Səndən sonra atam öldü xərçəngdən
Qardaşlarım həbs edildi, ikisi...
Salam, bu bloq Sima Ennaginin blogudur (kecmish blogumun adresi - www.simacan.azeriblog.com), indi ise bu yeni bloqumda yazilarima davam edecem. Her gun burda gorusmek umidiyle, Sima. YASHASIN SOZ SENETI! :)
Səndən sonra atam öldü xərçəngdən
Qardaşlarım həbs edildi, ikisi...
(Çingiz Aytmatov. “Ağ gəmi”)
Qırğızıstanın görkəmli yazıçısı Çingiz Aytmatovun (1928–2008) “Ağ gəmi” povestini bu yaxınlarda yenidən oxudum. Xatırlamıram, bəlkə də yeniyetməlikdə bu əsəri oxumuşdum, amma həyat təcrübəm az olduğu üçün tam dərk etməmişdim. İndi — yetkin yaşda oxuduqda isə əsər məni dərindən sarsıtdı. Tərəddüdsüz demək olar ki, “Ağ gəmi” XX əsr dünya ədəbiyyatının ən təsirli və faciəvi nümunələrindən biridir. Aytmatov bu povesti 1970-ci ildə, cəmi 40-42 yaşlarında qələmə alıb. O yaş dövrü üçün belə dərin fəlsəfi ümumiləşdirmələr, psixoloji müşahidələr və incə metaforlar yaratmaq həqiqətən də böyük dühanın göstəricisidir.
Əsərin
baş qəhrəmanı yeddi yaşlı adsız bir uşaq saf iç dünyası ilə "yetkin"
sayılan böyüklərin amansızlığı, xəyanəti və vəhşiliyi ilə üz-üzə qalır. Yazıçının
qəhrəmana ad verməməsi təsadüfi deyil; o, ləkəsiz uşaq vicdanının, nağıllara
olan səmimi inamın və xəyallara sadiqliyin ümumiləşdirilmiş rəmzidir. Uşaq o qədər
tənhadır ki, İssık-göldə üzən ağ gəmini durbinlə daim müşahidə edir və bir gün
atasına qovuşacağına inanır. Onun ruhunu babasının söylədiyi "Buynuzlu Ana
Maral" əfsanəsi qidalandırır. Rəvayətə görə, Ana Maral qırğına məruz
qalmış insan icmasından iki körpəni xilas edərək böyütmüş və tayfanın xilaskarı
olmuşdur.
Xəyallar və nağıllarla dolu dünyasında yaşayan balaca qəhrəman bir gün həqiqətən də Ana Maralı dağda görür, lakin böyüklərin — təbiətin və mənəviyyatın düşmənlərinin Ana Maralı qəddarcasına öldürüb ətini bəh-bəhlə yeməsi uşağın dünyasını darmadağın edir. Əfsanədə sakral (müqəddəs) və toxunulmaz sayılan bir varlıq böyüklərin acgözlüyü, mənəvi korluğu nəticəsində adi bir "ət" obyektinə çevrilir. Uşağın ən əziz varlığı olan Ana Maral və ən ali hissi — xəyallara olan inamı kirlənir, məhv edilir. Zalım və qəddar dünyada yaşamaqdan imtina edən uşaq buzlu gölə atılaraq balıq kimi Ağ gəmiyə qədər üzməyə qərar verir – o Ağ gəmi xoşbəxtlik deməkdir.
Povestdə Buynuzlu Ana Maral — əcdadların mənəvi
yaddaşını, xalqın tarixini, təbiətin və ilahi mühafizənin rəmzidir. Ağ gəmi isə
nurun, harmoniyanın, ədalətin və həsrəti çəkilən ailə ocağının simvoludur.
Burada necə
bir tragik paradoks var: zamanında Ana Maral iki insan körpəsini ölümdən xilas
etmişdi, lakin böyüyən insanlar nankorcaına Ana Maralı vurub öldürürlər. Ana
Maral sadəcə bir heyvan deyil, xalqın tarixi
yaddaşı və varlıq səbəbidir. İnsanlar Ana Maralı vurmaqla, əslində, öz mənşələrini,
milli köklərini və mənəvi dəyərlərini vururlar.
