16 Şubat 2024 Cuma

Tərcümələrimdən. Kanae Minato (Yaponiya). ETİRAFLAR (davamı)

 

Növbəti məktəb iclasında mən rəhbərliyə bildirdim ki, A. elektrik cərəyanı ilə vuran pulqabı ixtira edib və C.-nin dediyinə görə, hələ ibtidai məktəbdə təhlükəli işlərlə məşğul olub. Lakin rəhbərlik hesab etdi ki, “oyuncaq” təhlükəli deyil, mənə tapşırdılar ki, A.-ya xəbərdarlıq edim və onu cəzalandırım. Mən hətta A.-nın valideynlərinə zəng vurdum, onu ittiham etmək üçün yox, bildirdim ki, oğulları elektriklə təhlükəli eksperimentlər edir, buna diqqətli yanaşsınlar. A.-nın anası zəngimdən qəzəblənmişdi və məni sancmaq fürsətini əldən vermədi:

-          -  Çox maraqlıdır, bu cür zənglərə necə vaxtınız qalır, axı sizin uşağınız var və ona baxmalısınız!

Hər gün A.-nın internetdəki səhifəsini yoxlayırdım. O deyəndə ki, ixtirasını başqa adama da göstərəcək, elə bildim saytda peyda olacaq, amma heç bir yenilik yoxdu.

Növbəti həftə A. dərsdən sonra qalın bir zərflə mənə yaxınlaşdı və xahiş etdi ki, sənədləri imzalayım. Bu, məktəblilərin milli elmi sərgi-yarmarkasında iştirak üçün sifariş idi. Sifarişlərin qəbulu iyun ayının sonunda, yay tətili ərəfəsində bitirdi, düşünürdüm ki, kimsə iştirak etməyəcək. Heç ağlıma gəlməzdi ki, A. pulqabısını müsabiqəyə təqdim etmək istəyər!

Layihənin adı “Oğurluq əleyhinə pulqabı”, məqsədi – “pulumu cibgirlərdən qorumaq” idi. Sifariş tam doldurulmuşdu, təkcə bu layihəni təsdiqləyən müəllimin imzası və adı yoxdu.  Gördüm ki, A. ixtirasına düzəliş edib, pulqabının sahibi üçün qoruyucu əlavə edib, oğrunu isə cərəyan vuracaqdı. Sifarişdə ixtiranın yığılma prosesinin təsviri və ullüstrasiyalar vardı.

Tərcümələrimdən. Kanae Minato (Yaponiya). ETİRAFLAR (davamı)

 



Manaminin dəfni sakit keçdi. Bilirəm, sizlərdən kimsə dəfnə gəlmək istəyərdi, amma mən icazə verməmişdim. Bir tərəfdən, istəyirdim ki, Manaminin dəfnində çoxlu adam iştirak etsin, digər tərəfdən, ən vacib olanı atasının qızı ilə vidalaşması idi. Ata və qız yalnız bir dəfə, ötən ilin sonunda görüşmüşdülər. Bundan xəbərim yoxdu, bir gün Manami televizor ekranını göstərib, “dünən bu əmini gördüm” – dedi.

Elə bildim ürəyim dayandı. Qızım dedi ki, bu adam uşaq baxçasının hasarından ona baxırdı, Manami yelləncəkdə yellənirdi. Kişi qızımı adıyla çağırıb yaxın gəlməyi xahiş etdi. Manami ehtiyatla hasara yaxınlaşdı, mat qalmışdı ki, adam onun adını haradan bilir. Həmin kişi soruşub ki, qız xoşbəxtdirmi, Manami də geniş təbəssümlə təsdiqləyib. Kişi, “yaxşı”, - deyərək uzaqlaşıb. Şübhəsiz, bu Manaminin atası idi. Baxçanın müdiriyyəti mühafizəni gücləndirmişdi, hətta yaxın binalarda yaşayanlar baxçanın hasarı yanında uzun müddət qalanda, yoxlanırdılar. Manaminin atası şübhə doğurmazdı, onun adını eşidən mühafizəçi hətta onu içəri dəvət edərdi.

