11 Temmuz 2026 Cumartesi

Tərcümələrimdən. Katya Marinova (Bolqarıstan)

 https://literaturensviat.com/?p=213266


UŞAQLIQ – ÇÖP ÜSTÜNDƏ ŞİRİNQUŞ KÜLƏK

Uşaqlıq – çöp üstündə  şirinquş  külək

Tez-tez qonaq gəlir yuxuma.

Geniş bir  küçədə deyil,

Sakit, balaca  döngədə

Qaçır kəpənəklərin arxasınca.


Bir neçə bulud qonur

Pətəklərin rəngli gülüşünə,

Gülüşü qapıb gizlənir buludlar,

Gizlən-qaç oynayır küləklə,

bilmir ki, yuxum  buludlarla örtülür.

 

Uşaqlıq – çöp üstündə şirinquş külək,

Bir neçə bulud, nənəm babamla -

köhnə sobadakı köz kimi xatirələrdə canlanır,

yuxularımda qorunur unudulmaqdan...

***

Günün biri gizləndi döngədə

sonra ikincisi, üçüncüsü, beşincisi...

Hara gedir bu günlər görəsən?

Yağış onlarsız parlarmı görən?

İl  - böyümüş  uşaq tək günləri

qaranlıq otaqda yuxuya verir,   

Əlvan xoruz günün çiynində 

Şam yeməyinə dəqiqələri dənləyir.

Sabah bahar olacaq, bu günsə hələ qışdır,  

Cırcırama əvəzinə 

zalım külək fit çalır.

Kaman bu gecə qoca ağacdan

Ocağa düşərək alışıb yanır.  

***

PARÇALANMIŞ GÜNƏŞ

Gün sökülür astaca.

Saatlar – sükuta qərq olub.

Gurşadlar rəqs edir

Gözlərimizin rəqs meydançasında.

Görüşür dan yeri qürub çağıyla,

Qayıqların, meduzaların altında.

Parça-parça olmuş günəş boğulur

Səssizlikdə.

Atılmış bir ovuc dəqiqə

Qumda bədənimizi axtarır,

Və kədərlə dənizin ağuşunda

Bizimlə vidalaşır...

***

PARTLAYIŞA HAZIR GÜN

Enəcəkmi yerin yeddinci qatı  

Düz uça bilməyən quşların üstünə?

Dünya  ağlayan bir uşaq tək

Hazır olacaqmı onu görməyə?

Gecələr yarpaq tökümü şölənəcəkmi

Köynəksiz qalmış budaqlarda?

Meydandakı sərçələr iztirab çəkəcəkmi

ölmüşlərin dirilərdən artıq olmasına?

Kaş ki, kaş ki...

Çaylar nicat tapır dərinliklərdə

Tonqallar alışıb partlayanda,

Və yalnız aşırı məğrurlar

Alovlanıb yanır iztirablı qürub çağında.

Sima 

Hiç yorum yok:

Yorum Gönder