poeziya etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
poeziya etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

20 Temmuz 2026 Pazartesi

Tərcümələrimdən. Sergey Yesenin. Axşam sükutunda sən ağlayırdın (1913)


 Axşam sükutunda sən ağlayırdın,

Acı göz yaşların damırdı yerə,

Elə kədərliydim, pərişandım ki,

Heç bir-birimizi duymadıq yenə.

 

Uzaq diyarlara sən çıxıb-getdin,

Bütün xəyallarım rəngsiz bozardı,

Yenə də tək qaldım, yenə tənhayam,

Ruhum iztirabla yenə sozaldı.

 

Hər  dəfə gedirəm, hər axşamcağı

Görüş yerimizin ziyarətinə,

Arzularımdasan, ey gözəl mələk,

Sükutda hönkürtün səslənir mənə.

Sima

19 Temmuz 2026 Pazar

Şeir dəftərçəmdən. Yaz yağışı (şeir-tavtologiya)


 

Yaz yağışı yaşıl yarpaqları yudu,

Yüyürdü yaşıllaşan yamaclara,

Yumrubaş yalçın yanardağlara.

 

Yoldu yemişanları, yovşan yorğanlarını, 

Yapışdı yolların yaqut yaxasından.

Yayıldı yumuşaq yoxuşlara,

Yırğalandı yelləncəkdə yüngül-yüngül…

Yeniləndi  yulduz-yulduz yarpaqlar.

 

Yatmış yeri yağış yuxuda yaxaladı,

Yaz yollarını yenə  yasəmənlə yaşatdı,

yaraşıqlatdı.

Sima

19 Aralık 2025 Cuma

Jan Follen. Şeirlər

  


HƏYAT

Uşaq doğuldu

Sərhədsiz  peyzajın əhatəsində.

Yarım əsr sonra

Müharibədə öldürüldü.

İndi kim xatırlayır ki,

Bir vaxtlar o uşaq

Alma dolu ağır kisəni

Astanada qoymuşdu,

Almalar tökülüb

Yerdə diyirlənmişdi,

Onların xışıltısı

Qayğısız quşların oxuduğu

Dünyanın səsinə qarışmışdı...



SİRR

Həyatın məxməri sirri,

Nəsən,

Harada gizlənirsən?

Bəzən

Gərgin şəhərdə

Qəfildən 

Tikinti iskələsindən

Fağır bir fəhlə yıxılır.

Amma bahar havasında

Yenə də yasəmən ətri var.

Dərin hüzn gözəl bədəndə yer alır.

Heyvan

Insanların tikdiyi yuvada yuxulayır. 

Günlər yavaş-yavaş bitir...

Müharibələr tükənmir. 

 

YER KÜRƏSİNİ FƏTH ETMƏK
Adam 

Paslı beli və sınıq dırmığı tərk edib.

Heyvanların iziylə dolu xiyabanı

Daha abadlaşdırmayacaqlar. 

Uşaq

Tunc dayaqlı qlobusu gətirib

Tutqun dağların səmtinə asta-asta fırladır.

Payız küləyi 

Onun əllərini xəfifcə bürüyür,

Uşaq həmən gözlərini yumur

Qırmızı quru toz  qalxdıqca...

 

AÇILMIŞ QAYTANI BAĞLAMAQ

Alatoranlıq

Qalın buludlarla oynayanda

Otların istisi

Tüstülənir.

Dərələr güllərlə dolur.

Hələ işıq varkən

Boz köynəkli uşaq

Dizinə dirənərək

Tənbəlliksiz həyatını yaşamaqla

Tamamilə səfehsizliklə

Açılmış qaytanını bağlasın.


Tərcümə: Sima Ənnağı

 

20 Eylül 2025 Cumartesi

Şeir dəftərçəmdən. Darıxıram təbəssümlü, xoşbəxt çöhrələr üçün

 


Darıxıram təbəssümlü, xoşbəxt çöhrələr üçün.

Gəzirəm arzuların nəğməsiylə dolmuş küçələri,

Yığıram ovcuma sevinc zərrələrini,

İstəyirəm rədd olsun yalan vədlər –

Guya sabah hər şey yaxşı olacaq!

Onsuz da ürək ritmi səngiyir bəzən,

Onsuz da kədər sancır beynimi.

Onsuz da duyğular qarışıb dolaşır,

Çaşdırır fikir kələfini.

