.jpg)
Günün
ikinci yarısını İonatan dərd və qəzəb içində keçirtdi. O, bankın qarşısında, ən yuxarı pillədə,
sütuna yaxın yerdə dayanmışdı, amma sütuna söykənmirdi, zəifliyinə tabe olmaq
istəmirdi. Sütuna söykənmək çətin idi,
bunun üçün gərək əllərini arxada cütləyəsən, bu da mümkün deyildi, çünki
İonatanın sol əli deşikli budundan aşağı sallanıb deşiyi gizlədirdi. Müvazinətini
saxlamaq üçün o, ayaqlarını çox aralı açmışdı, gənc mühafizəçilərin duruşu kimi
nifrət etdiyi şəkildə dayanmalı olmuşdu. Hiss etdi ki, onurğası əyilir, dik və
sərbəst saxladığı boynu isə çiyinləri arasına düşür, başı papaqla bərabər aşağı
enir və günlük altından baxışı qəzəbli və şübhəli görünür, üzündə digər gözətçilərdə
nifrət etdiyi qaraqabaq ifadə yaranır. İonatana elə gəlirdi ki, şikəstdir, gözətçiyə
karikaturadır, özünün təhrif olunmuş təsviridir. O, bu saat özünə nifrət
edirdi. Özü-özünə nifrəti elə aşıb-daşırdı ki, dərisindən çıxmağa hazır idi,
çünki hər yeri qaşınırdı, dərisinin hər məsaməsindən tər axırdı, geyimi bədəninə
ikinci dəri kimi yapışırdı. Geyimin bədənə yapışmadığı yerdə də, dəri ilə
paltarı arasında bir az hava olan yerlərdə: baldırlarında, qoltuq altında,
hülqumunun altındakı çökəklikdə...dəhşətli qaşınma vardı, çünki tər iri
damlalarla çökəklikdən axırdı, məhz buranı İonatan qaşımaq istəmirdi, özünə
yüngüllük gətirmək istəmirdi, çünki bu, onun ümumi dərdinə kömək edə bilməyəcəkdi,
əksinə, gülünc vəziyyətə salacaqdı. İndi İonatan dərd çəkmək istəyirdi. Nə qədər
dərdi böyük olsaydı, daha yaxşı idi. Dərd onun nifrətini və qəzəbini gücləndirirdi
və onlara bəraət qazandırırdı, eyni zamanda nifrət və qəzəb dərdini artırırdı,
çünki onlar qanı həyəcanlandırır və dəridən yeni tər dalğalarını sıxışdırıb
çıxarırdı. İonatanın üzü islanmışdı, çənəsindən və saçlarından tər damırdı,
papağının kənarı şişmiş alnını kəsirdi. Lakin o, bir anlıq da papağı çıxartmaq
istəmirdi. Papaq buxar qazanının qapağı kimi, İonatanın başında qalmalı, başı
partlayana qədər dəmir halqa kimi gicgahlarını sıxmalıdır. İztirablarını
azaltmaq üçün heç nə etmək istəmirdi. O, tərpənməz halda saatlarla dayandı. Yalnız
hiss edirdi ki, onurğası, çiyinləri, boynu və başı necə əyilir, bədəni iyrənc şəkildə necə bükülür.