Mətndə diqqətimi
çəkən fikirlər:
·
Insanların
çoxu xəstəlikdən deyil, onları içdən yeyən əbədi həvəsdən – daha böyük görünmək
həvəsindən ölürlər;
·
Insanda
uşaq vicdanı toxum rüşeymi kimidir, rüşeymsiz toxum cücərməz;
·
Sən
şimşək kimi yaşadın – bir gün çaxdın, söndün. Şimşəyi səma çaxdırır, səma isə əbədidir;
·
Baba
nəsihət edirdi: “İnsanlar əcdadlarını unutsalar, korlanacaqlar... Heç kim pis əməllərdən
utanmayacaq, çünki nə uşaqlar, nə də uşaqların
uşaqları onları xatırlayacaqlar. Və heç kim yaxşılıq da etməyəcək, çünki onsuz
da uşaqların bundan xəbəri olmayacaqdır...”;
·
Xoşbəxt
olmaq, başqasını xoşbəxt etmək necə də asanmış. Həmişə belə olsaydı, nə vardıy
ki. Bax, elə indi kimi, bu an kimi. Amma həyat belə deyil – xoşbəxtliyin
yanında bədbəxtlik daim dayanır, ruhumuza, həyatımıza sirayət edir, qarabaqara
bizi izləyir;
·
Elə
düşünürsən ki, hə, indi sakit yaşaya bilərəm, amma yox, həyat səni vurur;
·
Oğlum,
harada pul varsa, mərhəmətə yer yoxdur, gözəlliyə yer yoxdur;
·
İnsanı
doğub böyütmək çətindir, öldürmək asan;
·
Evində
hüzuru qorumaq üçün şərə güzəştə gedəndə, insanın özü məhv olur.
Hə, bu gün işim başımdan aşır. Leylagilə gedəcəyəm, xanım yenə təzə sevgili tapıb özünə. Leylanın 45 yaşı var, hələ də nağıllardakı o saf, təmiz sevgiyə inanır. Nə qədər deyirəm ki, ay qız, oyan, bu qədər saf, avam olma, 45 yaşında nə sevgi, nə məhəbbət? Bu yaşda adamın ürəyi yox, təzyiqi döyünər. Gülür. Deyir ki, ay Səkinə, sən də aşiq olanda, biləcəksən sevginin dadını, qiymətini.
Danışır da... Guya mən sevməmişəm. Sevmişəm.
Ərdə də olmuşam. Amma bir gün anladım ki, mənimlə ərim fərqli insanlarıq, tamam
yadıq – bir dam altında yaşayan, bir yataqda yatan iki yad adam. Düşünürdüm
boşanam, amma ərim məndən zirək tərpəndi, tez boşandı və təzə sevgilisinin
qoynuna qaçdı. Təsəvvür edirsiniz? Bu həyasız adam üzümə gülə-gülə, demə,
qaçmağı çoxdan planlamışdı, o mənəm ey, yatmışdım fil qulağında. Amma yaxşı ki,
rədd oldu həyatımdan. Yoxsa hələ də onunla sürünəcəkdim... Uşağım olsaydı, bəlkə
də mehrimi ona salardım, dözərdim, hətta xəyanətlərə göz yumardım. Amma o istəmədi
bunu, getdi.
Dəmir on səkkiz yaşının tamam olmasını böyük
intizarla gözləyirdi ki, ailəsinin basqısından – səfeh, əyyaş atasından və
hiperqəyyum anasından qurtulsun və sərbəst yaşasın. Yeniyetməlik dövründən
etibarən hər gecə o füsunkar anı – ailədən
qaçdığı günü dönə-dönə xəyal edir, sonda qurtuluşu qazanmış kimi gülümsəyib
yuxuya gedirdi. Hər il, ad günü ərəfəsində, xəyalına bir il, 365 gün, 52 həftə
daha yaxın olduğunu dərk edib sevinirdi, bu anlarda nə anasının eqoist münasibəti,
nə atasının bayğın baxışları vecinə olmurdu – qarşıda böyük bir hədəf vardı, və
o hədəf əlçatan idi.
Dəmirin Boran şəhərinə getməsi taleyin böyük
bir lütfü idi – gözləmədiyi halda sinif yoldaşı təklif etdi ki, ora getsinlər,
orada böyük tikintilər başlayırdı və fəhlələrə ehtiyac vardı, üstəlik qalmağa
yer, yemək də verilirdi, təki gəl işlə! Bu təklifi Dəmir qaçıra bilməzdi və təbii
ki, razılaşdı. Onsuz da iki aya 18 yaşı düzəlirdi, orta məktəbi bitirmişdi, əsgərliyə getməyəcəkdi. Dəmir
uşaqlıqdan şəkər xəstəsi idi, anası hesab edirdi ki, sevgisi Dəmiri sağaldar, axı ana sevgisi hər
şeyə qadirdir, yalan olmasın, oxu göydə tutar, lazım olsa, dənizi qurudar! Dəmir
anasının bu irrasional güvəninə ürəyində gülərdi, qadın nəyəsə əmin olurdusa, heç vaxt fikrindən
dönməzdi - ən obyektiv faktlar ana üçün subyektiv və ağlasığmaz idi.
