Yapon ədəbiyyatı etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Yapon ədəbiyyatı etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

16 Şubat 2024 Cuma

Tərcümələrimdən. Kanae Minato (Yaponiya). ETİRAFLAR (davamı)

 Həmin gün müəllim iclası gec bitdi. Tibb bacısı da iclasda iştirak edirdi. Siz, qızlar, yaxşı ki, Manami ilə qalmağa razı olmuşdunuz. Amma Manami tibb otağında deyildi. Əvvəl elə bildim ki, başqa qızlarla hardasa oynayır, məktəbin geyim otağına, ayaqyoluna baxdım. Manami heç yerdə yoxdu. Qızlarla rastlaşdım, onlar dedilər ki, Manami tibb otağında olmayıb, qızlar da elə bilib ki, o, məktəbə gəlməyib. Birlikdə qızımı axtarmağa başladıq. Dərslər qurtarmışdı, amma məktəbdə xeyli adam vardı, hamı uşağı axtarırdı.

Manamini Hosino tapdı. O, beysbol klubunda məşqini bitirib gəlirdi, xatırladı ki, Manami bəzən məktəbin hovuzu yanında olurdı. Qapı zəncirli qıfılla bağlı idi, ona görə biz hasardan aşdıq, amma uşaq qapı arasından keçə bilərdi. Üzgüçülük komandası məşqini çoxdan bitirmişdi, hovuzdakı su qara və çirkli idi, hovuzu ilboyu boşaltmırdılar ki, yanğın vaxtı sudan istifadə edilsin.

Manaminin bədəni qara suda üzürdü. Onu dərhal hovuzdan çıxardıq, amma bədəni tamam soyumuşdu, balaca ürəyi çoxdan susmuşdu. Amma mən dayanmadan ürək masajını edərək, qızımı çağırırdım. Uşağın cəsədini tapdığına görə şok yaşayan Hosino kömək dalınca qaçdı. Manamini xəstəxanaya apardılar və məlum oldu ki, o boğulub. Heç bir zədəni aşkar etməyən polis bu qənaətə gəldi ki, bədbəxt hadisə baş verib, qızım hovuza düşərək boğulub.

Manamini tapanda hava qaralmışdı, amma aydın xatırlayram ki, Takenaka xanımın iti Muka hovuzun hasarı yanında sakitcə dayanmışdı. Hasarın dibində polis çörək qırıntıları tapdı, Manami iti yemləmişdi. Siz qızımı dəfələrlə hovuzun yanında görmüsünüz. Düşünürəm, qızım hər həftə Mukanı yemləyirdi. Takenaka xanım xəstəxanada olduğu müddətdə qonşular itə qulluq edirdilər, amma Manami bunu bilmirdi. Qızım əmin idi ki, o olmasa, Muka acından ölər! Ona görə gizlicə tibb otağından çıxıb hovuzun yanına gələrdi. Mən bunu bilmirdim. Manami, bəlkə də, qorxurdu ki, onu danlayaram, ona görə mənə yalan deyirdi, deyirdi ki, guya qızlarla oynayır. Əgər mən bunu bilsəydim! Əgər qızıma düzgün suallar versəydim! Manami hovuzun yanında olmazdı!

Qızım ona görə tələf oldu ki, mən ona pis baxırdım. Çox təəssüflənirəm ki, hadisə məktəbin ərazisində baş verib və sizin hər birinizə təsir göstərib. Bir ay keçib ki, qızım yoxdur, amma mən hər səhər ümid edirəm ki, Manamini yanımda mışıl-mışıl yatan görəcəm. Bir yataqda elə yatırdıq ki, bir-birimizi bədənimizlə duyaq. Bəzən özümü zarafatyana uzaq tuturdum, qızım da yaxınlaşıb bərk-bərk mənə qısılardı. Yalnız o zaman rahat yuxuya gedərdi.  Hər səhər ağlayıram ki, bir daha əlim qızımın yumşaq saçlarına, isti yanaqlarına toxunmayacaq...

Direktora bildirəndə ki, işdən çıxıram, səbəbini soruşdu. Kitahara-san, siz düz deyirsiniz, məhz Manami ilə baş verənlərdən sonra işdən çıxmaq istəyirəm. Başqa səbəb olsaydı, hansısa məktəbdə müəllimliyə davam edərdim. Bəs niyə müəllimliyi tamam atıram?