Amma bilirəm ki,

Möcüzə olacaq –

Bir gün fikirlər nizamla sıra alacaq,

Bir gün beynimə sevinc qonacaq,

Yollayacaq impulsları ürəyimə -

Sabah hər şey yaxşı olacaq!


Sima

29 Haziran 2025 Pazar

Şeir dəftərçəmdən. Bir payız tutub qolundan gülürəm

 


Bir payız

Tutub qolundan

Gülürəm –

Özümü xöşbəxt göstərmək istəyirəm.

Nəmli baxışlarından

Ürəyim pas atır,

“Unutmamışam...” sözlərin

Dirənir çiynimə.

Gülüşüm buxarlanıb

Qarışır Bakının tozlu havasına.

Niyə və nəyə

Qəmlənirsən?

Sən ki,

Kaşkilərlə yaşayan  deyilsən,

Başqasının gözündəki günəşi

Bir yalanla söndürə bilirsən.

Qanadsız quş kimiyik biz

Sevgisiz.


Sima

2 Şubat 2022 Çarşamba

Poeziya irsimizdən. Mikayıl Müşfiq.

 Gecə düşüncəsi

*

Xoşladığım bir gecə, yerlər, göylər işıqlı,

Ay bir  sərxoş göz kimi, ulduzlar yaraşıqlı.

Bunları seyr edərkən

Bir az fikrə gedərkən

Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,

Mənə öylə gəldi ki,

Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,

Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş...

21 Kasım 2016 Pazartesi

Adsız şeirlərimdən (1)


Acı sözləri şirin qəlibə salıb
Qulaqlarımı doldurdun,
Fikirlərini rənglərlə malalayıb
Gözümdə böyümək istədin.
Böyüdün.
Cılızların böyüməsi komik olurmuş.

Bəsdi.

Gülməkdən öləcəm.

2016
Sima

21 Haziran 2014 Cumartesi

Kədər

Kədər
Gümüş tellərlə ürəyi tora bürüyür,
Qara döngələrdə xatirələr çürüyür,
Nədən özüm üçün uydurduğum nağıllar
Artıq təsəlli vermir,
Güzgüdəki əksim də
Könlümü həqiqətlə titrədir...
Ah, bu külək
Sıyırıb atardı illəri həyatımdan,
Silərdi yalnız ömür tozunu addımlarımdan,
Bilərdim,
Nə vaxtsa
Bir gün gələcək
Və güzgülərdən baxan “mən”im
Gülümsəyəcək...


Sima, 2014

7 Mayıs 2014 Çarşamba

Səhərdən – gecəyə

Yağış burda azacaq,
Dənizin güzgüsü sınacaq,
Qağayıların fəryadından
Biganə daş şəhər oyanacaq
Bu səhər. 

Narın nəm qum günəşdən
Asta-asta qızıllanacaq,
Dalğalar gecədən sahilə düşən
Naməlum ləpirləri yalayacaq
Günorta.

Yenə dəniz pıçıldayacaq,
Yenə quşlar nizamsız uçacaq,
Sahil gözləyəcək qonağını,
Dinləyəcək onun kədərli mahnılarını
Bu axşam.

Gecə isə məxmər çətiriylə
Hamını qoynuna alacaq,
Və şəhərin rədd etdiyi insana da
Verəcək soyuq sığınacaq....

Sima, 2014

11 Mayıs 2013 Cumartesi

Şeir tərcümələrimdən. Bella Axmadullina “Elə bilirdim, düşmənimsən...”

Çevirdi: Sima

Elə bilirdim düşmənimsən,                                             
Sən mənim ağır dərdimsən,
Amma, demə, yalançısan –
Sən ucuz bir oyunçusan.

Manej meydanında sən
Qara qəpik atırdın,
O qəpiklə sən mənim
Eşq falıma baxırdın.

2 Eylül 2012 Pazar

Sima Ənnağı. Mindən biri (şeir)


O,  səmanı qızıla boyadı,       
Buludları – çəhrayı etdi.
Sonra güllərlə evləri, küçələri bəzədi.
Rəsmləri səhər sevinci ilə doldu
Pəncərələrdən gələn qəhqəhələrlə.
İnsanlar dedilər – dəlidi bu,
Ağlı çatmır...
Məgər qızıl səma, çəhrayı bulud varmı?
Məgər heç nədən
Səbəbsiz
Küçələri, evləri gülə-çiçəyə qərq etmək olarmı?
İçdən qəhqəhə çəkmək, yaşadığına sevinmək,
Hər gün gördüyün günəşə aşıq olmaq
Əsil dəlilikdi,
Dəlilik...