Hayku — Yapon lirik poeziyasının ənənəvi janrıdır, üç sətirdən ibarət qısa şeirdir.
XIV ərdən bəri məlumdur.
*
Günəş
nur saçır
Buludlarla
oynayır
Şimşək
yaxında…
*
Ürək
çəkirəm
Divara
qanlı rənglə
Daim
mənləsən.
*
Yarpaqdan
küsən
Yağış
vurur ağacı
Sanki
dəcəldir!
*
Məxmər
kimi qar
Soyuq
torpağı örtüb –
Toxum
cücərər...
*
Budaqlar
vurur
Hər
gecə pəncərəmi
Yuxu
gətirir
*
Keçmiş
bərk tutub
Qandallayıb
hissləri
Yaddaş,
unut da!
*
Boz
bir sərçəcik
Ağ
qar təpəsi üstə
Yazı
gözləyir
*
Tortun
şamları
Sönüb
bayaqdan mənsiz
Qonaq
yox. Təkəm.
*
Gecə
ulduza
Qızıl
işıq yayıldı
Gözəl
bir ilğım!
*
Otaqda
baba
Deyinir
tənha
Uşaqlar ilk qara
sevinən kimi
İlk
qar dənələri torpağa qonur,
əriyirlər,
hələ
bilmirsən
qalacaq
yerdə qar,
ya əriyəcək
zərrəciklər,
yox
olacaqlar?!
Zamanla
Bəzən
bütöv gecədən sonra
Durub
pəncərədən baxanda
əmin
olursan hər yerin ağappaqlığına.
Sevinirsən
qar yağmağına.
Gözlədiyin
mənzərəylə rastlaşmayanda
Təəssüflənir,
Kədərlənirsən.
Bütün
yaxşı əməlləri görən
Cəsur
adamlar da
Ilk qar
dənəcikləri kimi
Atılırlar
irəli,
Hələ əmin
olmadan
Nəyin,
necə olacağına,
Xeyirxahlıqlarının
yadda qalıb –
Qalmayacağına,
Fədakarlığa
dəyib-dəyməyəcəyinə.
Bütün
hallarda hər şey ötəridir,
Amma həm
də unudulmaz,
Xatırlanmağa
dəyər işlər görməli.
Uşaqlar
hər sabah pəncərədən
Qar görüb
sevinən kimi,
Sevinməli
sənin əməllərinə adamlar.
*
Buzxanadan
çıxardığım
Iki xırda
balıq
Bir-birinə
elə sarılıb ki!
Bir-birindən
ayrılmaları üçün
Suya salıram
Və
düşünürəm kədərlə,
Sanki
həyatın amansızlığına,
Mənim
qəddarlığıma qarşı birləşiblər əbədi.
*
Dünən
dibçəyə əkdiyim budaq
Dirçəlib,
Ona mən
də həyat vermişəm
Su,
Hava,
Torpaq,
Günəş
kimi
Sığmır
sevincim yerə-göyə,
Ana olacağam
mən də bu çiçəyə...
“Magie Noire” –
gecə sevdası
Gözlərim
ulduz istəyir...
Üfüqlərdə
itib əriyən bir qız istəyir.
Telefonum
tam yeni blutuz istəyir
Musiqimi
Sənə
çatdırmağa.
Dadsızdı
sənsiz çayım,
Adsızdı
ünvanım.
FM
radiolardakı qısa dalğalarım
Bir rep
nəğməmi ele hey təkrarlayır:
“Bilirsənmi,
bu kəlağayının neçə yaşı var?”
Min
bir gecə yaşı var...
Canında
nə qədər göz yaşı var?
Bu
gözəlin yeddi qardaşı var...
Biri mütləq
bıçaqlayacaq səni...
Bu
kinoteatrın gecə seansı var,
Öz xilasedici
ağ ambulansı var,
Bütün
qəzalardan səni qurtarmaq şansı var.
Səmimi
ol...