Qızımın dediklərindən sonra ilk dəfə düşündüm ki, sevgilim bu illər ərzində, görəsən, necə yaşayıb. Beş il ərzində ilk dəfə olaraq, ona zəng etdim. O zaman öyrəndim ki, QİÇS-in simptomları daha da artıb. Sevgilimi yoluxduran qız dərhal xəstələnmişdi, amma gerçəkdə virusun inkubasiya dövrü beş ildən on ilə qədərdir. Sevgilimdə xəstəliyin inkişafı on dörd il çəkdi. Bilmirdim, nə deyim. O söz verdi ki, bir də Manami ilə görüşməyəcək. Onun həyatsız səsində, sizin televiziyada gördüyünüz güclü və enerjili adamdan əsər-əlamət qalmamışdı. Təklif etdim ki, qış tətilindən sonra üçümüz görüşək və birgə vaxt keçirək. Bunu xəstəlikdən ölən adama yazığım gəldiyi üçün etmirdim, mən qısa müddətli olsa da, həqiqətən əsil ailə kimi olmaq istəyirdim. Amma o imtina etdi.

O, yalnız Manami öləndən sonra onu qucaqlaya bilmişdi. Dəfn ərəfəsində o, bütün gecəni qızımı bağrına basıb hönkürür və özünü, yaşadıqlarını günahlandırırdı. Biz elə hey ağlayırdıq, göz yaşlarımızı tuta bilmirdik, təəssüf edirdik ki, bir ailə kimi ola bilmədik.

Bu gün sizə peşman olduqlarımdan xeyli danışdım.

Tərcümələrimdən. Kanae Minato (Yaponiya). ETİRAFLAR (davamı)

 Həmin gün müəllim iclası gec bitdi. Tibb bacısı da iclasda iştirak edirdi. Siz, qızlar, yaxşı ki, Manami ilə qalmağa razı olmuşdunuz. Amma Manami tibb otağında deyildi. Əvvəl elə bildim ki, başqa qızlarla hardasa oynayır, məktəbin geyim otağına, ayaqyoluna baxdım. Manami heç yerdə yoxdu. Qızlarla rastlaşdım, onlar dedilər ki, Manami tibb otağında olmayıb, qızlar da elə bilib ki, o, məktəbə gəlməyib. Birlikdə qızımı axtarmağa başladıq. Dərslər qurtarmışdı, amma məktəbdə xeyli adam vardı, hamı uşağı axtarırdı.

Manamini Hosino tapdı. O, beysbol klubunda məşqini bitirib gəlirdi, xatırladı ki, Manami bəzən məktəbin hovuzu yanında olurdı. Qapı zəncirli qıfılla bağlı idi, ona görə biz hasardan aşdıq, amma uşaq qapı arasından keçə bilərdi. Üzgüçülük komandası məşqini çoxdan bitirmişdi, hovuzdakı su qara və çirkli idi, hovuzu ilboyu boşaltmırdılar ki, yanğın vaxtı sudan istifadə edilsin.

Manaminin bədəni qara suda üzürdü. Onu dərhal hovuzdan çıxardıq, amma bədəni tamam soyumuşdu, balaca ürəyi çoxdan susmuşdu. Amma mən dayanmadan ürək masajını edərək, qızımı çağırırdım. Uşağın cəsədini tapdığına görə şok yaşayan Hosino kömək dalınca qaçdı. Manamini xəstəxanaya apardılar və məlum oldu ki, o boğulub. Heç bir zədəni aşkar etməyən polis bu qənaətə gəldi ki, bədbəxt hadisə baş verib, qızım hovuza düşərək boğulub.

