladı, qəhqəhə ilə atılıb-düşdü. Murad
ağrıdan inlədi, qurtulmaq üçün döşəmədə fırlandı. Kukla qəzəblə Muradı təpikləməyə
davam edirdi, ağzını geniş açdığından çirkinləşmişdi. Nəhayət Murad kuklanı özündən qoparıb kənara atdı,
ayağı ilə itələdi. Zərbədən kukla divanın altına uçdu və oradan səsi gəldi:
"Bir, iki, üç, dörd, beş. Ana.
Mən buradayam. Anacan. Məni xilas et. Ana. Mən buradayam".
"Bəlkə dəli
oluram?" — Murad düşündü. — "Kuklalar danışa bilmir! Yoxsa bu, kukla
deyil? Kabusdu? Ruhdu? İlahi, kuklanı niyə çardaqdan götürdüm! Gərək orda
qoyaydım!"
Murad səhərə qədər yatmadı,
dizlərini qucaqlayıb divanın altından gələn səslərə qulaq asdı. Kukla bütün gecəni
elə hey danışdı, danışdı, danışdı…
Günəşin ilk şüaları ilə Murad
oturduğu yerdən ayağa qalxdı. Otağa dolmuş sükutdan qulaqları cingildəyirdi. O,
kuklanı axtardı, amma heç yerdə tapmadı. Divanın altında yalnız xırda krujeva parçası qalmışdı. Krujeva üzərində
ipək sapla naxış işlənmişdi. Murad diqqətlə baxıb gördü ki, bu naxış deyil,
yazıdır: "Leyla".
Sima
Hiç yorum yok:
Yorum Gönder