Təkcə
bu qızı sevmə...
Gecəylə
qoşa sev bu gözəli –
“Magie
Noire” ətrini.
*
O qadını hələ
sevməyibsən
Dikdaban
çəkmələrin səsi gəlir
Gecədən.
O
qadını hələ sevməyibsən.
Kölgəsi
ötür üzərindən,
Küçəndən,
Əli
sallanır kürəyindən.
Avtomobilinin
bahalı nömrəsindən
Yaz damır,
Təkcə
sənə miras qalır,
Budaqlarında
bircə gilas qalır
Xatırlamağa.
Az
qalır görüşünüzə.
O
qadını sevməyibsən.
Bardakı
Mikrodalğalı
soba siqnal verir,
Final
verir,
Sual verir
lal sevginizə.
Hər
ikinizə.
Bu
qanlı kimano xələtin
Çoxdan
ağırlıq edir
Incə
kürəklərinə.
Hələ
var
O qadını
sevəcəyin günə.
İnşallah,
gələcəkdə.
Oxucu və müəllif arasındakı gizli bağ
Fransız yazıçısı və
dramaturqu Jan Kokto "Haqqımda" əsərində maraqlı bir tezis irəli
sürür: insan kitabda əslində özünü axtarır. Bəyəndiyimiz əsərləri oxuyarkən
sanki onları özümüz yazmışıq kimi bir hissə qapılırıq. Hətta bəzən müəllifə qəzəblənirik
ki, niyə bəzi hisslərimizi tam ifadə etməyib. Çünki biz ancaq öz daxili
ağrılarımızdan, "xəstəliklərimizdən" bəhs edən mətnlərlə dərindən bağ
qura bilirik.
Bir kitabın insanı dərindən sarsıtması üçün xeyli
amil bərabər gəlməlidir. Oxucu hər yeni mətndə fərqli dünyalar, fərqli sevgilər
və baxış bucaqları ilə qarşılaşır. Əslində hər kitab bir təkrar kimi görünsə də,
bu təkrar hər dəfə yeni bir dövrün, fərqli bir müəllifin və oxucunun süzgəcindən
keçərək yenidən doğulur. Bu halda “Nə haqda yazaq? Kim haqda yazaq?” fikri ilə
təşvişlənən yazarların ürəyi sakit ola bilər, Romeo Və Julyetta, Xosrov və
Şirin, Leyli və Məcnun, Əli və Nino və digər qəhrəmanların sevgi tarixçəsinə
yeni bir tarixçə də tam rahatlıqla qatıla bilər.
Mifologiya və nağılları
araşdıran folklorşünas Vladimir Propp sübut etmişdir ki, dünya ədəbiyyatının nəhəng
irsi cəmi 33 təməl süjet xətti üzərində
qurulub. Bu süjetlərin elementləri fərqli kombinasiyalarda birləşərək tamamilə
unikal əsərlərin yaranmasına səbəb olur: təsəvvür edin ki, zər atırsız, və düşən
xallara uyğun süjet elementlərini birləşdirirsiz, hər dəfə də yeni bir əsər
yaranır!
Yaxşı kitab oxucuya fərqli interpretasiyalar bəxş
edir. Bu məna zənginliyi nə qədər çox olarsa, mətn bir o qədər psixoloji,
mistik, fəlsəfi və dərin xarakter alır. Hətta bəsit görünən uşaq nağılları belə
çoxqatlıdır: uşaq onu öz səviyyəsində, yetkin insan isə fərqli bir müstəvidə
qavrayır. İnsanın yaşandıqca topladığı təcrübə, bilik və intellektual baza
metaforları və poetik alt mənaları dərk etməyə imkan yaradır.
Mütaliə: rəqəmsal əsrin gətirdiyi dəyişiklik
Kitab oxumaq fərdi və
intim bir prosesdir . Mətnin dərinliyinə varmaq üçün sakit bir guşəyə çəkilib, bəyənilən, sual doğuran və ya estetik
zövq verən sətirlərin altını qələmlə cızmaq yetər. Bu proses həm də bir
araşdırmadır; sən süjeti canına çəkir, obrazlarla yaşayır, bəzən də gedişata qəzəblənirsən
- bu nədir, bu nə qəhrəmandır, nə mövzudur?
Təəssüf ki, rəqəmsal dövr
oxu vərdişlərimizi korlayıb və cəmiyyətdə "klip təfəkkürünü" formalaşdırıb.