Manamini tapanda hava qaralmışdı, amma aydın xatırlayram ki, Takenaka xanımın iti Muka hovuzun hasarı yanında sakitcə dayanmışdı. Hasarın dibində polis çörək qırıntıları tapdı, Manami iti yemləmişdi. Siz qızımı dəfələrlə hovuzun yanında görmüsünüz. Düşünürəm, qızım hər həftə Mukanı yemləyirdi. Takenaka xanım xəstəxanada olduğu müddətdə qonşular itə qulluq edirdilər, amma Manami bunu bilmirdi. Qızım əmin idi ki, o olmasa, Muka acından ölər! Ona görə gizlicə tibb otağından çıxıb hovuzun yanına gələrdi. Mən bunu bilmirdim. Manami, bəlkə də, qorxurdu ki, onu danlayaram, ona görə mənə yalan deyirdi, deyirdi ki, guya qızlarla oynayır. Əgər mən bunu bilsəydim! Əgər qızıma düzgün suallar versəydim! Manami hovuzun yanında olmazdı!

Qızım ona görə tələf oldu ki, mən ona pis baxırdım. Çox təəssüflənirəm ki, hadisə məktəbin ərazisində baş verib və sizin hər birinizə təsir göstərib. Bir ay keçib ki, qızım yoxdur, amma mən hər səhər ümid edirəm ki, Manamini yanımda mışıl-mışıl yatan görəcəm. Bir yataqda elə yatırdıq ki, bir-birimizi bədənimizlə duyaq. Bəzən özümü zarafatyana uzaq tuturdum, qızım da yaxınlaşıb bərk-bərk mənə qısılardı. Yalnız o zaman rahat yuxuya gedərdi.  Hər səhər ağlayıram ki, bir daha əlim qızımın yumşaq saçlarına, isti yanaqlarına toxunmayacaq...

Direktora bildirəndə ki, işdən çıxıram, səbəbini soruşdu. Kitahara-san, siz düz deyirsiniz, məhz Manami ilə baş verənlərdən sonra işdən çıxmaq istəyirəm. Başqa səbəb olsaydı, hansısa məktəbdə müəllimliyə davam edərdim. Bəs niyə müəllimliyi tamam atıram?

Məsələ budur ki, Manaminin ölümü bədbəxt hadisə deyildi.

Manami bu sinfin şagirdləri tərəfindən öldürülüb.

15 Şubat 2024 Perşembe

Tərcümələrimdən. Kanae Minato (Yaponiya). ETİRAFLAR (davamı)

 




Mən müəllimlə şagird arasında yaranan etimad hissi haqqında çox eşitmişəm. Mobil telefonlar peyda olandan sonra şagirdlərdən daim mesajlar alıram, biri yazır, ölmək istəyirəm, o birisi yazır ki, yaşamaq istəmirəm... Bəzən şagirdim gecəyarısı bizə gəlirdi, heç vaxt eləsini uzaqlaşdırmırdım. Daha dəhşətli hadisələr baş verirdi. Bir dəfə bir kişi müəllimə xəbər verdilər ki, şagirdi bəladadır, xilas etmək lazımdır. Müəllim göstərilən ünvana getdi, demə, ora görüş oteli imiş... Orada müəllimin qız şagirdi ilə fotosunu çəkib yayımladılar, biyabır etdilər... Məktəbə polis, valideynlər tökülüşdü. Müəllimlər bilirdilər ki, bu iş quramadır, məsələ bundadır ki, müəllim transgender idi – onun bioloji cinsi sənədlərində yazılan cins deyildi, biz bu sirri aça bilməzdik. Amma o özü, ləyaqət və şərəfini qorumaq üçün şagirdlərə, valideynlərə həqiqəti söylədi. Münaqişənin səbəbi isə xırda bir şey idi – nə var, nə var, müəllim qız şagirdinə deyib ki, dərsdə sakit otursun!

