Çevirdi: Sima Ənnağı
Ceyn
Orvis. Pəncərə
Rita vəhşicəsinə qətlə yetiriləndən sonra Karter pəncərə
önündə gününü keçirir.
O, nə televizora baxır, nə kitab oxuyur, nə məktub
yazır. Onun həyatı – pəncərə pərdəsi arasından görünən həyatdır.
Kim yemək gətirir, kim qəbzləri ödəyir, Karterin
vecinə deyil. O, otağından cıxmır.
Onun həyatı – küçədə qaçan idmançılardır, fəsillərin
dəyişməsidir, şütüyən avtomobillərdir, Ritanın kabusudur.
Karter anlamır ki, divarlarına keçə vurulmuş palatada
pəncərə yoxdu...
***
Larisa Kerklend. Təklif.
Ulduzlu gecə. Ən
münasib vaxt. Şam işığında axşam yeməyi. Rahat italyan restoranı. Balaca qara
paltar. Gur saçlar, parlaq gözlər, gümüşü gülüş. Onlar iki ildir ki, münasibətdədirlər.
Gözəl vaxtdır! Əsil sevgi, yaxşı dost, daha nə lazımdır ki... Şampan verin! Mən
ürəyimi və sevgimi təklif edirəm. Dizüstə çokürəm. Adamlar baxır? Cəhənnəmə!
Gözəl brilyant üzük. Al yanaqlar. Mülayim təbəssüm.
Necə, yox??
***
Çarlz Enrayt. Kabus.
Bu, baş verən kimi evə
tələsdim ki, kədərli xəbəri arvadıma çatdırım. Amma o, görünür, məni dinləmirdi.
Məni heç görmürdü. Mənə fikir vermədən özünə viski süzdü. Televizoru yandırdı.
Bu an telefon zəng çaldı.
Arvadım yaxınlaşıb dəstəyi götürdü.
Onun sifəti büzüşdü.
Arvadım acı-acı hönkürdü.
***
Endrü Hant. Minnətdarlıq
Xeyriyyə fondundan ona
verilmiş yun yorğan rahatca çiyinlərini örtmüşdü, zibil yeşiyində bu gün tapdığı
çəkmələr ayağını heç sıxmırdı.
Küçə işıqları soyuq
qaranlıqdan sonra adamı elə xoş qızdırırdı ki...
Parkdakı skamya onun zəhmətkeş
qoca kürəyinə çox tanış gəlirdi.
“Minnətdaram sənə,
Tanrım, - o düşündü, - həyat, doğurdan da, gözəldir!”
***
Brayan Nyuel. Şeytan nə istəyirdi?
İki oğlan yavaş-yavaş
uzaqlaşan şeytana baxırdı. Şeytanın hipnozedən gözlərinin parıltısı hələ də
oğlanların beynini dumanlandırırdı.
- Qulaq as, o səndən nə
istəyirdi?
- Mənim qəlbimi. Bəs səndən?
- Telefon-avtomat üçün
qəpik. O təcili zəng etmək istəyirdi.
- İstəyirsən, gedək yeyək?
- İstəyirəm, amma pulum
heç qalmadı.
- Eybi yox, gedək. Mənim
pulum çoxdu.
***
Alan Mayer. Uğursuzluq.
Bütün bədənimə dolan kəskin ağrı məni
yuxudan oyatdı. Gözlərimi açıb yatağın qarşısında dayanmış tibb bacısını
gördüm. O dedi:
- Mister Fucima, bəxtiniz gətirib. Iki gün
əvvəl Hirosima bombalanandan sonra sağ qalmısız. Indi hospitaldasız, daha təhlükə
yoxdur.
Zəif səslə soruşdum:
- Hardayam ki?
- Naqasakidə.
***
Cey Rip. Tale
Təkcə bir çıxış yolu vardı, çünki bizim
həyatımız qəzəb və razılığın mürəkkəb düyünü ilə bir-birinə qarışmışdı və başqa
yol yoxdu. Püşkə etibar edək: düz üzü düşsə - evlənirik, tərs üzü – həmişəlik
ayrılırıq.
Qəpiyi atdım. O, cingilti ilə yerə dəyib
fırlandı və dayandı. Düz üz.
Təəccüblə qəpiyə baxdıq.
Sonra eyni anda dedik: “Bəlkə, bir də
püşk ataq...”
***
Robert Topkins. Həqiqət axtarışında
Nəhayət, ucqar bir kənddə onun
axtarışlarına son qoyuldu. Köhnə daxmada ocaq başında Həqiqət əyləşmişdi.
Adam ömründə bu qədər qoca və çirkin
qadın görməmişdi.
- Siz Həqiqətsiz?
- Bəli.
- Deyin, mən dünyaya nəyi bəyan eyləməliyəm?
- Hamıya deyin ki, mən cavan və gözələm!
– Qarı ocağa tüpürüb cavab verdi.
***
Avqust Salemi. Müasir təbabət.
Gözqamaşdıran işıq, qulaqbatıran səs,
iliyinə işləyən ağrı, sonra ilıq, cazibədar, saf mavi nur. Con özünü qəribə dərəcədə
xoşbəxt, gənc, azad hiss etdi, o, işığa tərəf getdi.
Ağrı və qaranlıq qayıtdı. Con asta-asta şişkin
gözlərini açdı. Tənziflər, borucuqlar, gips. İki ayağı yoxdu. Ağlayan arvadı
dedi:
- Əzizim, sən xilas olmusan!
Hiç yorum yok:
Yorum Gönder