#Horror #mistika
Köhnə, baxımsız parkın qüdrətli ağacları arasında "Ruhun
işığı" klinikası yerləşirdi. Kim
ruhi xəstəxananı belə adlandırmışdısa, deyəsən, yumor hissinə malik idi, sanki
bura, əzablarının öhdəsindən gələ bilməyən və dəlilik uçurumuna qaçan ruhi xəstələr
üçün bir klinika deyil, gümüş
zınqırovların cingiltisi altında nəğmələr oxuyan və rəqs edən əyləncəsevər insanların mərkəzi idi.
Soyadı kimi özü də bəsit görünüşlü doktor
Mamedov — iri burun, tibbi spirtin gündəlik qəbulundan qızarmış sifət, çünki bu
dəhşətli yerdə dəli olmamaq üçün məxsusi
hallı-halətli vəziyyətdə olmalısan, seyrək çal saçlar — bu gün növbətçi idi.
Doktor Mamedov tək yaşayırdı, gecə növbələri
onun tənhalığına rəng qatırdı, onsuz da evində bir işi olmurdu, onu heç kim
gözləmirdi, doktor evə gələndə yorğun bədənini köhnə divana yıxıb yatardı.
Klinikada da yata bildiyindən, Mamedov
valideynlərindən miras qalmış və uzaq qəsəbədə yerləşən evinə sürüklənməyə
ehtiyac duymurdu.
Nə vaxtsa bu klinikada həyat qaynayırdı, əgər
belə demək mümkündüsə, — hamını sağaltmaq, şəfa vermək, insanları qorxu və panik
ataklar olmadan real, müstəqil həyata qaytarmaq istəyən xeyli gənc mütəxəssis;
sağalacaqlarına inanan xeyli xəstə; xəstələri ziyarət edənlər, jurnalistlər, xeyriyyəçilər
var idi, amma təəssüf ki, bunların hamısı keçmişdə qalmışdı. Hər şey köhnə park
kimi viran olmuşdu. İndi klinikada yeganə, sonuncu xəstə qalmışdı, o da hələ qərar
verməmişdi — ömrünün sonuna qədər burada qalsın, yoxsa polad barmaqlıqlardan kənardakı
həyata qayıtsın. Sonuncu xəstənin qərarından klinikanın və doktor Mamedovun
aqibəti asılı idi, istənilən mənada xəstə getdikdən sonra klinika bağlanacaq, doktor
Mamedov işdən çıxarılacaqdı.
Sonuncu xəstə Yaşar mühəndis idi,
cəhənnəm maşını qismində bir aparat icad etmiş, ixtirasından dəhşətə gəlmişdi,
bunun şeytan əməli olduğunu anlayıb hallüsinasiyalarla dolu psixoza tutulmuşdu.
Uzun müddət klinikada müalicə alsa da, heç bir yaxşılaşma olmamışdı. Yaşar bütün günü
simvolik 13 nömrəli palatada qalaraq burnunun altında donquldanırdı. Ümumiyyətlə,
təhlükəli deyildi, amma kim bilir ixtiraçının xəstə beynində nə gizlənir…
Doktor Mamedov kabinetində köhnə xəstəlik
tarixçələrini nəzərdən keçirirdi, son zamanlar bu onun əyləncəsi idi. Qəfildən ağzı
köpüklü, qorxudan tir-tir əsən Yaşar qapının ağzında göründü:
— Orada! Orada! – O, dəhlizin qaranlıq dərinliyini
göstərdi, — onlar artıq buradadırlar! Onlar buradadır!
Onun dəli gözlərindən, köpüklü əyri
ağzından və vəhşi bağırtısından Mamedov üşəndi, işlədiyi illər ərzində xeyli
quduzhallı xəstə görmüşdü, amma indi kürəyində xoşagəlməz soyuq tər hiss etdi.
— Sakit ol, Yaşar, indi görək, sənə kim
mane olur... – Mamedov dedi və ayağa
qalxdı. Görünməz qüvvə onu sinəsindən bərk itələdi, pəncərələr şaqqa-şaraq
çırpıldı, Yaşar qıcolma ilə yerə yıxıldı. Mamedov çətinliklə ayaq üstə dayandı.
Yaşarın üstündən adlayıb dəhlizə boylandı, divarlarda sayrışan böyük kölgələri gördü, ulama eşitdi. Palataların qapıları divarlara dəyərək
dəhlizi taqqıltı ilə doldurmuşdu.
— Aman allah! Nə baş verir? — Mamedov dəhlizin
qaranlığına qışqırdı və cavab olaraq kimsə boğuq qəbir səsi ilə güldü.
— Onlar artıq buradadırlar! - Yaşar qışqırdı.
Hələ də yerdə, yıxılmış vəziyyətdə qalmışdı, ayağa qalxmağa taqəti yoxdu.
— Kim? Kimdən danışırsan?