Müasir oxucu uzun mətnlərdən, qalın
kitablardan qaçır, vizuallığa daha çox üstünlük verir. Cümlələrin qısa və həqiqi
mənada olması tələb olunur, deyəsən, yeni nəsil metafor və digər məcazları
anlamaqda çətinlik çəkir...
Dialektikaya görə, hər
şey spiralvari şəkildə, lakin daha yüksək səviyyədə təkrarlanır. Yəni bizim
indi təzə kimi anladığımız fakt, əslində, əsrlər əvvəl sadə şəkildə funksiya
edirmiş. Kitabla bağlı görürük ki, kağız kitab yerini elektron kitablara verir.
Biz balaca, 200 qramlıq telefonda ya riderdə (kitab oxuyucusunda) yüzlərlə
kitabı yükləyib oxuya bilirik və bu kitabxana həmişə bizim yanımızda – cibimizdə
ya çantamızdadır. Rəqəmsal əsr bizim hər birimizi, 30 il əvvəl təsəvvür edə
bilmədiyimiz magiyanın bir parçaına çevirmişdir.
Bestsellerlər
və ciddi ədəbiyyatın savaşı
Bəs niyə yüzlərlə
yazılmış kitabdan yalnız bir neçəsi ürəkləri riqqətə gətirir, oxucunu “tutur,
silkələyir”, sarsıdır, ağladır, qəzəbləndirir? Dəfələrlə sınamışam, ajiotaj
yaradan kitablar məndə təəssüf hissi doğurub,Paolo Koelyonun “Kimyagəri”, “Veronika
ölmək istəyir”, və ya Den Braunun “Da Vinçi kodu”, Stiven Kinqin “Mizari” və dünyada
sürətlə satılan digər kitablar məndə gözlədiyim
marağı və estetik həzzi doğurmayıb; sadəcə
mənim zövqümə və kitabdan gözləntilərimə uyğun olmayıb.
Müasir dövrdə populyar
olan bestsellerlərin əksəriyyəti "action"
(dinamik hərəkət) üslubundadır. Hadisələr sürətlə inkişaf edir, oxucunu tutub
saxlayır, lakin bu kitablar yalnız bir dəfə oxunmaq üçündür. Süjet bəsit,
hadisələr təxmin ediləndir; təkrar oxuduqda yeni heç nə tapmırsan.
Marketinq sahəsi kitab nəşrini
sırf qazanc mənbəyinə çevirdiyi üçün nəşriyyatlar daha çox satılan melodram,
detektiv və triller janrlarına həvəs göstərirlər. Burada əsas meyar oxucu
zövqüdür. Nə qədər ki, kütləyə zorla sırınan bu cür yüngül bestsellerlər bazara
hakim olacaq, ciddi, fəlsəfi və dərin əsərlər rəflərdə tozlanmağa məhkum
olacaq, yaxud ümumiyyətlə işıq üzü görməyəcəkdir.
Sima
İnternet
ümmanında gəzişərkən, Amerika şairi
Emili Dikinsona (Emily Dickinson) aid
bir neçə şeir diqqətimi çəkdi.
Emili
Dikinson (1830–1886) dünya ədəbiyyatı tarixinin ən qeyri-adi və sirli
simalarından biridir. Sağlığında cəmi bir neçə şeiri (onlar da redaktorlar tərəfindən
ciddi dəyişikliklərə məruz qalaraq) çap olunsa da, ölümündən sonra tapılan
1800-ə yaxın şeiri poeziyada inqilab etdi. Dikinsonun poeziyası öz dövrü üçün
çox "modern" və qəribə idi:
Defis (tire) işarəsi: Onun demək olar ki, hər misrasında rast gəlinən
qısa və uzun tirelər şeirin ritmini kəsir, oxucunu düşünməyə və nəfəs almağa məcbur
edir.
Böyük hərflər: O, təkcə xüsusi isimləri deyil, vacib hesab etdiyi
bir çox sözü (məsələn, Dəniz, Ölüm, Ruh) cümlənin ortasında böyük hərflə
yazırdı.
Qısalıq və Yığcamlıq: Şeirləri adətən qısadır, lakin hər söz çox böyük məna
yükü daşıyır. O, "minimalizm"in ustadıdır.
Emili
Dikinson nə Qafqazda olub, nə Xəzəri görüb, onun 212, 1754 və 1146 saylı şeirlərində isə "Caspian" (Xəzər) adından bir
neçə dəfə metafor kimi istifadə edilib.