Məsələ budur ki, Manaminin ölümü bədbəxt hadisə deyildi.

Manami bu sinfin şagirdləri tərəfindən öldürülüb.

15 Şubat 2024 Perşembe

Tərcümələrimdən. Kanae Minato (Yaponiya). ETİRAFLAR (davamı)

 




Mən müəllimlə şagird arasında yaranan etimad hissi haqqında çox eşitmişəm. Mobil telefonlar peyda olandan sonra şagirdlərdən daim mesajlar alıram, biri yazır, ölmək istəyirəm, o birisi yazır ki, yaşamaq istəmirəm... Bəzən şagirdim gecəyarısı bizə gəlirdi, heç vaxt eləsini uzaqlaşdırmırdım. Daha dəhşətli hadisələr baş verirdi. Bir dəfə bir kişi müəllimə xəbər verdilər ki, şagirdi bəladadır, xilas etmək lazımdır. Müəllim göstərilən ünvana getdi, demə, ora görüş oteli imiş... Orada müəllimin qız şagirdi ilə fotosunu çəkib yayımladılar, biyabır etdilər... Məktəbə polis, valideynlər tökülüşdü. Müəllimlər bilirdilər ki, bu iş quramadır, məsələ bundadır ki, müəllim transgender idi – onun bioloji cinsi sənədlərində yazılan cins deyildi, biz bu sirri aça bilməzdik. Amma o özü, ləyaqət və şərəfini qorumaq üçün şagirdlərə, valideynlərə həqiqəti söylədi. Münaqişənin səbəbi isə xırda bir şey idi – nə var, nə var, müəllim qız şagirdinə deyib ki, dərsdə sakit otursun!

Cəza? Yox, olmadı. Bütün hiddət məktəb rəhbərliyinin üzərinə düşdü, valideynlər məktəbi ittiham etdilər ki, hər cür cinsəl pozuntularla saf uşaqlara təsir edirlər. Mənim kimi tək ananı da... Öz qızının hərəkəti valideynin vecinə deyildi. Valideynlər məktəbə, müəllimlərə qarşı çıxdılar və qalib gəldilər. Bəs müəllimin taleyi necə oldu? Onu başqa məktəbə göndərdilər. O, orada işləyir. Qadın qismində.

Bilirəm, bu nümunə qeyri-adidir, amma son zamanlar müəllimlər, xüsusilə kişi müəllimlər, şagirdlərin əsassız ittihamlarına məruz qalırlar. Bu cür hadisələrin qarşısını almaq üçün bizim məktəbdə xüsusi qayda yaratdılar: qız şagirdlərə kömək üçün qadın müəllim göndərirlər, oğlanlara isə kişi müəllim kömək edir. Bunu bilmirdiniz? İndi bildiniz. Odur ki, oğlanlar, mənə yazmaq lazım deyil, çünki yanınıza kişi müəllim gələcək. Kimsə canına qəsd etmək istəyəndə, inanmıram ki, bunu həqiqətən istəyir. Sizə elə gəlir ki, bu boyda dünyada təksiniz, sizin probleminiz hər şeydən vacibdir! Amma bir az böyüyəndə, başa düşəcəksiniz ki, başqalarının da hissləri var -  gecəyarısı kiməsə qorxulu bir mesaj yazmaq nə deməkdir? İntihar etmək istəyən şagird, düşünürəm ki, bu haqda müəlliminə yazmaz.

Tərcümələrimdən. Kanae Minato (Yaponiya). ETİRAFLAR

 


Bu roman Yaponiyada son 20 ilin ən tanınmış romanı, Alex Award mükafatının qalibidir.

Anons: müəllimə Yuko Moriqutinin dördyaşlı qızı tələf olur. Faciəni bədbəxt hadisə kimi qələmə verirlər. Lakin ana əsil həqiqəti bilir – onun qızını iki şagird öldürüb. Və son iş günündə Yuko həmin qatillərin dərsini verəcəkdir. Hər kəs etirafını edəcək və cəzasını alacaqdır.

Bu roman insanın qorxuları, nifrəti və tənhalığı haqqındadır. Xarici tənqidçilərin fikrincə, “Etiraflar” romanı ən gözəl “zalım” kitabdır; “çox dərin və genişmiqyaslı əsərdir”; “tükürpədən psixoloji dramdır”.

***