19 Mayıs 2012 Cumartesi

Şel Silverşteyn. Unudulmuş dil

Tərcümə: Roman Məmmədov



Bir vaxt vardı danışardım çiçəklərin 
dilində,
anlayardım kəlmə-kəlmə dediyini tırtılın
Xısın-xısın gülümsərdim, bir vaxt vardı,
qəfildən        
eşidəndə qeybətini ürkək sığırçınların
Bir vaxt vardı..
baş qoyunca yastığıma,
hər gecə        
bölüşərdim sevincimi, nisgilimi milçəklə...
Toplaşaraq yatağımın dörd yanına,
ah necə
sevinərdi hər suala cavab alan 
sisəylər!..
Bir vaxt vardı..     
qar yağardı... 
           
naçar dənəciklərin                  
hər ölümə enişində mən də haray 
çəkərdim!..
Bir vaxt vardı danışardım dilində çiçəklərin..
Necə oldu unutdum bəs?!
Necə oldu?!..
bilmədim!

5 Kasım 2011 Cumartesi

Mini-şeirlər



*
Biz sevmirdik.
Yorğun ürəklərimizlə sevişirdik.

Həyat
Cavabsız suallarla dolu,
Duyğular - qarşılıqsız.
Boşluq qalib gəlir.

Ağlama.

Gözəllərin
göz yaşına kimsə inanmaz.
*
Saçlarına günəş qonub.
Əllərində
yay ətri var.
Gözlərindəki sükutu
darmadağın etmək,
dilində gizlənmiş
sözləri
eşitmək üçün
neyləyim...
*
Səni
düşünməmək üçün
kağızları masaya töküb
yazıram.
Amma
hər sözdə
sən görünürsən...
*
Ürəyimi riqqətə gətirən
sözlər,
səslər,
hislər,
günümün hörüldüyü daha nələr...
Xoşbəxtəm, deyə bilərəm.

Zaman
gülür...
*
Neynirsiz başdaşılarında
adları, fotoları...
O dünyaya giriş üçün
ruhlara ad gərək deyil...
*
Gözlərini oxuduqca,
yadlaşırsan...
*
Adın şeirə bənzər,
xəfif külək kimi
dodaqlarıma toxunar,
hər dəfə
səni xatırlayarkən...

Sima, 2011

31 Ağustos 2011 Çarşamba

Yayın son günü



(şəklin altındakı yazı: 31 avqust - yay arzularının doğrulmadığı gün) :)

Bu da yayın son günü.
İncikliklər avqustda qaldı,
Göz yaşları – iyulda.
İyundan danışmağa dəyməz –
Sürəti ilə heç nə yadımda saxlamadı.

Bu da payız.
Payızın sevincli,
Sevgili olacağı
Ümidinə qısılıb qızınıram,
Pişiklərin
Günəş ləkəsinə sığındığı kimi...

Danmıram.
Unutmağa hazıram.
Küləkli havada eşiyə çıxıb
Duyğularımı,
Göz yaşlarımı,
Özünü doğrultmayan arzularımı
Küləyə atmaq istərəm.
Saralmış yarpaqlar arasında
Uçuşan xatirələri görsən,
Gülmə.
Adının hərfləri,
Səsinin tonu,
Deyilməmiş nə qədər söz var
Bu xatirələrdə -
Qalsınmı, uçsunmu
Payızla birgə...

Sözsüz mahnıların zamanı gəldi...

Sima, 2011

15 Ağustos 2011 Pazartesi

Müasir yapon poeziyası. Şizuko Kavakami (1971)



