Salam, bu bloq Sima Ennaginin blogudur (kecmish blogumun adresi - www.simacan.azeriblog.com), indi ise bu yeni bloqumda yazilarima davam edecem. Her gun burda gorusmek umidiyle, Sima. YASHASIN SOZ SENETI! :)
28 Ocak 2011 Cuma
Zibillənən müasir dilimiz, və ya hər şeydə yenilik
Texnologiya inkişaf etdikcə, dilə yeni elmi terminlər və anlayışlar daxil olur. Və bununla dili zənginləşdirir. Həqiqətənmi zənginləşdirir, ya onu zibilləyir? Dünya dilçiləri dillərin bir-birinə səmərəsiz qarışmasından naharahatdırlar, çünki bəzən alınma sözlər dildə mövcud olan doğma, şirin sinonimik sözləri sıxışdırıb, quru texnogen ifadələrlə əvəz edir. İndi azərbaycan dilində bloq, çat, brend, menecer, marketinq, mesaj, mobil, villa, cip, noutbuk, netbuk, drayver və s. sözlər geniş istifadə edilir. “Dil azadlığı” dilə hansı təhlükəni yaradır?
Bu mənfi proseslər müasir rus dilindən də yan ötməyib.
Maksim Kronqauz, Linqvistika İnstitutunun direktoru “Literaturnaya qazeta” ilə söhbətində bu aktual mövzuya toxunmuşdur (“LQ”, N 1, 2011).
- “Sinirləri pozulmuş rus dili” kitabınızda belə sözlər var: “Dilin zibillənməsindən danışmaq axmaqlıqdır, çünki həyatımız belədir, zibillidir. Yadda saxlamaq lazımdır ki, sözlər mahiyyəti inikas edir”.
- Filoloqlar, linqvistlər dilin gözəlliyindən, təmizliyindən danışa bilərlər, lakin bununla vəziyyət dəyişməyəcək. Bir alim kimi, hesab edirəm ki, cəmiyyətlə təmasda olub, dilin vəziyyəti ilə sıx maraqlanmaq lazımdır. İndi tamamilə təbii bir proses gedir – bu prosesin səbəbi nəhəng xarici dəyişmələrdədir. Siyasi, iqtisadi, texnoloji dəyişmələrdə. Dil bizim dəyişmiş tələbatlarımızı ödəmək üçün başqalaşır. Bu haqda mübahisə etmək olar, bunu müzakirə etmək olar, lakin qızışmaq, etiraz bildirmək konstruktiv deyil.
- Rus dilinin kəskin dəyişdiyi dövrlər olubmu?
- Bəli. Hər dəfə ciddi dəyişmələrin nəticəsində dil də dəyişib. Car Pyotrun vaxtında texnoloji inkişaf rus dilinə yeni sözlər gətirdi (məsələn, viktoriya, assambleya və s.); inqilabdan sonra, yeni siyasi quruluş və yeni həyat tərzi dili yeni sözlərlə zənginləşdirdi. İndi də biz tarixən yeniləşmə mərhələsindəyik, bizim zəmanə unikaldır. Dilimizə İnternet öz təsirini göstərir.
- Baş verənlərdə nəsə müsbət cəhət varmı?
- Əlbəttə. Əgər çoxsaylı alınma sözlər olmasaydı, biz sadəcə bir-birimizi başa düşməzdik.
- Axı rus dilində hər xarici sözün sinonimi ola bilər və var.
- Bəli. Rus dili öz potensialından istifadə edib yeni sözlər yarada bilərdi, lakin dil başqa yolu seçdi – alınma sözləri qəbul etdi və bu, ən çox irad tutulan, narazılıq yaradan məqam oldu. İngilis sözlərinin kökünə öz şəkilçilərini əlavə olunub yeni sözlər yarandı, məsələn, piarçı, piar etmək...
- Alınma sözlər dilimizdə öz yerini tapırmı?
- Alınma sözlərlə mübarizə dilin öz içində gedir. Yad söz ya yox olur, ya da qəbul edilib, doğmalaşır.
- 50-ci illərdə rus dilində təmizlənmə işləri başlandı: qolkiper – qapıçı, nord – şimal, şofer – sürüçü sözləri ilə əvəz edildi. Belə tədbirlər dilə kömək edirmi?