Cəza? Yox, olmadı. Bütün hiddət məktəb rəhbərliyinin üzərinə düşdü, valideynlər məktəbi ittiham etdilər ki, hər cür cinsəl pozuntularla saf uşaqlara təsir edirlər. Mənim kimi tək ananı da... Öz qızının hərəkəti valideynin vecinə deyildi. Valideynlər məktəbə, müəllimlərə qarşı çıxdılar və qalib gəldilər. Bəs müəllimin taleyi necə oldu? Onu başqa məktəbə göndərdilər. O, orada işləyir. Qadın qismində.

Bilirəm, bu nümunə qeyri-adidir, amma son zamanlar müəllimlər, xüsusilə kişi müəllimlər, şagirdlərin əsassız ittihamlarına məruz qalırlar. Bu cür hadisələrin qarşısını almaq üçün bizim məktəbdə xüsusi qayda yaratdılar: qız şagirdlərə kömək üçün qadın müəllim göndərirlər, oğlanlara isə kişi müəllim kömək edir. Bunu bilmirdiniz? İndi bildiniz. Odur ki, oğlanlar, mənə yazmaq lazım deyil, çünki yanınıza kişi müəllim gələcək. Kimsə canına qəsd etmək istəyəndə, inanmıram ki, bunu həqiqətən istəyir. Sizə elə gəlir ki, bu boyda dünyada təksiniz, sizin probleminiz hər şeydən vacibdir! Amma bir az böyüyəndə, başa düşəcəksiniz ki, başqalarının da hissləri var -  gecəyarısı kiməsə qorxulu bir mesaj yazmaq nə deməkdir? İntihar etmək istəyən şagird, düşünürəm ki, bu haqda müəlliminə yazmaz.

Tərcümələrimdən. Kanae Minato (Yaponiya). ETİRAFLAR

 


Bu roman Yaponiyada son 20 ilin ən tanınmış romanı, Alex Award mükafatının qalibidir.

Anons: müəllimə Yuko Moriqutinin dördyaşlı qızı tələf olur. Faciəni bədbəxt hadisə kimi qələmə verirlər. Lakin ana əsil həqiqəti bilir – onun qızını iki şagird öldürüb. Və son iş günündə Yuko həmin qatillərin dərsini verəcəkdir. Hər kəs etirafını edəcək və cəzasını alacaqdır.

Bu roman insanın qorxuları, nifrəti və tənhalığı haqqındadır. Xarici tənqidçilərin fikrincə, “Etiraflar” romanı ən gözəl “zalım” kitabdır; “çox dərin və genişmiqyaslı əsərdir”; “tükürpədən psixoloji dramdır”.

***

8 Mart 2023 Çarşamba

Hekayəm: Bir şənbə günü

 (hekayənin rus variantı burada  https://proza.ru/2023/03/08/1417 ) 


     Zərifə bacısı ilə bərk dalaşıb evdən qəzəb içində çıxmışdı. Əlbəttə, bacılar əlbəyaxa döyüşə girməmişdilər, amma bir-birinə söyüşlə yoğrulmuş xeyli ittihamlar, tənqid yağdırmışdılar.

     Bacıda əsəb xəstəliyi vardı, çox zaman anlaqsız vəziyyətdə olur və ya ağzına gələni danışaraq hamını əsəbiləşdirirdi. “Köpəyin qızı, keçib boğazımıza, - Zərifə sürətli addımlarla pillələri düşürdü. – Nəyin çatmır? Yeməyin-içməyin var, əyin-baş alıram sənə, qayğına qalıram, yaşa da sakit! Bizi də rahat burax!”. Amma yox, bacı  xəstə beyninin törəmə şübhələrini evdəkilərin üzünə çırpmasaydı, onların sinirlərini yüksək cərəyan məftilləri kimi tarıma çəkməsəydi, kefinə zəqqum kimi acı soğan doğramasaydı, rahat olmurdu.