Emili ömrünün
son 20 ilini evdən çıxmadan keçirib.
Ağ
paltar geyinməyi sevirmiş.
Şeirlərini
kiçik kağız parçalarına, zərflərin arxasına yazıb, sonra onları tikərək əlyazma
kitabçaları düzəldirdi.
Nəticə
etibarilə, Emili Dikinson "səssizliyin səsi" idi. O, böyük hadisələr
haqqında deyil, bir anın, bir hissin və ya bir düşüncənin sonsuzluğu haqqında
yazırdı.
Onun
yaradıcılığında Xəzər (Caspian) adının keçdiyi konkret nümunələrə baxaq:
1.
Sevgiyə təslimiyyət haqqında (şeir № 212)
Emily
Dikinsonun "My River runs to thee" (“Çayım sənə axır”) şeirinin son sətirlərində
şairə digər çayların dənizlərə itaət etdiyi halda, özünün yalnız sevdiyi insana
— "Xəzərinə" qovuşmaq istəyini bədii şəkildə ifadə edir.
"Least
Rivers — docile to some sea. // "Kiçik çaylar bəzi dənizlərə tabedir,
My
Caspian — thee." //
Mənim Xəzərim isə — sənə"
Şair özünü dənizə doğru axan kiçik çaylara, sevdiyi insanı isə nəhəng və qapalı
Xəzər dənizinə bənzədir. Burada Xəzər — bütün duyğuların toplandığı, son
dayanacaq və böyük bir güc simvoludur.
2. İtki
və mənsubiyyət haqqında (şeir № 1754)
"The Caspian has its realms of sand, // Xəzərin
öz qum səltənəti var,
Its
other realm of sea. //
fərqli bir səltənət.
Without
the sterile perquisite, // tərtəmiz
cəhətləri olmasa,
No
Caspian could be." //
Xəzər - Xəzər olamaz.
Şair deyir ki, Xəzəri Xəzər edən təkcə onun suları deyil, həm də onu əhatə edən
"sonsuz qumlardır". Bu, həyatda sevincin (su) kədərlə (sahil qumu)
birgə mövcudluğuna işarədir.
3. Səhra
və Su (şeir № 1146/1152)
"Until
the Desert knows // Səhra
bilənə qədər ki,
That
Water grows — //
Su getdikcə artır —
His
Sands suffice — //
onun qumu bəs edir —
But let
him once suspect //
amma elə ki, şübhələnsə
That
Caspian Fact — // ki, Xəzər — yaşayır —
Sahara
dies —" //
Sahara həmən ölər —“
Burada
"Caspian Fact" (Xəzər yaşayır) suyun sonsuzluğu və varlığı kimi
verilir. Səhra (Sahara) suyun varlığını dərk etdikdə, quruluğu ilə vidalaşır.
Qapalı və
kifayət qədər qısa bir həyat yaşayan Emily Dikinson zəngin bir ədəbi irs buraxmışdır,
bu gün o, XIX əsr görkəmli
Amerika müəlliflərindən biri hesab olunur. Onun qeyri-adi metaforları və qafiyələri,
səmimiyyəti müasir müəlliflərin yaradıcılığına dərin təsir etmişdir.
Sima
Üç dəfə ayrıldıq nəfəsimlə mən
(bu
şeirdə şairə ölümlə üz-üzə gəldiyi (böyük ehtimalla suda boğulma təhlükəsi) anı
və nəfəsi ilə vidalaşmasını təsvir edir)
№ 598
Üç dəfə
— ayrıldıq — nəfəsim — və mən —,
Üç dəfə
— nəfəsim – tıxandı həmən –
Cansız
bir yelpiyə hərəkət verdi
Dalğalar
da — ağuşunda tutmaq istədi.
Üç dəfə
— dalğalar məni qaldırdı —
Sonra
da endirdi — sanki bir topam —
Sonra
mavi üzlər mənə tuş gəldi —
Bir nicat
təknəsi geri çəkildi.
Təknə
uzaqlaşdı — onu izlədim —
Ölüm
anında mən — hey fikirləşdim —
Nə qədər
də xoşdur təknəni görmək,
Ordakı
şəxslərin üzün seyr etmək —
Dalğalar
səngidi — nəfəs isə — yox —
Küləklər
— uşaq tək — susdu, lal oldu—
Sonra
Günəş doğub öpdü canımdan —
Və dikəldim suda
— həyata davam! —
Sima