“Sevən bədən” kitabından seçmə şeirlər
*
Cırr... cırr...
Bədənim cırıldayır
Pas atmış qapı cəftəsi kimi...
- Dilimin altına yağ tök!
*
Bundan sonra
Heç vaxt buraxmamaq üçün
Əlini bərk-bərk sıxıb durmuşam -
Bu kişi mənimdir,
Onu təzə tapmışam!
*
Off, elə istəyirəm ki... –
Bunu etiraf etmək asan deyildir.
Amma istəyirəm.
Qürurum qoymur deyəm.
*
Kəmşirin nar dənələrini
Ağzıma atıb
Dilimlə onları oynadıb
Marçıldadaraq
Dişlərimlə sıxmaq, sıxmaq istərəm...
*
Harasa tələsən zaman
Işlərin düz gətirməyəndə
Uzaqdan
Hər yaraşıqlı kişi
Arxadan
Tanış gəlir...
*
Qıcıq fikirlər
Dəri altında oynayır sanki.
Hey dəcəllik edir, heç sakitləşmir.
Bəlkə, qeyd-şərtsiz sevdiyimdəndir?
Bəlkə, özümü məhv etməkdəndir...
*
Nə istəsəm, onu da edəcəm.
Əllərimə hər şey tabedir.
*
Görürəm,
Cücəmin kefi yaxşıdır.
Yaman ərköyündür –
Dən əvəzinə
Dilimi istər...
*
Dözə bilmirəm.
Bir söz de mənə!
Dilindən qopan hər sözü
əzizləmək istərəm...
*
Sus. Qımıldama.
Nə bir səs olsun, nə bir jest.
Niyə anlamırsan axı!
Dağın zirvəsindən
Lərzə yaxınlaşır...

Tərtib etdi: Sima Ənnağı

25 Haziran 2011 Cumartesi

Müasir poeziyamızdan. Rəbiqə Nazimqızı



Kim bilir nə qədər qalır...


Kim bilir nə qədər qalır

Torpağı qucaqlamağa.

Quma, havaya köçməyə,

Yağış olub ağlamağa...



Mən də bilmirəm, birdənəm,

Hardadı Tanrının yeri.

Bilmirəm necə oxuyum

Ona yazdığım şeiri...



O da yaman qısqanc imiş,

istəmirdi biz görüşək...

Sənimi sevdi, mənimi –

necə soraqlayaq bilək.



Gizlədi səndən üzümü,

səsini qıymadı mənə.

Bir əlamət, bir işarə,

nişanə qoymadı mənə...



Özün tapdın, özün məni

özün tapdın əllərimi...



amma kim bilir nə qalır

Torpağı qucaqlamağa...

Quma, havaya köçməyə,

Yağış olub ağlamağa...



Əlimdən tutsan, birdənəm,

tutaram, saxlaram səni.

Sözdən kağıza köçürrəm,

kitaba bağlaram səni...

http://www.azadliq.org

18 Şubat 2010 Perşembe

Poeziya və Zen


(qaynaq: http://stupeni.irk.ru)

