22 Temmuz 2026 Çarşamba

Kitablar niyə yazılır və biz onları necə oxuyuruq? (esse)

 


Oxucu və müəllif arasındakı gizli bağ

Fransız yazıçısı və dramaturqu Jan Kokto "Haqqımda" əsərində maraqlı bir tezis irəli sürür: insan kitabda əslində özünü axtarır. Bəyəndiyimiz əsərləri oxuyarkən sanki onları özümüz yazmışıq kimi bir hissə qapılırıq. Hətta bəzən müəllifə qəzəblənirik ki, niyə bəzi hisslərimizi tam ifadə etməyib. Çünki biz ancaq öz daxili ağrılarımızdan, "xəstəliklərimizdən" bəhs edən mətnlərlə dərindən bağ qura bilirik.

Bir kitabın insanı dərindən sarsıtması üçün xeyli amil bərabər gəlməlidir. Oxucu hər yeni mətndə fərqli dünyalar, fərqli sevgilər və baxış bucaqları ilə qarşılaşır. Əslində hər kitab bir təkrar kimi görünsə də, bu təkrar hər dəfə yeni bir dövrün, fərqli bir müəllifin və oxucunun süzgəcindən keçərək yenidən doğulur. Bu halda “Nə haqda yazaq? Kim haqda yazaq?” fikri ilə təşvişlənən yazarların ürəyi sakit ola bilər, Romeo Və Julyetta, Xosrov və Şirin, Leyli və Məcnun, Əli və Nino və digər qəhrəmanların sevgi tarixçəsinə yeni bir tarixçə də tam rahatlıqla qatıla bilər.

 Ədəbiyyatın gizli şifrələri və çoxqatlı mənalar

Mifologiya və nağılları araşdıran folklorşünas Vladimir Propp sübut etmişdir ki, dünya ədəbiyyatının nəhəng irsi cəmi 33 təməl süjet xətti üzərində qurulub. Bu süjetlərin elementləri fərqli kombinasiyalarda birləşərək tamamilə unikal əsərlərin yaranmasına səbəb olur: təsəvvür edin ki, zər atırsız, və düşən xallara uyğun süjet elementlərini birləşdirirsiz, hər dəfə də yeni bir əsər yaranır!

Yaxşı kitab oxucuya fərqli interpretasiyalar bəxş edir. Bu məna zənginliyi nə qədər çox olarsa, mətn bir o qədər psixoloji, mistik, fəlsəfi və dərin xarakter alır. Hətta bəsit görünən uşaq nağılları belə çoxqatlıdır: uşaq onu öz səviyyəsində, yetkin insan isə fərqli bir müstəvidə qavrayır. İnsanın yaşandıqca topladığı təcrübə, bilik və intellektual baza metaforları və poetik alt mənaları dərk etməyə imkan yaradır.

Mütaliə: rəqəmsal əsrin gətirdiyi dəyişiklik

Kitab oxumaq fərdi və intim bir prosesdir . Mətnin dərinliyinə varmaq üçün sakit bir guşəyə  çəkilib, bəyənilən, sual doğuran və ya estetik zövq verən sətirlərin altını qələmlə cızmaq yetər. Bu proses həm də bir araşdırmadır; sən süjeti canına çəkir, obrazlarla yaşayır, bəzən də gedişata qəzəblənirsən ­­- bu nədir, bu nə qəhrəmandır, nə mövzudur?

Təəssüf ki, rəqəmsal dövr oxu vərdişlərimizi korlayıb və cəmiyyətdə "klip təfəkkürünü" formalaşdırıb.  Müasir oxucu uzun mətnlərdən, qalın kitablardan qaçır, vizuallığa daha çox üstünlük verir. Cümlələrin qısa və həqiqi mənada olması tələb olunur, deyəsən, yeni nəsil metafor və digər məcazları anlamaqda çətinlik çəkir...  

Dialektikaya görə, hər şey spiralvari şəkildə, lakin daha yüksək səviyyədə təkrarlanır. Yəni bizim indi təzə kimi anladığımız fakt, əslində, əsrlər əvvəl sadə şəkildə funksiya edirmiş. Kitabla bağlı görürük ki, kağız kitab yerini elektron kitablara verir. Biz balaca, 200 qramlıq telefonda ya riderdə (kitab oxuyucusunda) yüzlərlə kitabı yükləyib oxuya bilirik və bu kitabxana həmişə bizim yanımızda – cibimizdə ya çantamızdadır. Rəqəmsal əsr bizim hər birimizi, 30 il əvvəl təsəvvür edə bilmədiyimiz magiyanın bir parçaına çevirmişdir.  

Bestsellerlər və ciddi ədəbiyyatın savaşı

Bəs niyə yüzlərlə yazılmış kitabdan yalnız bir neçəsi ürəkləri riqqətə gətirir, oxucunu “tutur, silkələyir”, sarsıdır, ağladır, qəzəbləndirir? Dəfələrlə sınamışam, ajiotaj yaradan kitablar məndə təəssüf hissi doğurub,Paolo Koelyonun “Kimyagəri”, “Veronika ölmək istəyir”, və ya Den Braunun “Da Vinçi kodu”, Stiven Kinqin “Mizari” və dünyada  sürətlə satılan digər kitablar məndə gözlədiyim marağı  və estetik həzzi doğurmayıb; sadəcə mənim zövqümə və kitabdan gözləntilərimə uyğun olmayıb.

Müasir dövrdə populyar olan bestsellerlərin əksəriyyəti  "action" (dinamik hərəkət) üslubundadır. Hadisələr sürətlə inkişaf edir, oxucunu tutub saxlayır, lakin bu kitablar yalnız bir dəfə oxunmaq üçündür.   Süjet bəsit, hadisələr təxmin ediləndir; təkrar oxuduqda yeni heç nə tapmırsan.

Marketinq sahəsi kitab nəşrini sırf qazanc mənbəyinə çevirdiyi üçün nəşriyyatlar daha çox satılan melodram, detektiv və triller janrlarına həvəs göstərirlər. Burada əsas meyar oxucu zövqüdür. Nə qədər ki, kütləyə zorla sırınan bu cür yüngül bestsellerlər bazara hakim olacaq, ciddi, fəlsəfi və dərin əsərlər rəflərdə tozlanmağa məhkum olacaq, yaxud ümumiyyətlə işıq üzü görməyəcəkdir.


Sima

Hiç yorum yok:

Yorum Gönder