— Onlar buradadır! Onlar burada! Onlar
burada! - Yaşar monoton halda təkrarlayırdı.
Doktor Mamedov ehtiyatla dəhlizə çıxdı.
Divarlar sanki bir-birinə daha yaxın görünürdü, kölgələr qəribə formada
oynayırdı. Hava qalınlaşmış, ağırlaşmışdı, sanki görünməz canlılarla dolmuşdu.
Kükürdün qəribə qoxusu ətrafdakı hər şeyə hopmuş, köhnə divarların kif və nəm qoxusu
ilə qarışmışdı. Gecə vaxtı üçün hər şey normal kimi görünürdü, bir şeydən başqa:
pəncərənin qarşısındakı divarda boya ləkəsi
yaranmışdı. Gümüş Ay işığında ləkə yavaş-yavaş çırpınırdı, böyüyüb-kiçilirdi,
sanki bir canlı divardan qopub çıxmağa çalışırdı.
Gördüyü mənzərədən doktor Mamedovun az
qala ürəyi dayanacaqdı, ilk dəfə idi ki, belə bir nəsə görürdü, hərçənd
çoxillik təcrübəsində xəstələrin
davranışlarında və düşüncələrində izaholunmaz o qədər qəribəliklərin şahidi
olmuşdu ki... Xəstələrin tez-tez "onlar" - gecələr onların ardınca gələn varlıqlar
haqqında danışdıqlarını xatırladı. O vaxtlar Mamedov bu şikayətlərə məhəl qoymamışdı, onları dərmanların
və ya xəstəliyin yaratdığı qarabasmalar hesab etmişdi.
Qəfildən dəhlizdə pıçıltı eşidildi, kimsə Mamedovu
çağırdı. Doktor geri dönüb baxdı — heç kim yoxdu. Sinəsində ürəyi şiddətlə
döyündü. Qaranlıqda bir siluet peyda oldu — irəli uzanmış qolları və boş göz
yuvaları ilə hündür bir kölgə. Siluet əlində qırmızı, nəbz kimi vuran nəsə tutmuşdu
və yavaş-yavaş Mamedova doğru hərəkət edirdi. Doktor kabinetinə tərəf qaçdı,
ancaq qapı içəridən bağlı idi. Doktor qapını yumruqladı:
— Yaşar! Aç! Qapını aç!
— Onlar buradadır! Onlar burada! - qapının
arxasından Yaşarın boğuq səsi eşidildi.
Dəhliz
boyunca palataların qapıları cırıltı ilə açılıb bağlanırdı, doktor qollarını irəli uzadıb hər yeri dolduran çoxlu
kölgələr gördü.
—
İkimizi
də götürəcəklər! Aparacaqlar! — Yaşar qışqırdı və doktoru kabinetə buraxdı.
Mamedov hiss etdi ki, soyuq dalğa bədənini bürüyür. Kölgələr bir-birini itələyərək
içəri daxil olmağa başladı, doktor anladl ki, gördüyü yalnız xəstə
hallüsinasiyalar deyil. Bu daha dəhşətli nəsə idi. Qədim və amansız nəsə.
Mistik, şeytani.
Məhz bu an Mamedov anladı ki, klinika xəstələri
yalnız qoruyub xilas etmirdi, həmçinin onların ruhunu tələyə salırdı, bir
vaxtlar burada dəlilikdən və ağrıdan əziyyət çəkənlərin ruhlarını ovlayırdı.
İndi də yeni qurbanlara ehtiyac vardı.
İşıq
tamam söndü və zülmət qaranlıqda Yaşarın son bağırtısı eşidildi...
Səhər doktor Mamedov ayılanda, özünü döşəmədə,
tamamilə çılpaq olduğunu gördü. Yaşar yoxdu. Kabinetdə hər şey dağıdılıb tökülmüşdü,
sanki burada nəsə axtarmışdılar. Mamedovun uzaq rəfdə saxladığı dərmanlar və
spirt şüşələri düzülmüş dolab da qırılmışdı. Nimdaş bir geyim tapıb əyninə
keçirən doktor dəhlizə çıxdı.
Günəş işığı ətrafdakı hər şeyi nura bürümüşdü. Barmaqlıqlı pəncərələrin
xaricində akasiya çiçək açmışdı, yüzillik palıd və şam
ağaclarının budaqları küləkdə rəqs edirdi.
Mamedov qaçaraq Yaşarın yanına, 13 nömrəli
palataya getdi. Yaşarı tapmadı, ancaq ya palatadamı, yoxsa beynindəmi monoton
bir pıçıltı eşitdi. "Bu, xəstələrin ruhlarının pıçıltısıdır, onlar buradadır...
maddi deyil, yox, görünməz qüvvə şəklindədir...", — doktor Mamedov düşündü. Və anladı ki, bu qorxunc
əhvalatın bir hissəsinə çevrilib, indi o da "onlardan" biri olmuşdu...
#SimaEnnagi #proza