     Həmin gün bacısı ilə söz tufanını kəsmək üçün (“Günah məndədir, dəlinin biri ilə nədir ağız-ağıza verirəm”) Zərifə neylon torbalara yığdığı zibili  götürdü. Zibili həyətin küncündəki yaşıl və narıncı rəngli, təkərli-qapaqlı konteynerlərə atıb, marketə bazarlığa gedəcəkdi. Hava küləkli olduğu üçün köhnə qalın kürkünü geymişdi. Evdən çıxanda  acıqlı baxışla bacısını uzun-uzadı süzdü, sanki gözlərindəki nifrini və qəzəbi telepatiya ilə ona ötürmək istəyirdi,  pırpızsaçlı bacı  rəngsiz dodaqlarını aşağı əymiş şəkildə dəhlizdə dayanaraq, gözlərini ona zilləmişdi. Onun gözlərinin dərinliyindəki qaralıqdan Zərifə ürpəndi, qapını çırpıb çıxdı.

     Pillələri düşərkən, sol ayağının pəncəsi qəfildən alt tərəfə qatlandı, Zərifə öz boyu hündürlüyü ilə tarrap! – pilləkənlərdən yerə, naxışlı metlax düzülmüş mərtəbəarası meydançaya yıxıldı.  Bir anlıq gözləri qaraldı, nəfəsi tutuldu, böyründə yüngül ağrı hiss etdi. Əli ilə özünə dayaq verərək, ayağa qalxmağa çalışdı, sol ayağını yerə qoyarkən, baldırın aşağı hissəsində kəskin ağrı hiss etdi. Qız əli ilə zibil torbalarını kənara atıb dartındı, məhəccərdən tutaraq, salamat ayağı üstündə hoppana-hoppana pillələri bir-bir qalxdı, qapını döydü.

-          - Kimdi? – bacısı soruşdu.

-          - Mənəm, aç, - əlini məhəccərə qoymuş, bir ayağı üstündə dayanmış Zərifə dedi.

-          - Yox, Zərifə dükana getdi, sən kimsən?

-          - Ay qız, qapını aç! – Zərifə səsini qaldırdı. – Tez ol!

     Atanın səsi gəldi:

-          - Kimdi ki? Zərifədi? Aç da...

     Qapı arxasından çaqqıltı eşidildi, bacı qapını azca aralayıb  başını çıxartdı:

-          - Sənsən? Niyə gəldin?

     Zərifə cavab vermədən içəri hoppandı, dəhlizdəki balaca, bacının uşaqlığından qalmış stula əyləşdi. Bacı çoxdan böyümüşdü, amma stulu illərlə dəhlizdə qalaraq dolab kimi istifadə edilirdi, daim üzərinə qutular, çantalar qoyular, və ya əyləşərək, rahatca ayaqqabıları geyinərdilər.  

     Zərifə çəkmələrini  və kürkünü çıxardı, ağrıyan ayağını yüngülcə massaj etdi. Otağından çıxan ata əlindəki əsanı yerə vura-vura dəhlizə gəlib həyəcanla soruşdu:

-          - Nolub?

-          - Bilmirəm... Yıxıldım...

-          - Bərk əzilmisən?

-          - Yəqin... Ayağımı yerə basa bilmirəm...

-         Oturduğumuz yerdə zibilə düşdük də... – Ata deyindi. – Yeriyəndə ayağının altına bax da... Mənə həmişə deyirsən, asta yeri, yıxılma, özün yıxılırsan...

-         Oldu da... Qəsdən yıxıldım? – Zərifə əsəbi halda cavab verdi. – Telefonu ver, təcili yardıma zəng edim.

     Bacı susqun halda çiynini divara söykəyərək dəhlizdə dayanmışdı, gözlərindəki qaralıq dərinləşirdi, və aydın idi ki, fikri başqa yerdədir, baş verənlər onun vecinə deyil.