- Xarici sözlərə qadağa olanda, yalnız rus sözləri istifadə edilirdi. Amma elə ki, alınma sözlərə icazə verildi, alınma və doğma sözlər bir-biri ilə rəqabətə başladı. Məsələn, 19-cu əsrdə car Rusiyasının Maarif naziri A.Şişkov belə təkliflər etmişdi: qaloş – yaşayaqlıq, anatomiya – bədənyarma, bilyard – kürəvurma kimi işlənsin, amma onun bu təklifləri uğur qazanmadı. Bir çox yazarlar (məsələn, A.Soljenisın) əsərlərində yeni sözlər yaratmışlar, amma təəssüf ki, həmin sözlər dilə daxil olmayıb.
- Dil haqqında qanunda deyilir ki, müasir ədəbi dilə uyğun olmayan sözlərin istifadəsi qadağandır. Bəs nədən film, kitab qəhrəmanları söyüş sözlərindən istifadə edirlər?
- Son 20 ildə dildə baş verənlər əsil faciədir. Söyüş sözlər azadlığa çıxdılar. Əgər yenidənqurma dövründə incəsənətdə və ədəbiyyatda söyüşün istifadəsi insanlara güclü emosional təsir göstərirdisə, indi, həmin sözlər həddən artıq çoxalaraq, bədii priyom kimi gücünü itirib. Söyüş - təhlükəli silah idi, indi o, dilimizi çirkaba batıran amildir.
- Dili kim qorumalıdır? Linqvistlər?
- Hansı dili? Canlı dili? Ya ideal dili? Ideal dili lüğətlər qoruyur. Linqvistlər isə dilin inkişafını öyrənir, köhnə ilə təzə arasında əlaqə tellərini axtarır. Bu gün, fəal dəyişmələr dövründə linqvistlər daha məsuliyyətli olmalıdır. Əgər linqvist konservativdirsə, yenini inkar edirsə, nəticədə gözəl dil alır, amma o dildə heç kim danışmır. Əgər köhnəni atıb yalnız yenidən yapışarsa, nəsillər arasında dil uçurumu yaranar, kimsə bir birini başa düşməz. Konservatizm və radikallıq arasında orta məxrəcə gəlmək lazımdır ki, dil parçalanmasın.
- Normal dildə yazan yazarlar çoxdurmu?
- Hesab edirəm ki, ədəbiyyatçının ləyaqəti orfoqrafiya qaydalarına uygun yazmaqda deyil, orijinal dildədir. Vaxtılə Dostoyevski, Tolstoy ümumi sırada deyildilər, lakin onların bir kəlməsiylə bilinirdi ki, müəllif kimdir. Andrey Platonov – nə qədər “yanlış” dildə yazsa da, ifadələri parlaq və özünəməxsus gözəl idi. İndi xeyli adam var ki, qaydalara əməl edərək yazır, amma onların dili minlərlə başqasından fərqlənmir. O dil hamar, lakin bozdur.
- İndiki gəncləri savadlı adlandırmaq olmaz. Çünki onlar az oxuyur?
- İndi başqa şeyləri və başqa cür oxuyurlar. Kitablar populyar deyil. Hamı internetdən oxuyur. Baza biliklər eyni deyil. Əvvəllər hamı təxminən eyni əsərləri oxuyardı – Bulqakov, Trifonov, Struqaski qardaşları... İndi bu mümkün deyil, çünki bizləri birləşdirən ümumi sahəni itirmişirk. Hətta eyni yaşlı insanlar arasında təmas nöqtəsi yoxdur.
- Gələcəkdə diln vəziyyəti necə olacaq?
- Cəmiyyətimiz konservatizmə meyillidir. Ona görə lüğətlərdə edilən hər yenilik kəskin etirazlar doğurur. Bu yaxınlarda müzakirə edilirdi – qlamur və bloq sözləri lüğətlərə əlavə edilsin, ya yox? Halbuki bu sözlər dilimizdə artıq öz yerini tapmışdır, geniş istifadə edilir.
Dil həmişə xarici təsirlərə məruz qalır. Əgər bizi siyasi, sosial həyatda, eləcə də texnologiyalarda yeniliklər gözləyirsə, dilin dəyişməsi labüddür.
Çevirdi: Sima Ənnağı
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder