20 Eylül 2025 Cumartesi

Şeir dəftərçəmdən. Darıxıram təbəssümlü, xoşbəxt çöhrələr üçün

 


Darıxıram təbəssümlü, xoşbəxt çöhrələr üçün.

Gəzirəm arzuların nəğməsiylə dolmuş küçələri,

Yığıram ovcuma sevinc zərrələrini,

İstəyirəm rədd olsun yalan vədlər –

Guya sabah hər şey yaxşı olacaq!

Onsuz da ürək ritmi səngiyir bəzən,

Onsuz da kədər sancır beynimi.

Onsuz da duyğular qarışıb dolaşır,

Çaşdırır fikir kələfini.

Amma bilirəm ki,

Möcüzə olacaq –

Bir gün fikirlər nizamla sıra alacaq,

Bir gün beynimə sevinc qonacaq,

Yollayacaq impulsları ürəyimə -

Sabah hər şey yaxşı olacaq!


Sima

Hiç yorum yok:

Yorum Gönder