     Zərifə təcili yardıma zəng etdi. Həkimlər gələnə qədər özünü səliqəyə saldı, saçını daradı, corablarını dəyişdi. Əl telefonunu, şəxsiyyət vəsiqəsini çantasına qoydu, atasından 200 manat götürdü:

-         Xəstəxanada lazım olar... Pulunu verəcəm, darıxma. – Ata pensiyaçı idi, və hər pensiyadan bir az pul saxlayıb yığırdı və həmişə deyirdi ki, adamın gərək ehtiyatda pulu ola, kapitalizmdə yaşayırıq, kimsə gəlib bir manat verməyəcək ki, əlindən tutsun. Zərifəyə əlimyandıda pul lazım olanda, atasından götürürdü və hökmən də qaytarırdı, beləcə ata-qız bir-birinə çətin anlarda dəstək olurdular.

-          - Əşşi, pulu düşünmə, əsas sənsən... Təki ciddi bir şey olmasın.

     10-15 dəqiqədən sonra təcili yardımin iki qadın işçici – həkim və tibb bacısı – gəldi. Həkim qarayanız bir qadındı, tibb formasının üstündən qalın yun şal salıb bürünmüşdü. O,

-          - Nolub, şikayətiniz nədəndi? – soruşdu.

17 Kasım 2022 Perşembe

**

Payız etüdlərindən


Qəfildən parlayan şimşək

Qılıncını toprağa sancdı,

Ulduzlarla toxunmuş asiman

Zəhmli buludlarla qapandı.

Yağış şırıltıyla cumdu şəhərə,

Vurdu damları, ağacları,

Evə tələsən insanları.

Gecənin bu vaxtı küçədə qalmış insanlar

Pencəyin yaxasını qaldırıb,

Əllərini ciblərə dürtüb

Gölməçələr boyu şappıldar,

Şappıldar ayaqlarını,

Hiss etməz nə soyuğu, nə yaş çəkmələrini –

Tələsər,

Qaçar guruldayan şimşəyin,

Şırıldayan yağışın əlindən,

Görəsən,

Bu cür məşəqqətlə evə gəlib çatan insanları

Bir stəkan isti çay,

Bir təbəssümlü qadın gözləyirmi...


Sima

15 Kasım 2022 Salı

Payız nəğməsi

 


Gecələr külək

şəhərə pıçıldar nağıllarını,

Zaman

Avtomobil yollarında şütüyüb keçər.

Yuxuya gedən kömür qarğalar

Qaralmış parkda

Səsini kəsər.

Yolunu azmış quru yarpaqlar

Xışıldar,

Xışıldar tanqo ritmində,

Buludlardan qaçan Ay gizlənər

Çardaqlarda,

Ayı qabağına qatıb qovan buludlar

İlişib qalar

Küçə damarlarında.


Şəhərə payız gəlir asta addımlarla...


Sima

26 Ağustos 2022 Cuma

Faiq (İsmayılov). İynəboyu şeirlər



İynə boyu şeirlər yazıram,

misralarım quş balası kimi

yoluq-yoluq.

Misralarım şoranlıq otu kimi
qırıq-qırıq.

Bilmirəm oxuyan tapılacaq,
ya yox.

İynə boyu şeirlər yazıram.

Bəzən duzlusu olur,
bəzən duzsuzu.

Uğurlusu da olur,
uğursuzu da.

Oxusan da sağ ol,
oxumasan da.

**
Yarpaqsız ağaclar
Tunc heykəllərə bənzəyir…
Tunc heykəllərin qisməti
bir nöqtəymiş.
Bir nöqtədə nə qədər donasan,
qalasan,
bir nöqtəyə nə qədər boylanasan,
baxasan?..
Mənim ağaclara yazığım gəlir.

5 Ağustos 2022 Cuma

Günün əksi.

 Bazarda:

- Gəl, kasıb! Səni verənə şükür! Göbələyi Şəmkir şorundan ucuz elədim, gəl, al!!

*

- Ucuz bibər, istiot var! Həyat kimi acı istiot!

*

- Camaatlar, ucuz soğan burada! Camaatlar...