Poeziya və Zen - əksəriyyət üçün birmənalı görünmür, Poeziya zərif, anlaşılmayandır, Zen – qavrayış üçün mürəkkəbdir. Bir qədər sadələşdirmək üçün, gəlin, poeziya barəsində şüurun azad edilməsi baxımından, daha dəqiq desək, şüurun inkişafı baxımından danışaq.
“Şüur” terminini aydınlaşdıraq. Ətraf mühit var və biz, ayrı-ayrı varlıqlar varıq. Bütün dünya hər birimizin təsəvvüründə inikas olunur. Varlıq mürəkkəb sistemdir, onun dünyanı qavrayan, yəni kənardan daxil olan informasiyanı emal edən, qərar qəbul edən və bu qərarlara görə fəaliyyət göstərən daxili sistemlərindən birini şüur adlandıraq. İnformasiyanın qəbulu və emalı fərqli ola bilər, lakin onların hamısı şüurun elementləridir. Şüurun qeyri-azadlığı – informasiya qəbulunun və emal metodlarının hansısa xarici, kənar qanunlara tabe olması deməkdir. Belə qanunlara, məsələn, cəmiyyətin müxtəlif norma və qaydaları, dəyərləri, yəni mədəniyyəti aiddir. Dini və ya elmi mülahizələr və fikirlər, dövlət ideologiyası və s. də bura daxildir.Bütün bunlar, yəni əxlaqi çərçivələr şüurun başqa varlıqlara ziyan gətirə biləcək qərarlarının qarşısını almaq üçündür. Şüur öz inkişafında elə səviyyəyə çata bilər ki, artıq kiməsə zərərverən qərarlar qəbul etmək onun “ağlına gəlməz”. Bu zaman şüur onu tənzimləyən xarici qanunlardan azad olar, çünki bu qanunlar şüurun inkişafına mane olmağa başlayar.
Mədəniyyətin elementlərindən biri dildir. Adətən fikirlərimiz dilin elementləri – sözlər vasitəsilə çatdırılır, lakin sözlərin sayı dildə məhdud olduğundan, şüur, informasiyanın daxil olduğu andan məhdudlaşır, yəni, daxil olan məlumatları tam qavramağa və emal etməyə söz çatmadığına görə, informasiyanın müəyyən hissəsi itir.
Bununla əlaqədar, poeziyanı dilin “genişlənməsi” vasitəsi kimi təsəvvür etmək olar, yəni yeni termin və yeni anlayışlar yaratmadan, sadəcə onların qarışığından törəmiş yeni elementlər vasitəsilə şüur inikas etdiyi informasiyanı emal edə bilir. Poeziyanın öz qanunları var, amma bu qanunların təbiəti başqadır. Belə çıxır ki, ədəbi əsərin əsasında söz deyil, informasiya dayanmalıdır, elə bir informasiya ki, onu sadəcə sözlə ifadə etmək çətindir, ya da mümkün deyil. Əgər əsərdə belə informasiya yoxdursa, demək, əsər də yoxdur, sadəcə söz toplusu var. Bütün ədəbi fəndlər (üsullar) vasitədir, əsla əsərin məqsədi deyil, lakin bu vasitə oxucunu məcbur edir ki, ona təklif edilən informasiyanı dərk etmək üçün müəyyən halətə düşsün.
Yaradıcılığın məqsədi əsər deyil. Əsər nəticə deyil. Nəticə - şüurun genişlənməsidir, yəni ətraf dünyanı az da olsa, daha yaxşı anlamaq, dərk etməkdir, ətrafda baş verən prosesləri daha “incə duymaqdır”.
Və burda həqiqətən yaxşı əsəri hər cür cəfəngiyyatdan ayırmaq üçün bir neçə meyar yaranır. Birinci meyar – əsərdə başqa üsulla ötürülə bilməyəcək informasiyanın olması. Əgər şeiri başqa sözlərlə nəql etmək mümkündürsə, onda o şeir nəyə lazımdır? Əgər informasiya elə təqdim edilir ki, oxucu onu oxumadan yan keçə bilmir, demək, qarşımızdakı əsl şeir nümunəsidir.
Burda çox incə məqam var. Fərqli inkişaf mərhələsində şüur, eyni informasiyanı fərqli qavrayır, emal edir. “Mədəni” qanunlarla məhdudlaşan şüurun informasiya qəbulu bu qanunlarla məhdudlaşdırılır. Konkret şüur bu “mədəni” qanunları nəzərə almayacaq dərəcədə inkişaf etməyincə, azad olmayınca, o yalnız dünyanın bir parçasını görəcək, özü də şüur üçün təhlükəsiz parçasını.
Bəzən deyirlər ki, “bu əsər məni tutur, cəlb edir”. Bu o deməkdir ki, informasiyanın bir qismi şüur üçün artıq təhlükəsiz olub və həmin məlumat mədəni qanunlar səddindən “hoppanıb” keçsə də, bunu bütün əsərə aid etmək olmur. “Əsər məni cəlb edir” – bu yanaşma əsəri qiymətləndirməyə yaramır, lakin mədəni qanunlar məngənəsində olan şüur üçün başqa meyar yoxdur.
Olur ki, müəllifin özü “mədəni” qanunların əsiridir, bu çərçivədə onun yazdığı və yazacağı nə varsa, mədəni qanunlarla məhdudlaşır, istənilən əsərin məğzi sayılan informasiya natamam, naqis olur, informasiya mədəniyyətin sərt çərçivələrində dondurulur və yalnız “kimisə cəlb etməsi” ilə maraqlıdır. Bu, çıxılmaz vəziyyətdir. Bu, öz keçmişinə, xatirələrdən həzzə qayıdışdır. Bu, poetik əsərin oxucu şüurunun inkişafı baxımından deyil, əyləncə baxımından qavranmasıdır. Bu baxımdan, belə şeir – poeziya deyil.
Özünüzə sual verin: şeiri oxuyarkən, nə əldə etmək istəyirsiz? Vaxt öldürürsüz, xoş emosiyalar duyursuz (özü də bu emosiyalar hansısa xarici qanunların icazə verdiyi emosiyalardır, və demək ki, sizin deyil)? Əgər siz şeir oxumağı öyrənmək və yeni informasiya gətirən şeiri başa düşmək istəyirsinizsə, sadəcə bunu dərindən istəmək lazımdır...
Çevirdi: Sima Ənnağı